Qanunvericilik › Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi

Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir.

İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

17.2. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.

Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.

17.3. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

Bu maddənin birinci hissəsində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.

17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

üçüncü-beşinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;

altıncı-yeddinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.

Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:

birinci-ikinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

üçüncü-dördüncü təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.

17.4-1. Dövlət qulluqçusuna bu Qanunun 17.3-cü maddəsinin birinci hissəsində və 17.4-cü maddəsində müəyyən edilmiş tələblər nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər:

17.4-1.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə;

17.4-1.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə.

17.4-2. Bu Qanunun 17.4-1-ci maddəsində nəzərdə tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.

Bu Qanunun 17.4-1.1-ci maddəsində nəzərdə tutulmuş halda vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddətdə yalnız bir dəfə yol verilir.

Bu Qanunun 17.4-1.2-ci maddəsi dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda tətbiq oluna bilər.

17.4-3. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır. Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

17.5. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17.6. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir.

17.7. Bu Qanunun 25.2-ci maddəsinə əsasən intizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (bu Qanunun 17.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq verilmiş ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. İntizam tənbehinin tətbiqi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir dəfə aşağı salına bilər. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.

17.8. İxtisas dərəcəsinin verilməsi, aşağı salınması və ixtisas dərəcəsindən məhrum etmə tətbiq olunarkən dövlət qulluqçusunun şəxsi işində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda əmək kitabçasında müvafiq qeydlər edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver