Qanunvericilik › Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Sığortaedənin hüquq və vəzifələri

Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir:

9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək;

9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək.

9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır:

9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək;

9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan şəxslərə dair məlumatlar əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldığı gündən bir ay müddətində, digər sığortaolunanlar barədə məlumatlar isə sığortaolunanın əmək müqaviləsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron sənəd formasında bağlanılması zamanı;

2. sığortaçıda uçotda olmayan şəxslə mülki hüquqi müqavilə bağlanıldıqdan sonra bir ay müddətində;

3. sığortaolunan haqqında məlumatlar dəyişildikdə 14 gün müddətində.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver