Qanunvericilik › Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 49

Maddə 49. Bir mənbədən satınalma

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər:

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;

49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

49.2. Satınalan təşkilat bir mənbədən satınalma metodunu tətbiq etmək istədiyi halda, satınalma komissiyası müəyyən etdiyi təchizatçılara şərtlər toplusunu təqdim edir (bu Qanunun 49.1.1-ci maddəsində qeyd olunan hal üzrə konkret təchizatçıya) və təklifləri alır.

49.2-1. Qeyri-rezident hüquqi və ya fiziki şəxslər bu Qanunun 49.2-ci maddəsinə uyğun olaraq təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri barədə əsaslandırılmış müraciətlərini satınalma komissiyasına təqdim edə bilərlər.

49.3. Satınalma komissiyası təqdim edilmiş təklifləri bu Qanunun 33-cü maddəsinə uyğun olaraq qiymətləndirir və 10 (on) iş günü müddətində razılıq alınması üçün nəzarət orqanına müraciət edir. Müraciətdə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan təchizatçının seçilməsi əsaslandırılır, habelə olduğu halda digər təchizatçıların təklifləri qiymətləndirilməklə müqayisəli şəkildə göstərilir.

49.4. Bu Qanunun 49.4-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, nəzarət orqanının bir mənbədən satınalma metodunun tətbiqinə dair razılığı satınalma müqaviləsinin bağlanılması üçün əsas götürülür. Bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verildiyi (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edildiyi halda, həmin qərarın qəbul edildiyi) tarixdən 30 (otuz) iş günü ərzində satınalma müqaviləsi bağlanılmadığı halda, müvafiq razılıq öz hüquqi qüvvəsini itirir.

49.4-1. Satınalma komissiyası bu Qanunun 49.4-cü maddəsinə əsasən nəzarət orqanının bir mənbədən satınalma metodunun tətbiqinə dair razılığını aldıqdan sonra bu Qanunun 49.2-1-ci maddəsində göstərilən müraciətlər əsasında, habelə belə müraciətin edilmədiyi hallarda öz təşəbbüsü ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan qeyri-rezident hüquqi və ya fiziki şəxs tərəfindən icra və (və ya) avans təminatının ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə, satınalma komissiyasını formalaşdıran satınalan təşkilat 10 (on) iş günü müddətində bununla bağlı əsaslandırılmış müraciətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

49.4-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında 20 (iyirmi) iş günü müddətində qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edir və həmin qərarı satınalan təşkilata təqdim edir. Qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi ilə bağlı satınalan təşkilatların müraciətlərinə baxılması və qərarların qəbul edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

49.4-3. Qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi barədə qərarın qəbul edildiyi tarixdən 12 (on iki) ay ərzində həmin qeyri-rezident hüquqi və ya fiziki şəxsdən eyni satınalan təşkilat tərəfindən eyni satınalma predmetinin satın alınmasına tələbat yarandıqda, həmin təchizatçıya münasibətdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmə barədə qərarın qəbul edilməsi tələb olunmur.

49.5. Gözləmə müddətinin tətbiq edilməsi və yekun protokolun hazırlanması ilə bağlı bu Qanunun 34.6-cı və 37-ci maddələrinin tələbləri bir mənbədən satınalma metoduna şamil edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver