Qanunvericilik › Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Qanunun tətbiq dairəsi

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu Qanunun 3.2 – 3.11-ci, 15.7-ci və 47.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanun satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir.

3.2. Bu Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla, bu Qanun aşağıdakı malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:

3.2.1. yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər;

3.2.2. kreditlərin alınması;

3.2.3. qiymətli kağızlar, çeklər və xarici valyuta və bunlarla bağlı xidmətlər;

3.2.4. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;

3.2.5. notariuslar tərəfindən aparılan notariat hərəkətləri;

3.2.6. büdcədənkənar dövlət fondlarının vəsaitlərinin investisiyaya yönəldilməsi (yerləşdirilməsi), habelə investisiya məqsədli aktivlərin alınması, satılması, dəyişdirilməsi, saxlanılması, yerləşdirilməsi və (və ya) idarə edilməsi ilə bağlı xidmətlər;

3.2.7. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 65-1-ci maddəsində nəzərdə tutulmuş mallar, işlər və ya xidmətlər;

3.2.8. müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər;

3.2.9. bu Qanunun 3.11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlər.

3.3. Beynəlxalq təşkilatların verdiyi vəsaitlər hesabına satınalmalar bu təşkilatlarla bağlanılan müqavilədə ayrı qayda nəzərdə tutulduğu halda həmin müqavilədə razılaşdırılmış qaydada həyata keçirilir.

3.4. Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

3.5. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada birbaşa hakimlərin bank hesabına köçürülür.

3.6. Bu Qanunun müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir və bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

3.7. Lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan müqavilə əsasında idarəetməyə verilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində idarəetmə müqaviləsində müəyyən olunan qaydada həyata keçirilir.

3.8. Bu Qanunun 3.9-cu və 58-ci maddələrinin tələbləri istisna olmaqla, bu Qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 000 (on min) manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 000 (iyirmi min) manatadək) olan satınalmalara şamil edilmir.

3.9. Bu Qanunun 3.8-ci maddəsində göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu Qanunun 38.11-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində müvafiq məlumatı portalda dərc edir.

3.10. Bu Qanunun 3.2.8-ci maddəsində nəzərdə tutulan kommersiya hüquqi şəxsləri tərəfindən həmin maddəyə uyğun olaraq malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilmiş kommersiya hüquqi şəxsləri üzrə onların müşahidə şuraları (direktorlar şuraları), digər kommersiya hüquqi şəxsləri üzrə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həmin kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) tərəfindən təsdiq edilir.

3.11. Bu Qanunun 3.2.9-cu maddəsində nəzərdə tutulan müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3.12. Bu Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar, habelə qalib təchizatçının qeyri-rezident olduğu hallar istisna olmaqla, bu Qanunun şamil edildiyi satınalmalara dair müqavilələr, həmçinin bu Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində nəzərdə tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver