Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Layihə təkliflərinin qiymətləndirilməsi

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Layihə təkliflərinin qiymətləndirilməsi səlahiyyətli orqan tərəfindən aşağıdakı qaydada aparılır:

19.1.1. layihə təkliflərinin müsabiqənin şərtlər toplusu ilə müəyyən edilmiş minimal texniki tələblərə uyğunluğu yoxlanılır və belə tələblərə cavab verməyən təkliflərə baxılmır;

19.1.2. səlahiyyətli orqan tərəfindən layihə təklifləri müsabiqənin bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan hər bir meyar üzrə həmin meyarın xüsusi çəkisi nəzərə alınmaqla balların verilməsi üsulu ilə qiymətləndirilir.

19.2. Dövlət-özəl tərəfdaşlığı layihəsinin xüsusiyyətlərindən asılı olaraq layihə təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndirilir:

19.2.1. dövlət tərəfdaşı tərəfindən özəl tərəfdaşa ediləcək ödənişlərin məbləği və bunların dövlət-özəl tərəfdaşlığı müddətində bölüşdürülməsi;

19.2.2. özəl tərəfdaşa verilən dövlət dəstəyi və təminatların məbləği, səviyyəsi və bunların dövlət-özəl tərəfdaşlığı müqaviləsi müddətində bölüşdürülməsi;

19.2.3. layihənin icra müddəti özəl tərəfdaş tərəfindən təklif edildiyi halda dövlət-özəl tərəfdaşlığının müddəti;

19.2.4. dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası zamanı gözlənilən nəticələr və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə dəymiş zərərin ödənilməsi;

19.2.5. layihə təklifinin texniki, estetik-funksional, innovativ xassələri;

19.2.6. iddiaçı tərəfindən risklərin qarşısını almaq üçün təklif olunan tədbirlər.

19.3. Layihə təkliflərinin qiymətləndirilməsi meyarları və hər bir meyarın xüsusi çəkisi müsabiqənin şərtlər toplusunda göstərilməlidir. Dövlət-özəl tərəfdaşlığı qaydalarında müəyyən edildiyi hallarda, müsabiqənin şərtlər toplusunda layihə təkliflərinin əsaslandırılmaqla yalnız bir meyar əsasında qiymətləndirilməsi nəzərdə tutula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver