33-2.1. Açıq məkanda sosial reklamın yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumu ödənilmir.
33-2.2. Bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğləri 1 il müddətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müəyyən edilir.
33-2.3. Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
33-2.3.1. Bakı şəhəri üzrə - 1;
33-2.3.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
33-2.3.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
33-2.3.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
33-2.4. Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir.
33-2.5. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir.
33-2.6. Müvəqqəti xarakter daşıyan reklama verilmiş icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə bu Qanunun 33-2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq əmsal tətbiq olunur.
33-2.7. Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə müddətinin uzadılması, həmçinin istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamının yerləşdirilməsi hallarında mövcud icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilir.