28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.
Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və mediada verilir.
28.5. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.7-1. Dövlət orqanının rəhbəri tərəfindən bu Qanunun 28.7-ci maddəsinə uyğun olaraq təqdim olunmuş namizədlər sırasından seçim edilərkən müsabiqədə daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir.
28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.
28.8-1. Bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil edilir.
28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.
28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.
Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.
28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri vəzifələrinə, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələrinə dövlət qulluğuna qəbula və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir.
1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla), habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq daxili müsahibə əsasında həyata keçirilir.
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər.
28.13. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.