“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” 2018-ci il 6 noyabr tarixli 325 nömrəli, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2019-cu il 22 fevral tarixli 545 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
1. “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinətəqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il “23” iyun tarixli 3-27/3-7-4/2023 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər” (bundan sonra - Texniki tələblər) dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının (bundan sonra - qurum) dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi, habelə elektron (rəqəmsal) xidmətlərin təşkili və göstərilməsi üçün istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələbləri müəyyən edir.
1.2. Bu Texniki tələblərin məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.2.1. arxitektura – texnoloji avadanlığın və ya proqram təminatının ümumi dizaynı, habelə komponentləri arasında məntiqi və fiziki qarşılıqlı əlaqənin təsviri;
1.2.2. ehtiyat nüsxənin çıxarılması – məlumatların itirilməsi, silinməsi və ya məhv olması halında bərpa edilməsi məqsədilə surətinin çıxarılması;
1.2.3. istismar mühiti – proqram təminatında və ya texnoloji avadanlıqda real əməliyyatların həyata keçirildiyi istifadə mühiti;
1.2.4. funksionallıq – proqram təminatında müəyyən bir tapşırığı icra etmək üçün yerinə yetirilə bilən əməliyyatlar toplusu;
1.2.5. funksionallıq testi – proqram təminatının müəyyən edilmiş funksionallıq tələblərinə və arxitektura dizaynına uyğunluğunun yoxlanılması məqsədilə aparılan fəaliyyət;
1.2.6. lisenziya – proqram təminatının avtorizə edilmiş istifadəsinə icazə verən sənəd;
1.2.7. mənbə kodu - proqram təminatının hazırlanması üçün proqramlaşdırma dilində və proqramlama mühəndisi tərəfindən oxuna biləcək şəkildə tərtib olunmuş kodlar ardıcıllığı;
1.2.8. proqram təminatı – informasiya prosesləri üçün müəyyən tapşırıqları yerinə yetirən kodlaşdırılmış proqramlar toplusu;
1.2.9. test ssenarisi – keçiriləcək testlərin əhatə dairəsini, metodologiyasını və test obyektinin yoxlanılma ardıcıllığını müəyyən edən plan;
1.2.10. test mühiti – proqram təminatının və ya texnoloji avadanlığın istismara verilməzdən öncə test edilmə mühiti;
1.2.11. texniki dəstək səviyyəsi – proqram təminatının və ya texnoloji avadanlığın tam işlək vəziyyətdə olmasını təmin etmək məqsədilə göstərilən texniki dəstək xidmətinin şərtləri, vaxtları və s. parametrlər üzrə müəyyən edilmiş səviyyəsi;
1.2.12. texnoloji avadanlıq – informasiya prosesləri zamanı istifadə edilən və fəaliyyəti hesablama texnikasına əsaslanan vasitə;
1.2.13. texnoloji komponent – proqram təminatının və ya texnoloji avadanlığın formalaşdırılması və istismarı üçün zəruri olan və onun ayrılmaz hissəsi hesab olunan elementi;
1.2.14. təhlükəsizliyin qiymətləndirilməsi testi – proqram təminatında və ya texnoloji avadanlıqda təhlükəsizlik tələblərinə uyğunluğu yoxlamaq, o cümlədən təhdidləri, zəiflikləri (boşluqları) və digər uyğunsuzluqları, habelə riskləri aşkar etmək və hücumlara (OWAS TOP 10) davamlılıq testlərini aparmaq məqsədilə həyata keçirilən fəaliyyət.
1.3. Bu Texniki tələblərdə istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda müəyyən olunmuş mənaları ifadə edir.
1.4. Bu Texniki tələblər əldə edilməsi məhdudlaşdırılmış informasiyanının (bu Texniki tələblərin 1.5-ci bəndinə əsasən dövlət sirri istisna olmaqla) yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı və yayılmasını təmin edən texnoloji avadanlığa və proqram təminatına həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.
1.5. Bu Texniki tələblər mühafizə olunan şəxslər, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən istismarı, habelə dövlət sirri təşkil edən məlumaların işlənilməsi və qorunan obyektlər üzrə istifadəsi nəzərdə tutulan texnoloji avadanlığa və proqram təminatına şamil olunmur.
1.6. Qurumların istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair bu Texniki tələblərin 2 və 3-cü hissələrində nəzərdə tutulan tələblər qurum tərəfindən təmin edilir.
2.1. Texnoloji avadanlığın texniki göstəriciləri və xüsusiyyətləri onun əldə edilməsindən əvvəl müəyyən olunmalı və sənədləşdirilməlidir.
2.2. Texnoloji avadanlığın istismar şəraiti və rejimləri həmin avadanlığın əldə edilməsindən əvvəl müəyyən olunmalı, eləcə də qurumun və ya istehsalçının (təchizatçının) həmin avadanlığa dair müəyyən etdiyi tələblərdə öz əksini tapmalıdır.
2.3. Texnoloji avadanlığın istismarında digər avadanlıqlarla inteqrasiyası üçün tələblər həmin avadanlığın əldə edilməsindən əvvəl müəyyən olunmalı və təmin edilməlidir.
2.4. Texnoloji avadanlıq ən azı bir il zəmanətlə əldə olunmalıdır.
2.5. Texnoloji avadanlığın istismara qəbulu prosesi müəyyən edilməli və sənədləşdirilməli, o cümlədən təhlükəsizliyin qiymətləndirilməsi testləri keçirilməli, nəticələr sənədləşdirilməli və testlərin nəticəsində tapılan zəifliklərin (boşluqların), təhdidlərin və digər uyğunsuzluqların, habelə risklərin aradan qaldırılması təmin edilməlidir.
2.6. Texnoloji avadanlığının konfiqurasiyası istismar mühitinə buraxılmazdan əvvəl istehsalçının (təchizatçının) və (və ya) beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla gücləndirilməlidir. Gücləndirmiş konfiqurasiyasının tamlığı periodik yoxlanılmalı və nəticələr sənədləşdirilməlidir.
2.7. Texnoloji avadanlığa texniki xidmət göstərən, eləcə də onu istismar və ya istifadə edən aidiyyəti şəxslərin qurum və ya istehsalçı (təchizatçı) tərəfindən hazırlanmış texnoloji avadanlığın saxlanılması, istismarı və istifadəsi ilə bağlı təlimatlarla tanış olması təmin edilməlidir.
2.8. Texnoloji avadanlığın saxlanıldığı və təhlükəsizliyinə riski yarana bilən infrastruktur komponentlərinə girişə nəzarət olunmalı, o cümlədən həmin komponentlər şəxslərin asanlıqla və icazəsiz daxil ola bilməyəcəyi şəkildə quraşdırılmalıdır.
2.9. Texnoloji avadanlığın komponentlərinin dəyişdirilməsi informasiya sisteminin və ya ehtiyatının, elektron (rəqəmsal) xidmətlərin, habelə telekommunikasiya şəbəkəsinin qurum və ya istehsalçı tərəfindən müəyyən edilmiş maksimal məqbul dayanma müddətləri aşılmadan həyata keçirilməlidir.
2.10. Texnoloji avadanlığın istismarı müddətində texniki dəstək səviyyələri və onların göstərilmə prosesi müəyyən edilərək sənədləşdirilməlidir.
2.11. Texnoloji avadanlığın fəaliyyətinin dayandığı hallar üçün alternativ fəaliyyət üsulları müəyyənləşdirilməli və sənədləşdirilməlidir.
2.12. Texnoloji avadanlığa istehsalçı (təchizatçı) tərəfindən dəstək dayandırıldıqda onun istismardan çıxarılması planı tərtib edilməlidir.
2.13. Texnoloji avadanlıq üçün yanğın, sel, zəlzələ, ildırım, partlayış və digər təhlükələrə (fəlakətlərə) qarşı zəruri tədbirlər görülməli və sənədləşdirilməlidir. İnformasiya sisteminə və ya ehtiyatına, habelə telekommunikasiya şəbəkəsinə gələn telekommunikasiya və elektrik xətlərinin kəsilməsinin və ya zədələnməsinin qarşısını alacaq şəkildə mühafizə təmin edilməlidir.
2.14. Texnoloji avadanlığın utilizasiyası (istismardan çıxarılması) və ya təyinatının dəyişdirilməsi onda saxlanılan məlumatların bərpasına imkan verməyəcək üsullarla həyata keçirilməlidir.
