Qanunvericilik › Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;

1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə;

1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi;

1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı;

1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi;

1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq;

1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;

1.1.8. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi;

1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;

1.1.10. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;

1.1.11. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı;

1.1.12. dövlət qulluqçusunun ixtisas dərəcəsi – dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq ona verilən ixtisas səviyyəsi;

1.1.13. dövlət orqanının strukturu – dövlət orqanının fəaliyyətini təmin edən struktur qurumlarının normativ hüquqi aktlarla müəyyən edilmiş sistemi;

1.1.14. dövlət orqanının aparatı – özündə struktur bölmələri (şöbə və sektor) birləşdirən və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsini bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumu;

1.1.15. dövlət orqanının struktur bölməsi – dövlət orqanının rəhbərinin qərarı ilə yaradılan və həmin dövlət orqanının əsasnaməsinə uyğun olaraq ona həvalə edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanının struktur vahidi;

1.1.16. rotasiya – inzibati vəzifə tutan dövlət qulluqçularının bu Qanunun 31-1-ci maddəsinə uyğun olaraq bir vəzifədən başqa vəzifəyə keçirilməsi;

1.1.17. bilavasitə rəhbər – dövlət qulluqçusunun birbaşa tabe olduğu vəzifəli şəxs;

1.1.18. xidməti fəaliyyət – dövlət qulluqçusunun qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti;

1.1.19. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi – dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi, cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə və ya təlimə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin, işçinin vəzifədə irəli çəkilməsi üçün potensialının müəyyənləşdirilməsi məqsədilə keçirilən dövlət qulluqçusunun hər təqvim ilinin sonunda fəaliyyətinin yoxlanılması;

1.1.20. şöbə – dövlət orqanının bir və ya bir neçə fəaliyyət istiqaməti üzrə səlahiyyətlərini həyata keçirən struktur bölməsi;

1.1.21. sektor – dövlət orqanının şöbə daxilində və ya müstəqil şəkildə yaradılan struktur bölməsi;

1.1.22. vəzifə təlimatı – dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd;

1.1.23. mərkəzi icra hakimiyyəti orqanı – səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun sahələrdə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanı;

1.1.24. mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri – mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan və sahəvi qanunlarla müəyyən edilən səlahiyyətlərini ölkə səviyyəsində həyata keçirən struktur qurumu;

1.1.25. mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri – mərkəzi icra hakimiyyəti orqanının yerlərdə (rayon, şəhər və region üzrə) fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılan struktur qurumu;

1.1.26. intizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növü;

1.1.27. müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət proses;

1.1.28. daxili müsahibə – 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin tutulması üçün keçirilən, həmin dövlət orqanlarında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan müsahibə;

1.1.29. ümumi müsahibə – 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, həmçinin bu Qanunun 29.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver