Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanının 2.3-cü bəndinin və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət qulluqçusunun rotasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 fevral 2025-ci il
1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 31-1.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçularının rotasiyası ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Bu Qayda dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqların toqquşmasının qarşısının alınması, həmçinin formalaşmış təcrübənin geniş yayılması üçün dövlət qulluqçularının bir vəzifədən başqa vəzifəyə keçirilməsi məqsədilə hazırlanmışdır.
1.3. Dövlət qulluqçusu rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır. Müvafiq vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur.
1.4. Dövlət orqanlarında dövlət qulluqçularının rotasiyasının təşkili məqsədilə Rotasiya komissiyası (bundan sonra - Komissiya) yaradılır.
1.5. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.5.1. rotasiya - inzibati vəzifə tutan dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qərarı ilə bir vəzifədən başqa vəzifəyə keçirilməsi;
1.5.2. kateqoriyalararası rotasiya – dövlət qulluqçusunun yuxarı kateqoriya dövlət orqanından həmin orqanın tabeliyində olan aşağı kateqoriya dövlət orqanına, habelə aşağı kateqoriya dövlət orqanından həmin orqanın tabe olduğu yuxarı kateqoriya dövlət orqanına rotasiyası;
1.5.3. bölgələrarası rotasiya – dövlət qulluqçusunun dövlət orqanı daxilində bir yerli bölmədən digər yerli bölmədə olan analoji vəzifəyə keçirilməsini nəzərdə tutan rotasiya;
1.5.4. rotasiya olunan – rotasiya qaydasında vəzifəsini dəyişən dövlət qulluqçusu;
1.5.5. rotasiyanın tətbiq edildiyi sahələr və vəzifələr – yerli bölmələri olan dövlət orqanlarında yerli bölmənin rəhbərlərinin və onların müavinlərinin vəzifələri, habelə siyahısı dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilən sahələr və vəzifələr;
1.5.6. analoji vəzifə – eyni təsnifatdan və ya dövlət qulluqçusunun razılığı ilə aşağı təsnifatdan olan, vəzifənin tutulma şərtləri uyğun gələn vəzifələr;
1.5.7. fərdi rotasiya vərəqəsi – rotasiya olunan dövlət qulluqçuları üçün bu Qaydanın əlavəsinə uyğun olaraq hazırlanan sənəd;
1.5.8. ailə üzvü – rotasiya olunanla birlikdə yaşayan arvadı (əri), valideynləri, yetkinlik yaşına çatmayan uşaqları (övladlığa götürülənlər daxil olmaqla), himayəsində olan yetkinlik yaşına çatmayan bacıları, qardaşları, habelə arvadının (ərinin) valideynləri.
2.1. Dövlət qulluqçusu rotasiyanın tətbiq edildiyi vəzifələrə təyin olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli Qərarı ilə təsdiq edilmiş “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə qeyd olunan qulluq və iş stajlarına aid tələblərə əməl edilməlidir.
2.2. Dövlət orqanının rəhbəri tərəfindən bu Qaydanın 1.5.5-ci yarımbəndinə uyğun olaraq sahə və vəzifələr müəyyən edilərkən korrupsiya riskinin mövcudluğu, vətəndaşlara birbaşa xidmət göstərilməsi və hüquqmüəyyənedici sənədlərin (lisenziyalar, arayışlar və digər sənədlər) verilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi nəzərə alınmalıdır. Dövlət orqanının rəhbəri tərəfindən təsdiq edilən rotasiyanın tətbiq olunduğu sahələrin və vəzifələrin siyahısı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilir.
2.3. Rotasiyanın tətbiq edildiyi vəzifələrdə qulluq müddəti 5 (beş) il müəyyən olunur. Komissiyanın əsaslandırılmış tövsiyəsi əsasında dövlət orqanının rəhbəri tərəfindən bu müddət hər dəfə bir ildən çox olmamaqla 2 (iki) dəfə uzadıla bilər. Rotasiyanın tətbiq edildiyi vəzifəyə keçirilən dövlət qulluqçusunun əmək müqaviləsində bununla bağlı dəyişikliklər edilir.
2.4. Rotasiya müvafiq ilin sentyabr ayında həyata keçirilir. Xidməti zərurətlə əlaqədar rotasiya ilin digər aylarında həyata keçirildikdə, dövlət qulluqçusuna rotasiya olunacağı vəzifə və vaxtı barədə ən azı 6 (altı) ay əvvəl rəsmi məlumat verilməlidir.
2.5. Rotasiyanın tətbiq edildiyi vəzifələrə təyin olunan dövlət qulluqçuları üçün fərdi rotasiya vərəqəsi hazırlanır. Fərdi rotasiya vərəqəsi dövlət orqanının kadr qurumu, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxs tərəfindən hazırlanır və dövlət qulluqçusunun şəxsi işində saxlanılır.
2.6. Rotasiya zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Son üç il ərzində illik xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri 2,5 və daha aşağı olan dövlət qulluqçularının yalnız daha aşağı təsnifatdan olan və ya həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsinə yol verilir.
2.7. Dövlət qulluqçusu öz təşəbbüsü və qulluq keçdiyi dövlət orqanının rəhbərinin razılığı əsasında rotasiya vəzifəsinə keçirilə bilər. Bu hal könüllü rotasiya hesab olunur və Qanunun 31-1.2-ci maddəsinə uyğun həyata keçirilir. Könüllü rotasiya ilə təyin olunmuş dövlət qulluqçularının vəzifədə olma müddəti bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq məhdudlaşdırılır.
2.8. Rotasiya aşağıdakı modellərə uyğun həyata keçirilə bilər:
2.8.1. kateqoriyalararası (“mərkəz-bölgə”, “bölgə-mərkəz”);
2.8.2. bölgələrarası (“bölgə-bölgə”).
2.9. Kateqoriyalararası rotasiya zamanı aşağıdakı modellərdən istifadə olunur:
2.9.1. “Mərkəz-bölgə” modeli - yuxarı kateqoriya dövlət orqanlarından bilavasitə tabeliyində olan aşağı kateqoriya dövlət orqanlarına rotasiyalar müəyyən fəaliyyət sahəsi üzrə işin daha səmərəli təşkili və mərkəzdə formalaşmış təcrübənin bölgələrdə tətbiqi məqsədilə həyata keçirilir. Bu rotasiya modeli dövlət orqanlarının aparatlarında inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçularının rotasiyanın tətbiq edildiyi vəzifələrə təyin edilməsini nəzərdə tutur. Dövlət qulluqçuları bu model üzrə analoji vəzifəyə keçirildikdə vəzifə adları nəzərə alınmır;
2.9.2. “Bölgə-mərkəz” modeli - aşağı kateqoriya dövlət orqanından həmin orqanın tabe olduğu yuxarı kateqoriya dövlət orqanına rotasiya müvafiq fəaliyyət sahəsi üzrə problemlərin öyrənilməsi, habelə operativ aradan qaldırılması üçün səmərəli və effektiv mexanizmlərin hazırlanması məqsədilə həyata keçirilir.
2.10. Rotasiya tətbiq edildiyi vəzifəyə təyin edilmiş dövlət qulluqçusu rotasiya müddəti bitdiyi halda bölgələrarası rotasiya yolu ilə (“bölgə-bölgə” modeli üzrə) digər yaşayış məntəqəsində olan analoji vəzifəyə təyin edilə bilər.
2.11. Dövlət qulluqçusu rotasiya üçün nəzərdə tutulmuş vəzifələrə Qanunun 28-ci və 29-cu maddələrində qeyd olunan hallar istisna olmaqla, rotasiya qaydasında keçirilir. Rotasiya vəzifəsində qulluq keçən dövlət qulluqçularının Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq digər dövlət qulluğu vəzifəsinə keçmək hüququ məhdudlaşdırıla bilməz.
2.12. Aşağıdakı şəxslər onların razılığı əsasında rotasiya olunurlar:
2.12.1. hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
2.12.2. öhdəsində əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan şəxslər;
2.12.3. dövlət qulluğunda olmanın yaş həddinə iki ildən az müddət qalan şəxslər;
2.12.4. müvafiq vəzifənin yerləşdiyi ərazinin səhhətinə mənfi təsir edə biləcəyi şəxslər (tibbi arayış əsasında);
2.12.5. rotasiya vəzifələrinə azı 3 dəfə (ümumilikdə 15 ildən az olmayaraq) rotasiya olunan şəxslər.
2.13. Aşağıdakı dövrlərdə rotasiya müvəqqəti olaraq təxirə salınır:
2.13.1. rotasiya olunanın fəaliyyətinə bilavasitə rəhbərlik və ya nəzarət etdiyi təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlama, təftiş) aparıldığı dövr;
2.13.2. rotasiya olunan barəsində xidməti yoxlama (araşdırma) və ya cinayət işinin istintaqı aparıldığı dövr;
2.13.3. rotasiya olunanın məzuniyyətdə və ya ezamiyyətdə olduğu, habelə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr (tibbi arayış əsasında).
2.14. Rotasiya bu Qaydanın 2.13-cü bəndində nəzərdə tutulan hallar aradan qalxdığı gündən 1 (bir) aydan gec olmayaraq həyata keçirilməlidir.
2.15. Rotasiya olunanın qeydiyyatda olduğu yaşayış yeri ilə faktiki yaşadığı inzibati ərazi vahidi fərqli olduqda faktiki yaşadığı inzibati ərazi vahidi nəzərə alınır. Rotasiya olunan şəxsin yaşayış yeri “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
2.16. Rotasiya dövlət qulluqçusunun yaşadığı inzibati ərazi vahidini dəyişməklə və ya dəyişməməklə həyata keçirilir. Dövlət qulluqçusunun yaşadığı inzibati ərazi vahidindən 50 (əlli) kilometrdən çox uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunması yaşadığı inzibati ərazi vahidini dəyişməklə rotasiya hesab edilir.
3.1. Dövlət rotasiya olunanların sosial və hüquqi müdafiəsinə, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsinə zəmanət verir.
3.2. Qanunun 30.5-ci maddəsində nəzərdə tutulan təminatlarla yanaşı, rotasiya olunan dövlət qulluqçularına aşağıdakı təminatlar verilir:
3.2.1. rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına ödənilən birdəfəlik ödəniş;
3.2.2. rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına ödənilən aylıq pul kompensasiyası;
3.2.3. rotasiya olunanla birlikdə yaşadığı inzibati ərazi vahidini dəyişmiş və bu səbəbdən iş yerlərini itirmiş ailə üzvlərinin işlə təmin olunma imkanlarının dəstəklənməsi;
3.2.4. rotasiya olunanın övladlarının qulluq keçdiyi yaşayış məntəqəsində təhsil müəssisələrinə yerləşdirilməsi.
3.3. Bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində nəzərdə tutulan birdəfəlik ödənişin və pul kompensasiyasının verilməsi qaydası və şərtləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi Qaydası” ilə müəyyən olunur.
3.4. Rotasiya olunanla birlikdə yaşadığı inzibati ərazi vahidini dəyişmiş və bu səbəbdən iş yerlərini itirmiş ailə üzvlərinin (təsdiqedici sənədlər təqdim edilməklə) müraciəti əsasında onların məşğulluğunun təmini üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülür.
3.5. Rotasiya olunanın ailə üzvləri yaşadıqları inzibati ərazi vahidini dəyişməmişdən əvvəl dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olduqları halda onlar həmin təşkilatların müvafiq rayon (şəhər) şöbələrində (təşkilatlarında) vakant vəzifənin olması nəzərə alınaraq işlə təmin edilə bilərlər.
4.1. Komissiya dövlət orqanının rəhbəri tərəfindən təyin edilən 5 (beş) nəfərdən – sədr və 4 üzvdən ibarət olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.
4.2. Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini Komissiyanın sədri təyin edilir. Dövlət orqanının rəhbərinin kadr məsələləri üzrə səlahiyyətli müavini olmadıqda kadr qurumunun rəhbəri, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxs Komissiyanın sədri təyin edilir. Komissiyanın sədri Komissiyanın işinə rəhbərlik edir və bu Qaydanın 4.4-cü bəndində göstərilən vəzifələrin vaxtında, dolğun və obyektiv icrasına nəzarət edir.
4.3. Komissiya öz fəaliyyətində aşağıdakı prinsiplərə əsaslanır:
4.3.1. müstəqillik - komissiyanın rotasiya ilə bağlı qərarının qəbul edilməsində müstəqilliyi və fəaliyyətinə müdaxilənin yolverilməzliyi;
4.3.2. qərəzsizlik – rotasiyanın nəticəsində bilavasitə marağı olan, rotasiya olunanla yaxın qohumluq əlaqəsi olan üzvün Komissiyanın qərarının qəbul edilməsində iştirakının yolverilməzliyi;
4.3.3. qanunçuluq – Komissiyanın öz fəaliyyətində normativ hüquqi aktların tələblərinə əməl etməsi;
4.3.4. bərabərlik – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün rotasiya olunanların hüquqlarının bərabərliyi.
4.4. Komissiyanın vəzifələri aşağıdakılardır:
4.4.1. rotasiya olunanlar haqqında məlumatları toplayaraq araşdırmaq;
4.4.2. dövlət qulluqçusunun rotasiya olunmasının məqsədəuyğun olub-olmaması haqqında qərar qəbul etmək;
4.4.3. fərdi rotasiya vərəqəsinin tərtib edilməsinə nəzarət etmək;
4.4.4. rotasiya olunanların xidməti fəaliyyətlərinin nəticələri barədə dövlət orqanının rəhbərinə hesabatlar vermək;
4.4.5. rotasiyanın şərtləri ilə razı olmayan rotasiya olunanların şikayətlərinə baxmaq;
4.4.6. rotasiya olunanın rotasiya müddətində gördüyü işlər haqqında məlumatı dinləmək və təqdim olunmuş sənədləri nəzərdən keçirmək.
4.5. Komissiya öz fəaliyyətini ildə azı 2 (iki) dəfə çağırılan iclaslar vasitəsilə həyata keçirir. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. Xidməti zərurətlə əlaqədar Komissiyanın növbədənkənar iclasları çağırıla bilər. Komissiyanın iclasları üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiya öz qərarını açıq səsvermə yolu, sadə səs çoxluğu ilə qəbul edir və həmin qərar dövlət orqanının rəhbəri tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Komissiyanın iclasları protokolla rəsmiləşdirilir, Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır.
4.6. Komissiya rotasiya ilə bağlı aşağıdakı qərarlardan birini qəbul edir:
4.6.1. rotasiya məqsədəuyğundur;
4.6.2. rotasiya məqsədəuyğun deyildir.
4.7. Komissiya qərar qəbul edərkən bu Qaydanın 4.3-cü bəndi ilə müəyyən edilmiş prinsipləri rəhbər tutur. Komissiya bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulan qərarını əsaslandırmalıdır. Komissiya vəzifələrinin icrası zamanı rotasiya olunanın fəaliyyətində intizam tənbehinin tətbiqinə əsaslar aşkar etdikdə dövlət orqanının rəhbərinə Qanunun 25.3-cü maddəsinə uyğun olaraq əmr verilməsi üçün təklif verə bilər.
4.8. Komissiya rotasiyanın nəticələrinə uyğun olaraq dövlət orqanının rəhbərinə rotasiya olunanın vəzifədə irəli çəkilməsi, əlavə təhsili, rotasiya müddətinin uzadılması və mükafatlandırılması barədə təklif təqdim edə bilər.
4.9. Komissiya rotasiyalar barədə qərarı 5 (beş) iş günündən gec olmayaraq orqanın rəhbərinə təqdim edir. Dövlət orqanının rəhbəri Komissiyanın qərarını və tövsiyələrini nəzərə alaraq Qanunun tələblərinə əsasən müvafiq qərar qəbul edir.
5.1. Bu Qayda qüvvəyə minənədək rotasiyanın tətbiq edildiyi vəzifələrdə qulluq keçən şəxslər üçün bu Qaydanın 2.3-cü bəndində qeyd edilən müddətin axımı bu Qaydanın qüvvəyə mindiyi tarixdən hesablanır.
5.2. Rotasiyanın şərtləri ilə razı olmayan dövlət qulluqçuları inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Hazırda tutduğu vəzifə
Rotasiya olunduğu vəzifə
Yaşadığı inzibati ərazi vahidi
Bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası (peşəsi)
Tətbiq edilən rotasiya modeli (kateqoriyalararası, bölgələrarası)
Rotasiya müddətində xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri (illər üzrə)
Rotasiya müddətində aldığı dövlət təltifləri və mükafatları, fəxri adları
Rotasiya müddətində barəsində tətbiq edilən intizam tənbeh tədbiri haqqında məlumat
Rotasiya olunanla bərabər yaşadığı inzibati ərazi vahidini dəyişməli olan ailə üzvlərinin sayı
Rotasiyanın tətbiqinə mane olan hallar haqqında qeyd
1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 31-1.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.
1.2. Rotasiya olunana kompensasiya və birdəfəlik ödəniş verilməsində məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.
2.1. Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.
2.2. Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən müvafiq kompensasiyanın 50 faizi məbləğində pul kompensasiyası ödənilir.
2.3. Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 (on) gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.
2.4. Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiya ödənilir.
2.5. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir. (Bu bənd 2027-ci il yanvarın 1-dən ləğv edilir.)
3.1. Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 (üç) misli məbləğində birdəfəlik ödəniş verilir.
3.2. Birdəfəlik ödəniş yaşadığı inzibati ərazi vahidini dəyişən rotasiya olunana yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.
3.3. Bu Qaydanın 3.1-ci bəndinə uyğun ödənilən birdəfəlik ödəniş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir.
4.1. Bu Qaydaya uyğun olaraq kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.
4.2. Bu Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir.
4.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.
1. 21 may 2026-cı il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2026-cı il, “Azərbaycan” qəzeti, 26 may 2026-cı il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 481) (Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.)