“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
Azərbaycan RESPUBLİKASI PREZİDENTİNİN Fərmanı
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 8-ci və 26-cı maddələrinə, eləcə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən aşağıdakı normativ hüquqi aktlar (əlavə olunur) təsdiq edilsin:
“İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə”.
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 1998-ci il
Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə
1. “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə” (bundan sonra — Əsasnamə) “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.
Bu Əsasnamə Azərbaycan Respublikasında, habelə Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən idarələrində informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması qaydasını müəyyən edir.
İnformasiyanı mühafizə vasitələri — dövlət sirrini təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş texniki, kriptoqrafik, proqramlı və digər vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir.
Göstərilən vasitələr informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sistemləri çərçivəsində həyata keçirilən məcburi sertifikatlaşdırmadan keçməlidirlər.
İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sistemi (bundan sonra — Sertifikatlaşdırma Sistemi) müəyyən olunmuş qaydalarla sertifikatlaşdırmanı həyata keçirən sertifikatlaşdırma iştirakçılarının məcmusudur.
Sertifikatlaşdırma Sistemləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - Sertifikatlaşdırma üzrə Orqan) tərəfindən yaradılır.
İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması Sertifikatlaşdırma üzrə Orqanın təsdiq etdiyi dövlət standartlarının və normativ sənədlərin tələblərinə əsasən həyata keçirilir.
Sertifikatlaşdırma Sistemində həmin Sistem haqqında əsasnamə, habelə sertifikatlaşdırmadan keçməli olan informasiyanı mühafizə vasitələrinin siyahısı və bu vasitələrin təmin etdiyi tələblər işlənib hazırlanır və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya (bundan sonra - İdarələrarası Komissiya) ilə razılaşdırılır.
2. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasının iştirakçıları aşağıdakılardır:
Sertifikatlaşdırma üzrə Orqan;
Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanı (təşkilatı) (zəruri olduqda yaradılır və oxşar məhsulun Sertifikatlaşdırılması Sisteminə başçılıq edən orqandır (təşkilatdır);
informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar) (müəyyən məhsulun sertifikatlaşdırılmasını həyata keçirən orqanlardır);
sınaq laboratoriyaları (müəyyən məhsulun sertifikatlaşdırma sınaqlarını və ya onların ayrı-ayrı növlərini həyata keçirən laboratoriyalardır);
istehsalçılar (məhsulun satıcıları və ya icraçılarıdır).
Sertifikatlaşdırma işlərini aparmaq hüququnu almaqdan ötrü Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanları (təşkilatları), informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar) və sınaq laboratoriyaları Sertifikatlaşdırma üzrə Orqanda akkreditədən keçirlər. Akkreditə zamanı Sertifikatlaşdırma üzrə Orqan akkreditə olunanların informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması işlərini yerinə yetirmək imkanlarını müəyyənləşdirməklə həmin işləri görmək hüququ verən rəsmi icazələri sənədləşdirirlər. Akkreditə yalnız həmin orqanlarda (təşkilatlarda) və laboratoriyalarda dövlət sirrini təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına buraxılmaq hüququ verən müvafiq icazələr olduqda aparılır.
3. Sertifikatlaşdırma üzrə Orqan:
Sertifikatlaşdırma Sistemləri yaradır;
informasiyanı mühafizə vasitələrinin normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq etmək üsulun seçilməsini həyata keçirir;
bu Əsasnamənin 2-ci bəndində qeyd olunmuş akkreditənin qaydalarını müəyyənləşdirir;
Sertifikatlaşdırma Sistemlərinin hər biri üçün mərkəzi orqanı (təşkilatı) müəyyən edir;
müvafiqlik nişanın tətbiq edilməsi üçün sertifikatlar və icazələr verir;
sertifikatlaşdırma iştirakçılarının və məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinin dövlət reyestrini aparır;
sertifikatlaşdırma iştirakçılarının sertifikatlaşdırma qaydalarına əməl etmələrinə və məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinə dövlət nəzarətini həyata keçirir, habelə müfəttiş yoxlamalarının qaydasını müəyyən edir;
sertifikatlaşdırma məsələlərinə dair şikayətlərə baxır;
sertifikatlaşdırma sistemlərini və müvafiqlik nişanını Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət qeydiyyatına təqdim edir;
xarici sertifikatların tanınması qaydasını müəyyən edir;
verilmiş sertifikatların qüvvəsini dayandırır və ya onları ləğv edir.
4. Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanı (təşkilatı):
Sertifikatlaşdırma Sisteminin formalaşdırılması işlərini və ona rəhbərliyi təşkil edir, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə Sertifikatlaşdırma Sisteminə daxil orqanların (təşkilatların) və sınaq labortoriyalarının fəaliyyətini əlaqələndirir;
informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə Sertifikatlaşdırma Sisteminə daxil orqanların (təşkilatların) və sınaq laboratoriyalarının, habelə müvafiqlik nişanının tətbiq edilməsi üçün verilmiş və ləğv olunmuş sertifikatların və icazələrin uçotunu aparır;
Sertifikatlaşdırma Sisteminin fəaliyyəti barədə informasiya ilə sertifikatlaşdırma iştirakçılarını təmin edir.
Sertifikatlaşdırma Sistemində mərkəzi orqan (təşkilat) olmadıqda onun funksiyaları Sertifikatlaşdırma üzrə Orqan tərəfindən yerinə yetirilir.
5. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar):
informasiyanı mühafizə vasitələrini sertifikatlaşdırırlar, surətlərini Sertifikatlaşdırma üzrə Orqana təqdim etməklə müvafiqlik nişanının tətbiq olunması üçün sertifikatlar və icazələr verirlər, onların uçotunu aparırlar;
müvafiqlik nişanının tətbiq edilməsi üçün verdikləri sertifikatların və icazələrin qüvvəsini dayandırırlar və ya ləğv edirlər;
məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinin istehsal texnologiyasında və konstruksiyasında (tərkibində) dəyişikliklər olduqda, təkrar sertifikatlaşdırma haqqında qərar qəbul edirlər;
sertifikatlaşdırma üçün zəruri olan normativ sənədlər fondunu yaradırlar;
öz səlahiyyəti hüdudlarında istehsalçılara onların tələbi ilə zəruri informasiyanı təqdim edirlər.
6. Sınaq laboratoriyaları informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sınaqlarını aparırlar və həmin sınaqların nəticələrinə əsasən sənədləşdirdikləri rəyləri və protokolları informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə müvafiq orqana (təşkilata) və istehsalçılara göndərirlər.
Sınaq laboratoriyaları informasiyanı mühafizə vasitələrinin sınaqlarının tam olaraq keçirilməsi və sınaq nəticələrinin dürüstlüyü üçün məsuliyyət daşıyırlar.
informasiyanı mühafizə vasitələrini yalnız sertifikat olduqda istehsal (realizə) edirlər;
məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinin istehsal texnologiyasındakı və konstruksiyasındakı (tərkibindəki) dəyişikliklər haqqında sertifikatlaşdırmanı aparan orqana (təşkilata) xəbər verirlər;
məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrini həmin Sertifikatlaşdırma Sistemi üçün müəyyən edilmiş qaydada müvafiqlik nişanı ilə nişanlayırlar;
informasiyanı mühafizə vasitələrinə aid qoşma texniki sənədlərdə həmin vasitələrin sertifikatlaşdırılması və onların uyğun olduğu normativ sənədlər haqqında informasiyanı göstərirlər, habelə bu informasiyanın istehlakçıya çatdırılmasını təmin edirlər;
Azərbaycan Respublikası qanunvericiliyini və həmin Sertifikatlaşdırma Sistemi üçün müəyyən olunmuş qaydaları rəhbər tutaraq sertifikatı və müvafiqlik nişanını tətbiq edirlər;
informasiyanı mühafizə vasitələrinin məlumatın mühafizəsinə dair normativ sənədlərin tələblərinə uyğun gəlməsini təmin edirlər;
sertifikatlaşdırmanı həyata keçirən orqanların (təşkilatların) vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərinin maneəsiz yerinə yetirilməsini və məlumatın sertifikatlaşdırılmış mühafizə vasitələrinə nəzarəti təmin edirlər;
informasiyanı mühafizə vasitələri normativ sənədlərin tələblərinə uyğun gəlmədikdə və ya sertifikatın qüvvədə olma müddəti qurtardıqda, habelə sertifikatın qüvvəsi dayandırıldıqda və ya ləğv edildikdə, informasiyanı mühafizə vasitələrinin realizəsini dayandırırlar.
İstehsalçılar bu Əsasnamənin 2-ci bəndində qeyd olunmuş müvafiq icazəyə malik olmalıdırlar.
8. İstehsalçı sertifikat almaq üçün informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqana (təşkilata) sertifikatlaşdırmanın aparılmasına dair sifariş göndərir. Sifarişə sertifikatlaşdırmanın aparılması sxemi, məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin uyğun gəlməli olduğu dövlət standartları, sair normativ və metodiki sənədlər əlavə oluna bilər.
informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) sifarişi aldıqdan sonra bir ay müddətində sertifikatlaşdırmanın aparılması sxemini, informasiyanı mühafizə vasitələrini sınaqdan keçirən sınaq laboratoriyasını və məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin uyğun gəlməli olduğu normativ sənədləri göstərməklə, istehsalçıya sertifikatlaşdırmanın keçirilməsi haqqında qərarını, zəruri olduqda isə informasiyanı mühafizə vasitələrinin istehsalının ilkin yoxlama keçirilməsi və onun müddətləri barədə qərarını göndərir.
Xarici sertifikatın tanınması üçün istehsalçı Sertifikatlaşdırma üzrə Orqanı həmin sertifikatın surətini və onun tanınmasına dair sifariş göndərir. Sertifikatlaşdırma üzrə Orqan göstərilən sənədləri aldıqdan sonra bir ay müddətindən gec olmayaraq, sertifikatın tanınması barədə, yaxud sertifikatlaşdırma sınaqları keçirilməsinin zəruriliyi haqqında istehsalçıya xəbər verir. Xarici sertifikat tanınmış olduqda, Sertifikatlaşdırma üzrə Orqan bunu rəsmiləşdirir və istehsalçıya müəyyən nümunəli müvafiqlik sertifikatı verir. Məlumatın idxal olunan mühafizə vasitələrinin sertifikatlaşdırılması ölkədə istehsal olunan həmin vasitələr üçün müəyyən edilmiş qaydalarla aparılır.
informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasının əsas sxemləri aşağıdakılardır:
informasiyanı mühafizə vasitələrinin tək-tək nümunələri üçün həmin nümunələrin məlumatın mühafizəsi tələblərinə uyğunluğuna dair sınaqların keçirilməsi;
informasiyanı mühafizə vasitələrinin seriyalarla istehsalı üçün — informasiyanı mühafizə vasitələrinin məlumatın mühafizəsi tələblərinə uyğunluğuna dair birtipli sınaqların keçirilməsi və bundan sonra məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin həmin tələblərin yerinə yetirilməsini təsdiq edən xüsusiyyətlərinin sabitliyinə dair müfəttiş yoxlamalarının keçirilməsi. Bundan əlavə, xüsusi olaraq işlənib-hazırlanmış proqram üzrə istehsalın ilkin yoxlanmasına yol verilir.
Sertifikatın qüvvədə olma müddəti beş ildən çox ola bilməz.
9. Məlumatın sertifikatlaşdırılan mühafizə vasitələrinin elə nümunələri sınaqdan keçirilir ki, onların istehsal texnologiyası və konstruksiyası (tərkibi) istehsalçılara (sifarişçilərə) göndərilən nümunələrə uyğun gəlməlidir.
Ayrı-ayrı hallarda informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanla (təşkilatla) razılaşdırmaqla sınaqların istehsalçının sınaq bazasında keçirilməsinə yol verilir. Bu zaman həmin orqan (təşkilat) sınaq nəticələrinin obyektivliyinin təmin edilməsi üçün zəruri şərtlər müəyyənləşdirir.
Sertifikatlaşdırmanın keçirilməsi başlayarkən akkreditə edilmiş sınaq laboratoriyaları olmadıqda, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) sınaq nəticələrinin obyektivliyini təmin etdirən sınaqların keçirilməsi mümkünlüyünü, yerini və şərtlərini müəyyənləşdirir.
Sınaqların keçirilməsi müddətləri istehsalçı ilə sınaq laboratoriyası arasında bağlanan müqavilədə müəyyən olunur.
İstehsalçıya informasiyanı mühafizə vasitələrinin nümunələri üzrə aparılan sınaqlarının və sınaq laboratoriyasında həmin nümunələrin saxlanması şəraiti ilə tanış olmaq imkanı verilməlidir.
Sınaqların nəticələri məlumatın mühafizəsinə dair normativ və metodiki sənədlərin tələblərinə uyğun gəlmədikdə, informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqan (təşkilat) sertifikatın verilməsindən imtina olunması barədə qərar qəbul edir və istehsalçıya əsaslandırılmış rəy göndərir. İstehsalçı həmin qərarla razı olmadıqda, sınaq zamanı alınmış nəticələrə əlavə olaraq baxılmaq üçün Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanına (təşkilatına), Sertifikatlaşdırma üzrə Orqana və ya İdarələrarası Komissiyaya müraciət edə bilər.
10. Sertifikatlaşdırma üzrə Orqan və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar (təşkilatlar) aşağıdakı hallarda sertifikatın qüvvəsini dayandırmaq və ya ləğv etmək hüququna malikdirlər:
məlumatın mühafizəsinə dair normativ və metodiki sənədlər informasiyanı mühafizə vasitələrinə, sınaq və nəzarət üsullarına dair öz tələbləri hissəsində dəyişdikdə;
informasiyanı mühafizə vasitələrinin istehsal texnologiyası, konstruksiyası (tərkibi), dəstliliyi və onların keyfiyyətinə nəzarət sistemi dəyişdikdə;
istehsalçı informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış həmin vasitələr üzərində dövlət nəzarətini və yoxlamalarını, müfəttiş yoxlamalarını həyata keçirən şəxslərin öz səlahiyyətlərini maneəsiz yerinə yetirmələrini təmin etməkdən boyun qaçırdıqda.
11. informasiyanı mühafizə vasitələrinin məcburi sertifikatlaşdırılması üzrə görülən iş haqqının ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Sertifikatlaşdırma üzrə Orqan tərəfindən müəyyən edilir. Məlumatın mühafizəsinin konkret vasitələrinin sertifikatlaşdırılması görülən iş haqqı sertifikatlaşdırmanın iştirakçıları arasında bağlanan müqaviləyə əsasən ödənilir.
12. Məlumatın sertifikatlaşdırılan mühafizə vasitələri üzərində müfəttiş yoxlamaları həmin vasitələrin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar (təşkilatlar) tərəfindən aparılır.
13. Sertifikatlaşdırmanın iştirakçılarının fəaliyyətindən mübahisəli məsələlər yarandıqda, marağı olan tərəf şikayətlə informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması üzrə orqana (təşkilata), Sertifikatlaşdırma Sisteminin mərkəzi orqanına (təşkilatına), Sertifikatlaşdırma üzrə Orqana, yaxud İdarələrarası Komissiyaya müraciət edə bilər. Həmin orqanlar (təşkilatlar) marağı olan tərəfləri cəlb etməklə bir ay müddətində şikayətə baxıb qəbul olunmuş qərar barədə şikayətçiyə xəbər verirlər.
14. informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar (təşkilatlar) onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi, dövlət sirrinin və digər məxfi məlumatların mühafizəsinin təmin olunması, istehsalçının təqdim etdiyi maddi dəyərlərinin salamat saxlanması, habelə informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırma sınaqları zamanı istehsalçının müəlliflik hüquqlarının gözlənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyəti daşıyırlar.
1. 1 fevral 1999-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 66)
2. 19 avqust 1999-cu il tarixli 182 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 492)
3. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
4. 21 dekabr 2001-cü il tarixli 609 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)
5. 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)
6. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)
7. 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)
8. 9 yanvar 2004-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 19)
9. 7 fevral 2005-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 69)
10. 19 aprel 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299)
11. 3 iyun 2005-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cü il, № 6, maddə 485)
12. 10 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il )
13. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)
14. 10 oktaybr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 oktyabr 2005-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 910)
15. 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)
16. 4 avqust 2022-ci il tarixli 1800 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 860)
17. 6 noyabr 2025-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 noyabr 2025-ci il, “Xalq” qəzeti, 7 noyabr 2025-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1018)