Qanunvericilik › Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov və ya ipoteka müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;

11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - işləyib-işləməməsindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar, qaçqınlar və məcburi köçkünlər;

11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;

11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;

11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə;

11.1.8. sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələr üzrə.

11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.

11.3. Bu Qanunun 10.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver