“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə Xidməti haqqında Əsasnamə”nin “Müqavilə əsasında Dövlət Mühafizəsi ilə təmin olunmalı obyektlərin Siyahısı” qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 fevral 2008-ci il
1. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binaları və onların tabeliyində olan obyektlər.
2. Mühafizə olunan şəxslərin yaşadıqları ev və mənzillər.
3. Xüsusi nəqliyyat vasitələrinin saxlandığı yerlər.
4. Azərbaycan Respublikasının hüquq mühafizə və məhkəmə orqanlarının, onların tabeliyində olan şəhər və rayon orqanlarının inzibati binaları.
5. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, mərkəzi təşkilatlarının və təsisçisi dövlət orqanları olan respublika əhəmiyyətli səhmdar cəmiyyətlərinin inzibati binaları, onların tabeliyində olan təşkilat və müəssisələr və digər dövlət müəssisələri.
6. Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Məhkəmə-Hüquq Şurasının aparatlarının inzibati binaları.
7. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları.
8. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti, onların şəhər və rayon filialları, bank xəzinələri, ödəniş məntəqələri, qiymətli kağızlar saxlanılan yerlər və valyutadəyişmə məntəqələri, pul vəsaitləri saxlanılan özəl banklar.
9. Dövlət əhəmiyyətli muzeylər, kitabxanalar, arxivlər, tarixi-mədəni və təbiət qoruqları, memarlıq kompleksləri.
10. İxrac neft və qaz boru kəmərləri və onların infrastruktur obyektləri.
11. Silah, döyüş sursatı, partlayıcı maddə və materiallar istehsal edilən və saxlanılan obyektlər.
12. Mikrobiologiya və əczaçılıq sənayesi obyektləri, həmçinin narkotik vasitələr, zəhərli maddələr, güclü təsiredici zəhər və kimyəvi məhsullar, psixotrop maddə və preparatlar emal olunan və saxlanılan obyektlər.
13. Qiymətli metallar və qiymətli daşlar çıxarılan və saxlanılan yerlər, onların qəbulunu və satışını həyata keçirən obyektlər.
1. 30 iyul 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 610)
2. 31 mart 2014-cü il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 322)
3. 25 avqust 2022-ci il tarixli 337 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1024)