Qanunvericilik › Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. İnzibati vəzifələrin tutulması

Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

29.2. 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.

Dövlət qulluqçusu (iki il müddətində bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla) qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.

Dövlət qulluqçusu (bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla) bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.

Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələrinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.13-cü maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

29.3. 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (struktur bölmə (şöbə) rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir.. Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər.

1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü – yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (struktur bölmə (şöbə) rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan ümumi müsahibə və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə (bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla) keçirilə bilər.

Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir.

1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə keçirilən müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Həmin namizədlərin vakant inzibati vəzifələrə təyin olunması və ehtiyat kadrlar siyahısından çıxarılması ilə bağlı məsələlər bu Qanunun 28.11-ci maddəsinə uyğun olaraq tənzimlənir.

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs bu Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq keçirilən ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq keçirilən daxili müsahibədə iştirak edə bilər.

29.4. Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən mediada müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.

Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur, dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun rəsmi internet saytlarında yerləşdirilir.

29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

Bu maddənin birinci hissəsi bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulmasına, habelə məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil olunmur.

29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilməklə, digər hallarda isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə, 3 nəfərdən ibarət tərkibdə yaradılır.

29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.

29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

29.9.1. ixtisas dərəcəsi;

29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma.

29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.

29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə (bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla) tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilir.

29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.

29.13. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver