27.1. Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.
27.2. Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmur.
27.3. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.
27.4. Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur.
27.5. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.4.3-cü və 20-ci maddələrinə uyğun olaraq müvafiq məlumatların və sənədlərin əldə edilməsinə görə dövlət rüsumu tutulmur.
27.6. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.
27.7. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu Qanunun 26-cı maddəsində göstərilən xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.