33.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində həmin müqavilə başa çatdıqdan və ya ona xitam verildikdən sonra özəl tərəfdaşa verilməli olan, habelə dövlətə qaytarılmalı və ya verilməli olan əmlak müəyyən edilməlidir.
33.2. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, özəl tərəfdaş dövlət tərəfdaşının əvvəlcədən yazılı razılığı ilə infrastrukturu dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən edilmiş müddətdən artıq olmayan müddətə icarəyə və ya istifadəyə vermək hüququna malikdir.
33.3. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində başqa qayda nəzərdə tutulmadığı halda, həmin müqavilə ləğv edildikdə və ya ona xitam verildikdə:
33.3.1. özəl tərəfdaşın yaratdığı infrastruktur özəl tərəfdaşın mülkiyyətində qala və ya dövlət tərəfdaşının mülkiyyətinə keçə bilər;
33.3.2. dövlət tərəfdaşı özəl tərəfdaşın yaratdığı infrastrukturu sonuncudan satın almaqda üstünlük hüququna malik ola və ya belə öhdəlik daşıya bilər;
33.3.3. dövlətin infrastrukturu özəl tərəfdaşın mülkiyyətinə verilə bilər və ya özəl tərəfdaş onun idarəetməsinə verilmiş infrastrukturu dövlətdən satın almaqda üstünlük hüququna malik ola bilər.