2.15. Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan, yaxud konfidensial informasiyanın işlənilməsinin həyata keçirildiyi informasiya sistemlərində və ehtiyatlarında, həmçinin belə sistemlərin və ehtiyatların informasiyanı mühafizə vasitələrində istifadə olunan texnoloji avadanlıqlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq sertifikatlaşdırılır.
3.1. Proqram təminatına dair tələbat onun əldə edilməsindən əvvəl müəyyən olunmalı və bu məqsədlə aşağıdakı tədbirlər görülməlidir:
3.1.1. proqram təminatının tətbiq sahəsinə aid edilən proseslər dəqiqləşdirilməlidir;
3.1.2. tələbat aşağıdakı məlumatları ehtiva etmək şərtilə, sənədləşdirilməli və həmin sənədlərə proqram təminatının validasiyası (proqram təminatının qurumun tələbatına uyğunluğunun müəyyənləşdirilməsi) zamanı istinad olunmalıdır:
3.1.2.1. proqram təminatından gözləntilər (nəzərdə tutulan funksional imkanlar və səmərə);
3.1.2.2. proqram təminatı üçün nəzərdə tutulan tətbiq sahəsi və mühit, habelə proqram təminatından istifadə edəcək subyektlər;
3.1.2.3. proqram təminatına dair tələblər;
3.1.2.4. proqram təminatı ilə əlaqədar risklər və kritik məqamlar.
3.2. Proqram təminatı ilə bağlı funksionallıq və təhlükəsizlik üzrə texniki şərtlər və texniki tapşırıqlar (həllər toplusu) onun əldə edilməsindən və yaxud hazırlanmasından əvvəl müəyyən olunmalı, eləcə də aşağıdakı məlumatları ehtiva etmək şərtilə, sənədləşdirilməli və həmin sənədlərə proqram təminatının eskiz və texniki layihə sənədləri üçün istinad olunmalıdır:
3.2.1. təyinata dair tələblər;
3.2.2. konfiqurasiyaya və arxitekturaya dair tələblər;
3.2.3. istifadə olunan məlumatların növünə, həmin məlumatların əlçatanlığına, tamlığına və konfidensiallığına dair tələblər;
3.2.4. funksionallığa dair tələblər;
3.2.5. potensial imkan və praktiki səmərəlilik səviyyələri üzrə aşağıdakı tələblər:
3.2.5.1. istifadə olunan verilənlərin siyahısına və formatlarına, informasiya resurslarının strukturuna, eləcə də onlar üçün yaddaşın həcminə dair tələblər;
3.2.5.2. proqram təminatından istifadə edənlərin sayına və kateqoriyasına dair tələblər;
3.2.5.3. informasiya proseslərinin, proqram təminatının icra əməliyyatlarının, həmçinin verilənlər axınının həcminə və sürətinə dair tələblər, o cümlədən proqram təminatı ilə sorğuların tərtib olunma, yoxlanılma, göndərilmə, qəbul olunma, icraya verilmə, icra olunma, nəticəni yoxlama və təqdimetmə üzrə sürət hədlərinə dair tələblər;
3.2.6. proqram təminatının istismarında iştirak ilə bağlı onun modulları üzrə səlahiyyətlər bölgüsünə dair tələblər;
3.2.7. təhlükəsizliyə və davamlılığa (dayanıqlılığa) dair tələblər və risklər;
3.2.8. qeydiyyat jurnallarında aparılan qeydlərin (loqların) çeşidinə dair tələblər;
3.2.9. proqram və kompüter – server – şəbəkə arasındakı interfeyslərə dair tələblər;
3.2.10. erqonometriyaya dair tələblər;
3.2.11. təhvil-təslim işlərinə dair tələblər;
3.2.12. instalyasiya və inteqrasiya (o cümlədən digər proqram təminatı, elektron (rəqəmsal) xidmət, telekommunikasiya şəbəkəsi, informasiya ehtiyatı və sisteminə qoşulma) işlərinə dair tələblər, habelə qeyd edilən işləri icra edən üçüncü tərəflərə dair tələblər;
3.2.13. istismara və texniki xidmət (qulluq) işlərinə (o cümlədən yenilənməsi halında proqram təminatının istismar davamlılığının təmin edilməsinə) dair tələblər;
3.2.14. istifadəçilərin istifadə səviyyəsinə və iştifadəçi təlimatlarına dair tələblər.
3.3. Proqram təminatının arxitekturası ilə bağlı tələblər onun əldə edilməsindən əvvəl hazırlanmalı və sənədləşdirilməlidir. Bu arxitektura məlumatların təhlükəsiz formada yaradılması, yığılması, işlənilməsi, saxlanılması, axtarışı və yayılmasına imkan verməlidir.
3.4. Proqram təminatının işlənib hazırlanması üçün onun eskiz və texniki layihə sənədləri müəyyən edilməli və aşağıdakı məlumatları ehtiva etmək şərtilə, sənədləşdirilməlidir:
3.4.1. arxitekturanın ilkin versiyası;
3.4.2. konfiqurasiya komponentlərinin, parametrlərinin və əlaqələrin təsvirinin ilkin versiyası;
3.4.3. proqram təminatı komponentlərinin siyahısı və təyinatları, eləcə də iş axını və alqoritmlərin ilkin versiyası;
3.4.4. verilənlər bazalarının strukturlarına dair tələblər və məlumat axınının ilkin versiyası;
3.4.5. istifadəçi interfeyslərinin təyinatı və təsviri, o cümlədən erqonometrik faktorlar;
3.4.6. informasiya təhlükəsizliyi siyasətinə dair tezislər;
3.4.7. istismar təlimatlarına dair tezislər;
3.4.8. instalyasiya və inteqrasiya işlərinə dair tezislər;
3.4.9. verifikasiya və validasiya üzrə test-ssenarilərin ilkin versiyası.
3.5. Proqram təminatının texniki tapşırıqlar toplusu, eskiz və texniki layihə sənədləri, test ssenariləri ekspertiza olunmalı və qurum (və ya qurumun müəyyən etdiyi şəxs) tərəfindən təsdiq edilməlidir.
3.6. Proqram təminatı etibarlı mənbələrdən (istehsalçının müəyyən etdiyi) əldə olunan lisenziyalı (ödənişli və ya ödənişsiz) texnoloji komponentlərdən ibarət olmalıdır. Proqram təminatının məxfiliyini, mühafizəsini, bütövlüyünü və əlçatanlığını təmin etmək üçün kompüter virusları, qurdlar, troyan atları və sair zərərli kodlara qarşı lazımi tədbirlər görülməlidir. İnformasiya təhlükəsizliyi siyasətinə zidd olaraq lisenziyasız proqram təminatının istifadəsinə icazə verilməməlidir. Xarici şəbəkələr vasitəsilə fayl və ya proqram təminatının yüklənilməsi və istifadə edilməsində tətbiq olunacaq təhlükəsizlik tədbirləri müəyyən edilməlidir.
3.7. Proqram təminatının hazırlanmasında və istismarında istehsalçı tərəfindən dəstəklənə bilinən texnoloji komponentlər istifadə edilməlidir.
3.7-1. Proqram təminatının hazırlanması və istismarı zamanı Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” 2023-cü il 1 avqust tarixli 2279 nömrəli və “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanlarına uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS), EHİS-in Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi (elektron sənəd dövriyyəsi sistemlərinə münasibətdə) və “Normativ hüquqi aktlar” informasiya sisteminə (normayaratma fəaliyyətinin elektron qaydada həyata keçirilməsinə münasibətdə) inteqrasiya imkanı təmin edilməlidir.
3.8. Proqram təminatının hazırlanmasında mənbə (ilkin) kodları ilə əlaqədar olan aşağıdakı təhlükəsizlik prinsipləri təmin edilməlidir:
3.8.1. proqram təminatında icazələrin səlahiyyətlər üzrə bölgüsü nəzərdə tutulmalıdır;
3.8.2. proqram təminatında təsadüfi dəyişikliklərin istisna edilməsi, yaxud təsdiq (qəbul) edilməmiş və bəyan olunmamış funksional imkanların olmasının, həmçinin tətbiqinin qarşısını almaq üçün mənbə kodunun mətninə və onunla bağlı olan kontentlərə (layihələrə, spesifikasiyalara və planlara) müraciətlər, icazələr, cəhdlər və digər hərəkətlər müvafiq qeydiyyat jurnallarında qeyd edilməlidir (loqlanmaldır);
3.8.3. proqram təminatının mənbə kodu istismara təqdim olunanda onun tamlığına istehsalçı (təchizatçı) tərəfindən təminat verilməli, bunun üçün əlavə yoxlama (hash, checksum və s.) alətləri tətbiq edilməlidir.
3.9. Proqram təminatının təhvil alınması və istismara verilməsi üçün onun formalaşdırılması prosesində hazırlanan aşağıdakı sənədlər təmin edilməlidir:
3.9.1. dizayn sənədləri;
3.9.2. proqram təminatı komponentlərinin, parametrlərinin və əlaqələrin baza vəziyyətinin inventar uçotu;
3.9.3. istifadəçi təlimatları;
3.9.4. inzibatçı təlimatları (ilk versiya);
3.9.5. quraşdırılma, sazlanma və texniki xidmət üzrə təlimatlar;
3.9.6. təhlükəsizlik və funksionallıq testləri üzrə ssenarilər və testlərin nəticələri, o cümlədən uyğunsuzluqlar barədə hesabat;
3.9.7. mənbə kodlarının saxlanma yeri və mənbə koduna təhlükəsiz giriş üçün təlimat (hazır həllər istisna olmaqla).
3.10. Təhlükəsizlik insidenti, o cümlədən qəza və ya xəta baş verdikdə itirilmiş, silinmiş və ya məhv olmuş məlumatların və proqram təminatının bərpa olunması üçün ehtiyat nüsxəsinin çıxarılması təmin olunmalıdır. Ehtiyat nüsxəsi alınacaq məlumatlar və proqram təminatı üçün ehtiyat nüsxənin saxlama müddəti, növü və kritiklik səviyyəsi müəyyən olunmalıdır. Proqram təminatının istismarı müddətində yaradılan məlumatların ehtiyat nüsxələrinin çıxarılması və bərpası prosesi müəyyən edilməli və sənədləşdirilməlidir.
3.11. Proqram təminatının funksionallığının dayanmasına səbəb olan təhlükəsizlik insidentlərinin baş verdiyi hallarda bu funksionallığın bərpa edilmə müddəti və həmin müddət ərzində istifadə ediləcək alternativ üsullar (vasitələr) öncədən müəyyənləşdirilməli və sənədləşdirilməlidir. Bərpa müddəti və alternativ üsullardan (vasitələrdən) istifadəyə keçid müddəti proqram təminatının funksional davamlılığı üçün qurum və ya istehsalçı tərəfindən müəyyən edilmiş maksimal məqbul dayanma müddətlərinin aşılmasına səbəb olmamalıdır.
3.12. Proqram təminatının istismarı müddətində texniki dəstək səviyyələri və onların göstərilmə prosesi müəyyən edilməli, planlaşdırılmalı və sənədləşdirilməlidir. Bu texniki dəstək proqram təminatının tamlığını və bu tamlığa nəzarəti, o cümlədən bununla bağlı konfiqurasiyaların və versiyaların idarə olunmasını təmin etməlidir.
3.13. Proqram təminatının istismardan çıxarılması və ya yenisi ilə əvəzlənməsi üzrə təlimat hazırlanmalıdır. Proqram təminatının versiyaları təhlükəsizlik insidentlərinə cavabvermə və araşdırma üzrə tədbirlərin görülməsi üçün qorunub saxlanılmalı və arxivləşdirilməlidir. Belə saxlanılma həmin proqram təminatı ilə emal olunan verilənlərin arxivdə saxlanılma müddətinə uyğun təmin edilməlidir.
3.14. Proqram təminatında bütün zəruri əməliyyatların qeydiyyatları (loqlanması) aparılmalı və həmin qeydiyyatların (loqların) təhlükəsizliyini (tamlığını, əlçatanlığını və konfidensiallığını) təminetmə mexanizmi, qeydiyyat (loqlanma) prosesi və qeydlərin (loqların) saxlanılma müddəti onun əldə edilməsindən əvvəl müəyyən edilməli və sənədləşdirilməlidir.
3.15. Proqram təminatı təhlükəsiz autentifikasiyanı təmin etməlidir. Proqram təminatında onun funksional komponentlərindən istifadə etməyə icazə verən rollar arasında səlahiyyətlər bölgüsü aparmağa, onları yeniləməyə və təsdiqləməyə, habelə müvafiq qeydiyyat jurnallarında qeydiyyatın aparılmasına (loqlanmaya) imkan olmalıdır. Proqram təminatında istifadəçilərin onlarla əlaqələndirilə bilən fərqli və unikal istifadəçi adlarından istifadə etmələri, həmçinin onların hərəkətlərinin qeydiyyatı (loqlanması) təmin olunmalıdır.
