Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2015-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra — Şura) istisna olmaqla, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən müəyyən edilmiş siyahıda göstərilən qurumlar (bundan sonra — dövlət orqanları) tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) ilə razılaşdırılması qaydasını tənzimləyir.
1.2 Qrant verilməsinin Şura ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fond ilə razılaşdırılması dedikdə, dövlət orqanları tərəfindən verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuların qiymətləndirilməsi və bu qrantlara dair Şuranın rəylərinin, gənclər siyasəti sahəsində isə Şuranın və Fondun rəylərinin həmin dövlət orqanlarına bildirilməsi başa düşülür.
1.3. Şura dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin razılaşdırılması haqqında, gənclər siyasəti sahəsində verilən qrantlara dair Fondun məlumatlarını nəzərə almaqla, Azərbaycan Respublikasının Prezidentinə, habelə mediaya ildə bir dəfədən az olmayaraq ümumiləşdirilmiş məlumat verməlidir.
2.1. Dövlət orqanları növbəti il ərzində keçiriləcək müsabiqələr və qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə aşağıdakı məlumatları hər il dekabrın 30-dək Şuraya təqdim edirlər:
2.1.1 il ərzində keçiriləcək müsabiqələrin sayı;
2.1.2. hər bir müsabiqənin keçirilməsinin təxmini tarixi;
2.1.3. hər bir müsabiqəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
2.1.4. hər bir layihəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
2.1.5 maliyyələşdirilməsi nəzərdə tutulan mövzular;
2.1.6. üstünlük verilən mövzular;
2.1.7. iştirakçı təşkilatlara dair tələblər;
2.1.8. mövzular üzrə üstünlük verilən inzibati ərazi vahidləri (olduğu halda);
2.1.9. qrant müqaviləsi (qərarı) üzrə tədbirləri şərtləndirən hüquqi akt, fəaliyyət planı (olduğu halda).
2.2. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş məlumatlarda dəyişiklik olduqda, müvafiq dövlət orqanı dəyişikliyi əks etdirən məlumatı Şuraya təqdim edir.
2.3. Dövlət orqanları gənclər siyasəti ilə bağlı müsabiqələr və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən məlumatları, həmçinin Fonda təqdim etməlidirlər.
3.1. Şura bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş məlumatları aldıqdan sonra 20 iş günü müddətində müsabiqələrin tarixləri və maliyyələşdirilməsi nəzərdə tutulan mövzular barədə dövlət orqanlarının təkliflərinin müqayisəli təhlilini aparır.
3.2. Mövzuları qiymətləndirərkən, Şura həmin mövzuların onları təklif etmiş dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu da nəzərdən keçirir.
3.3. Şura məlumatı təqdim etmiş dövlət orqanlarına 10 iş günü müddətində qiymətləndirmənin nəticələri barədə yazılı rəy göndərir.
3.4. Şuranın rəyində aşağıdakılar göstərilməlidir:
3.4.1. dövlət orqanları tərəfindən müsabiqələrin keçirilməsi tarixlərinə dair Şuranın qeydləri;
3.4.2. növbəti il ərzində maliyyələşdirilməsi nəzərdə tutulan mövzuların qiymətləndirilməsinin nəticələri.;
3.4.3. bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş məlumatlara dair Şuranın əsaslandırılmış qeydləri.
3.5. Şuranın təqdim edilmiş mövzuların başqa mövzularla əvəz edilməsinə dair əsaslandırılmış təkliflər vermək hüququ vardır.
3.6. Gənclər siyasəti sahəsində müsabiqələrin və qrant vasitəsilə maliyyələşdirilən mövzuların qiymətləndirilməsi Fond tərəfindən bu Qaydanın 3.1–3.5-ci bəndlərinə uyğun olaraq həyata keçirilir.
4.1. Dövlət orqanı müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə aşağıdakı məlumatları ərizələr qəbul olunduqdan sonra 10 iş günü müddətində Şuraya (gənclər siyasəti ilə bağlı keçirilən müsabiqələrə münasibətdə isə həmçinin Fonda) təqdim edir:
4.1.1. müsabiqəyə layihəni təqdim etmiş qeyri-hökumət təşkilatının adı, qeydiyyat nömrəsi və tarixi, hüquqi ünvanı, dövlət reyestrindən çıxarışın nömrəsi və tarixi, qeyri-hökumət təşkilatının rəhbəri barədə məlumat;
4.1.2. qeyri-hökumət təşkilatının qrant almaq üçün təqdim etdiyi layihənin adı, məzmunu, həyata keçiriləcəyi ərazi, layihənin müddəti, layihə üzrə görüləcək işlər, layihənin həyata keçirilməsi üçün tələb olunan məbləğ və gözlənilən nəticələr;
4.1.3. müsabiqəyə təqdim olunmuş layihələrdən üstünlük verilənləri və onlara dövlət orqanı tərəfindən verilməsi nəzərdə tutulan qrantın məbləği.
4.2. Şura bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş məlumatları aldıqdan sonra 10 iş günü müddətində qeyri-hökumət təşkilatları və onların təqdim etdikləri layihələr barədə rəyini dövlət orqanına təqdim edir.
4.3. Dövlət orqanı Şuranın gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Fondun bu Qaydanın 3.3-cü və 4.2-ci bəndlərində göstərilmiş rəylərini nəzərə alır və həmin rəylər müsbət olduqda qrant ayırır.
4.4. Şura bu Qaydanın 3.3-cü və 4.2-ci bəndləri ilə müəyyən edilmiş müddətdə rəyini dövlət orqanına təqdim etmədikdə, dövlət orqanının müəyyənləşdirdiyi müsabiqə tarixləri, maliyyələşdirilməsi nəzərdə tutulan mövzular və qrantların verilməsi razılaşdırılmış hesab olunur.
4.5. Bu Qaydanın 4.2-ci və 4.4-cü bəndlərinin müddəaları Fonda da şamil edilir.
10 dekabr 2018-ci il tarixli 391 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2018-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2548)
30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI