34.1. Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qanunu rəhbər tutmaqla sərbəst qəbul edir.
34.2. Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir. Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir.
34.3. Satınalma komissiyası bu Qanunun tələbləri nəzərə alınmaqla aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir:
34.3.1. uyğunluğa dair sənədlər toplusunun və (və ya) şərtlər toplusunun təsdiq edilməsi haqqında;
34.3.2. uyğunluğa dair sənədlər toplusuna və (və ya) şərtlər toplusuna (o cümlədən, təkliflərin cəlb edilməsi barədə elanın məzmununa) dəyişiklik edilməsi haqqında;
34.3.3. təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında;
34.3.4. satınalmanın ləğv edilməsi haqqında;
34.3.5. təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;
34.3.6. heç bir təklif satınalma predmetinin tam həcmdə icrasını təmin etmədikdə, bu zaman bir neçə təchizatçının hissəvi təkliflərinin cəmi bir təchizatçının təklifindən daha səmərəli və ya qiyməti daha aşağı olarsa, habelə satınalma predmetinin daha yüksək həcmdə icrasını təmin edərsə, satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında;
34.3.7. təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu Qanunun 31.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müddətin uzadılması haqqında.
34.4. Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır. Satınalma portal vasitəsilə keçirildikdə, qərarlar portalda yerləşdirildiyi andan 1 (bir) iş günü ərzində imzalanır.
34.5. Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə bilər.
34.6. Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokol təsdiq olunması məqsədilə gözləmə müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində (şikayət olduqda bu Qanunun 37.3-cü maddəsinə uyğun olaraq cavablandırdıqdan sonra 1 (bir) iş günü ərzində) nəzarət orqanına təqdim olunur.
34.7. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 5 (beş) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında və ya həmin müddət kifayət etmədikdə yekun protokola baxılma müddətinin 10 (on) iş gününədək uzadılması barədə əsaslandırılmış qərar qəbul edir. Nəzarət orqanı yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərarı 1 (bir) iş günü ərzində portalda yerləşdirir. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur. Satınalmanın nəticələri barədə satınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə nəzarət orqanının qərarı (bu maddənin üçüncü cümləsinə uyğun olaraq nəzarət orqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesab olunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləri cədvəli və qiymət təklifi) dərhal informasiya sisteminə ötürülür.
34.8. Yalnız yekun protokol təsdiq edildikdən sonra qalib təchizatçıya təklifin akseptinə dair bildiriş göndərilə və (və ya) satınalma müqaviləsi bağlana bilər, habelə çərçivə sazişi tətbiq ediləcəyi halda isə çərçivə sazişi bağlana bilər.
34.9. Satınalma portal vasitəsilə keçirildikdə, təkliflər onların təqdim edilməsi üçün müəyyən edilən müddət başa çatdıqdan dərhal sonra real vaxt rejimində qiymət təklifinin ardıcıllığına uyğun olaraq portal vasitəsilə elektron qaydada satınalma komissiyasına göndərilir. Komissiya təkliflərin qüvvədə olma müddətində təklifləri qiymətləndirir, yekun qərar qəbul edir və bu Qanunun 34.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla satınalan təşkilatın adından bu Qanunun 15.4-cü və 38-ci maddələrinə uyğun olaraq təklifin akseptinə dair bildiriş təqdim edir.
34.10. Satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.