Qanunvericilik › “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 06.02.2020) › Tam mətn

“Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 06.02.2020)

“Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 06.02.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi nizamnaməsi”nin 4.9-cu bəndinə əsasən və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.1-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin aparatının Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Bu qərarın dövlət ali təhsil müəssisələrinə göndərilməsi, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi və Nazirliyin internet səhifəsində yerləşdirilməsi İnformasiya şöbəsinə (E.Məmmədov) həvalə olunsun.

4. Nazirliyin aparatının Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini İ.İsayevə həvalə edilsin.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 6 fevral 2020-ci il tarixli, KQ-01 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.9-cu bəndinə uyğun hazırlanmışdır və dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şuralarının yaradılmasını, onların səlahiyyətlərini və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Himayəçilər Şurası (bundan sonra - Şura) strateji inkişaf məsələləri üzrə ictimai əsaslarla fəaliyyət göstərən idarəetmə orqanıdır.

1.3. Şura demokratiklik, aşkarlıq və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərir.

1.4. Şuranın tərkibinə ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafında maraqlı olan dövlət orqanlarının (qurumlarının), özəl qurumların, elmi təşkilat və müəssisələrin, ictimai birlik və assosiasiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də xarici ölkə vətəndaşları daxil edilə bilər.

2.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. ali təhsil müəssisəsinin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi;

2.1.2. ali təhsil müəssisəsinin təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verilməsi, elmi-tədqiqatların səmərəliliyinin yüksəldilməsi, yeni informasiya və tədris texnologiyalarının tətbiqinin təmin edilməsi;

2.1.3. ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığına, beynəlxalq konfrans, seminar və digər tədbirlərin keçirilməsinə, onun brendinin formalaşdırılmasına və inkişafına köməklik göstərilməsi;

2.1.4. ali təhsil müəssisəsinin elmi-pedaqoji potensialının inkişafına, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə və məzunların işlə təmin olunmasına dəstək göstərilməsi.

3.1. Şuranın vəzifələri aşağıdakılardır:

3.1.1. ali təhsil müəssisəsinin strateji inkişaf proqramını təsdiq etmək və onun icrasına nəzarət etmək;

3.1.2. ali təhsil müəssisəsinin illik büdcəsini və onun icrasının nəticələrini təsdiq etmək;

3.1.3. ali təhsil müəssisəsinin elmi-metodiki, məzunlar və digər şuralarını yaratmaq;

3.1.4. ali təhsil müəssisəsində daxili audit bölməsini yaratmaq, habelə onun üzvlərini təyin və azad etmək, fəaliyyətinə dair hesabatlar almaq;

3.1.5. ali təhsil müəssisəsinin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

3.1.6. ali təhsil müəssisəsində təhsilin keyfiyyətinin monitorinqini təşkil etmək;

3.1.7. ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanının (qurumunun) rəhbərinin təşəbbüsü ilə strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatlarının yaradılması məsələlərinə baxmaq;

3.1.8. ali təhsil müəssisəsinin brendinin yaradılmasında və inkişafında iştirak etmək;

3.1.9. işəgötürənlərlə işgüzar əlaqələr qurmaq, təhsilalanların və təhsilverənlərin müəssisə, təşkilat və şirkətlərdə təcrübə və staj keçməsinə, məzunların işə düzəlməsinə və onların karyera inkişafına köməklik göstərmək;

3.1.10. ali təhsil müəssisəsinin rektorunun Şura qarşısında ali təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlarına baxmaq.

4.1. Şura onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. ali təhsil müəssisəsinin inkişafına dair həyata keçiriləcək layihə və proqramları müəyyən etmək;

4.1.2. ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məsələlərinə aid müvafiq orqan və təşkilatlara təkliflər, sorğular və müraciətlər göndərmək;

4.1.3. Şuranın işinə müvafiq sahələr üzrə mütəxəssisləri cəlb etmək;

4.1.4. daxili audit bölməsinin fəaliyyətinə dair hesabatlar və arayışlar almaq;

4.1.5. Şuranın fəaliyyəti ilə bağlı zəruri olan məlumat və sənədləri ali təhsil müəssisəsinin rəhbərliyindən almaq.

5.1 Şura azı 3 (üç) nəfərdən ibarət olmaqla yaradılır.

5.2. Şuranın tərkibi ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanının (qurumunun) rəhbəri tərəfindən 5 (beş) il müddətinə təsdiq olunur.

5.3. Bir şəxs Şuraya ardıcıl olaraq 2 (iki) dəfədən artıq üzv təyin oluna bilməz.

5.4.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

5.4.2. Şuranın növbəti və növbədənkənar iclaslarını çağırır, onların keçirilməsi tarixini və yerini müəyyən edir;

5.4.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

5.4.4. Şura iclaslarının protokollarını və Şuranın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

5.4.5. Şuranı təmsil edir;

5.4.6. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.

5.5. Şuranın üzvləri:

5.5.1. Şuranın iclaslarının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsində və onlar barədə qərarların qəbul edilməsində iştirak edir;

5.5.2. ali təhsil müəssisəsinin inkişafı üçün intellektual, informasiya, maddi və maliyyə resurslarının cəlb olunması məsələlərinin həllinə kömək edir;

5.5.3. Şuranın üzvləri ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanının (qurumunun) rəhbərinə müraciət etməklə onun qərarı ilə Şuranın tərkibindən çıxa bilər;

5.6. Şuranın fəaliyyəti təsdiq olunmuş iş planı əsasında həyata keçirilir.

6.1. Şuranın iclası üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

6.2. Şuranın növbəti iclasları ildə 2 (iki) dəfədən az olmayaraq, Şura sədrinin müəyyən etdiyi tarixdə keçirilir.

6.3. Şuranın növbədənkənar iclasları ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanının (qurumunun) rəhbərinin, Şura üzvünün və ya ali təhsil müəssisəsinin rektorunun təşəbbüsü ilə çağırılır.

6.4. Şuranın növbəti və növbədənkənar iclasının çağırılması barədə bildiriş, iclasın gündəliyi və iclasın gündəliyinə daxil edilmiş məsələlərə dair materiallar iclasa azı 10 (on) gün qalmış Şuranın katibi tərəfindən Şura üzvlərinə göndərilir.

6.5. Şuranın iclasında ali təhsil müəssisəsinin rektorunun iştirakı mütləqdir.

6.6. Şuranın gündəliyinə daxil edilmiş məsələlər Şuranın üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir. Şura üzvü iclasda iştirak etmədikdə, iclasın gündəliyinə daxil edilmiş məsələlərə münasibətini iclasın keçirildiyi tarixədək yazılı formada Şura sədrinə bildirə bilər.

6.7. Şuranın iclasında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Səsvermə zamanı Şura üzvlərinin bitərəf qalmasına icazə verilmir.

6.8. Şuranın qərarlarının icrası ali təhsil müəssisəsi və onun rəhbəri üçün məcburidir.

6.9. Şuranın iclasının nəticələri iclas protokolunda əks olunur. İclasın protokolu Şuranın sədri və iclasın katibi tərəfindən imzalanır. İclasın katibi iclasın protokolunun surətini Şura üzvlərinə göndərir.

6.10. İclasın katibi vəzifəsini Şuranın katibi həyata keçirir. Şuranın katibi ali təhsil müəssisəsinin əməkdaşları sırasından Şuranın sədrinin razılığı ilə ali təhsil müəssisəsinin rektoru tərəfindən təyin olunur və Şuranın sədrinə hesabat verir.

6.11. Şuranın iclasına dövlət və yerli özünüidarəetmə orqanlarının, ictimai təşkilatların, ali təhsil müəssisələrinin, müəssisə və təşkilatların nümayəndələri, eləcə də fiziki şəxslər dəvət oluna bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver