25.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinə “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.
25.2. Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:
25.2.1. dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;
25.2.2. dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;
25.2.3. dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;
25.2.4. subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;
25.2.5. tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;
25.2.6. Azərbaycan Respublikasının ərazisi və ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müvəqqəti olaraq müstəsna hüquqların verilməsi;
25.2.7. dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan hallarda, özəl tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.