Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. İddiaçılara dair tələblər

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün iddiaçılara dair tələblər aşağıdakılar nəzərə alınmaqla dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyən edilir:

11.1.1. iddiaçı müvafiq fəaliyyət və ya oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olmalı;

11.1.2. iddiaçı dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün maliyyə resurslarına və (və ya) həmin maliyyə resurslarını cəlb etmək imkanına malik olmalı;

11.1.3. iddiaçı maddi və (və ya) qeyri-maddi aktivlərə və ya həmin aktivlərin cəlb edilməsi imkanına malik olmalı;

11.1.4. iddiaçı idarəetmə imkanlarına, bilik, innovasiyaya və texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olmalı;

11.1.5. fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvlərinin korrupsiya, dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və ya onlar barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması faktı olmamalı;

11.1.6. fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində beynəlxalq sanksiyalar mövcud olmamalı, habelə vətəndaşı və ya rezidenti olduğu ölkədə həmin şəxsin dövlət-özəl tərəfdaşlığı layihəsində iştirakını məhdudlaşdıran və ya qadağan edən məhdudiyyətlər tətbiq edilməməli;

11.1.7. fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində dövlət-özəl tərəfdaşlığı layihəsində nəzərdə tutulan fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qoyulan məhdudiyyət və ya qadağa olmamalı;

11.1.8. iddiaçı barəsində onun iflası haqqında icraat, hüquqi şəxs olduğu təqdirdə isə həmçinin ləğvi haqqında icraat olmamalı.

11.2. Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici iddiaçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici iddiaçıların müsabiqədə iştirak etməsinə, özəl təşəbbüs qaydasında təklif verməsinə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə birbaşa danışıqlarda iştirak etməsinə məhdudiyyətlər qoyula bilər. Səlahiyyətli orqan belə məhdudiyyətin müəyyən olunduğunu müsabiqənin şərtlər toplusunda və müsabiqə barədə elanda göstərməlidir.

11.3. Bu Qanunun 11.1-ci və 11.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı layihəsinin məqsədi, strukturu və xüsusiyyətlərindən asılı olaraq özəl tərəfdaşa dair tələblər səlahiyyətli orqan tərəfindən müsabiqənin şərtlər toplusunun hazırlanması mərhələsində dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver