17.1. Dövlət sirri təşkil edən məlumatları birgə və başqa işlərin görülməsi ilə əlaqədar müəssisə, idarə, təşkilatlara və ya vətəndaşlara bu işlərin sifarişçisi, bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə, yalnız həmin işlərin görülməsi üçün zəruri olan həcmdə verir.
17.2. Dövlət sirri təşkil edən məlumatları verənədək sifarişçi müəssisə, idarə və ya təşkilatda dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün icazənin, vətəndaşlarda isə müvafiq buraxılışın olduğunu yəqin etməlidir.
17.3. Müəssisə, idarə və ya təşkilatlar birgə və başqa işlər gördükdə (dövlət sifarişləri aldıqda) və bununla əlaqədar dövlət sirri təşkil edən məlumatlardan istifadə zərurəti yarandıqda, onlar dövlət müəssisələrinin, idarələrinin və ya təşkilatlarının dövlət sirrini mühafizə üzrə struktur bölmələrinin xidmətlərindən istifadə barəsində həmin müəssisə, idarə və ya təşkilatlar ilə müqavilələr bağlaya bilərlər. Razılığa gələn hər iki tərəfin dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməklə bağlı işlərin icrasına buraxılması üçün icazələrinin nömrəsi və etibarlılıq müddəti müqavilədə göstərilməlidir.
17.4. Birgə və başqa işlərin görülməsinə dair qanunla müəyyənləşdirilmiş qaydada bağlanan müqavilədə tərəflərin, həm işlərin görülməsi prosesində, həm də işlər başa çatdıqdan sonra dövlət sirri təşkil edən məlumatların mühafizəsini təmin etmək barəsində qarşılıqlı öhdəlikləri, habelə dövlət sirri təşkil edən məlumatların mühafizəsi ilə bağlı işlərin (xidmətlərin) maliyyələşdirilməsi şərtləri nəzərdə tutulur.
17.5. Birgə və başqa işlər görülərkən dövlət sirrinin etibarlı mühafizəsinə nəzarətin təşkili tərəflərin bağladığı müqavilənin müddəalarına uyğun olaraq bu işlərin sifarişçisinə həvalə edilir.
17.6. Birgə və başqa işlərin gedişində icraçı dövlət sirrinin mühafizəsi ilə əlaqədar götürdüyü öhdəlikləri pozduqda, sifarişçi sifarişin yerinə yetirilməsini pozuntular aradan qaldırılanadək dayandıra bilər.
17.7. Təkrar pozuntu törədildikdə isə, sifarişçi dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işlər görülməsi üçün sifarişin və dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin ləğv edilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması məsələsini qaldıra bilər. Bu halda icraçının sifarişçi qismində dövlətə vurduğu maddi zərərin əvəzi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ödənilməlidir.