3.16. Proqram təminatının saxlanıldığı binalara və qurğulara icazəsiz girişə və arzuolunmaz fiziki təsirlərə qarşı lazımi tədbirlər görülməlidir. Konfidensial informasiyanının yaradılması, yığılması, işlənilməsi, saxlanılması, axtarışı və yayılmasını təmin edən informasiya ehtiyatlarının və sistemlərinin yerləşdiyi ərazilərə giriş və giriş icazəsinin verilməsi səlahiyyətli şəxslərlə məhdudlaşmalı, bu icazələr mütəmadi olaraq nəzərdən keçirilməli və yenilənməli, tələb olunmadığı təqdirdə isə ləğv edilməlidir. Həmin ərazilərə giriş və çıxış məlumatları izlənilməli və qeyd olunmalıdır. Bu qeydlər ən azı 2 il saxlanılmalıdır.
3.17. Proqram təminatının hazırlanma, test və istismar mühitləri bir-birindən ayrılıqda qurulmalıdır. Bu mühitlər arasında girişə nəzarət mexanizmləri tətbiq edilməlidir.
3.18. Proqram təminatının qurumun tələbatına uyğunluğunu müəyyənləşdirmək üçün validasiya, eləcə də bu Texniki tələblərin 3-cü hissəsində qeyd olunan tələblərə və sənədlərə uyğunluğunu qiymətləndirmək üçün verifikasiya testləri müvafiq ssenarilərə uyğun keçirilməlidir.
3.19. Qurum və ya istehsalçı (təchizatçı) tərəfindən proqram təminatı üçün test ssenarilərinin, test verilənlərinin və test nəticələrinin yararlı və yetərli olub-olmaması müəyyən edilərək sənədləşdirilməlidir. Proqram təminatının test ssenariləri ekspertiza olunmuş texniki tapşırıqlar toplusunu tam əhatə etməli, eləcə də test sualları lakonik olmalıdır (yalnız “hə” və ya “ yox” cavabları nəzərdə tutulmalıdır).
3.20. Proqram təminatının funksionallıq testləri onun istismara verilməsindən əvvəl keçirilməli və aşkarlanan uyğunsuzluqlar, o cümlədən zəifliklər (boşluqlar), təhdidlər, risklər və nəzərdə tutulmayan hallar aradan qaldırılmalıdır.
3.21. Proqram təminatının təhlükəsizliyin qiymətləndirilməsi testləri onun istismara verilməsindən əvvəl, habelə ildə bir dəfədən az olmamaqla keçirilməli və testin nəticəsində tapılan zəifliklərin (boşluqların) aradan qaldırılması, o cümlədən hücuma və ya zədələnməyə məruz qalma vəziyyətinin qarşısının alınması üçün qabaqlayıcı və profilaktik tədbirlər vaxtında təmin edilməlidir.
3.22. Proqram təminatının mənbə kodlarına dəyişikliklər edilən zaman ilkin olaraq təhlükəsizlik və funksionallıq testləri həyata keçirilməli, təhlükəsizlik zəiflikləri (boşluqları), təhdidləri və riskləri, habelə digər uyğunsuzluqlar aşkar edilmədikdə istismara verilməlidir. Proqram təminatında dəyişikliklərin yerinə yetirilməsindən əvvəl geri qaytarılma sxemi ehtiyat variant kimi müəyyən olunmalıdır.
3.23. Proqram təminatının mənbə kodlarının şərhi yazılmalı, habelə mənbə kodları qurum tərəfindən istehsalçıdan təhvil alınmalıdır.
3.24. Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan, yaxud konfidensial informasiyanın işlənilməsinin həyata keçirildiyi informasiya sistemlərində və ehtiyatlarında, həmçinin belə sistemlərin və ehtiyatların informasiyanı mühafizə vasitələrində istifadə olunan proqram təminatı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq sertifikatlaşdırılır.
1. 15 iyul 2024-cü il tarixli 3-27/3-7-11/2024 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202407153711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2024-cü il)