“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.7-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Elm, ali və peşə təhsili şöbəsinə (T.Süleyman), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (Ü.Səttarova) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.
5. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
1.1. Bu Əsasnamə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.7-ci bəndinə uyğun hazırlanmışdır və dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) Elmi Şurasının (bundan sonra – Şura) yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şura ali təhsil müəssisəsinə (bundan sonra – müəssisə) ümumi rəhbərliyi həyata keçirən ali idarəetmə orqanıdır.
1.3. Şura ictimai əsaslarla fəaliyyət göstərir.
1.4. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, habelə müəssisənin nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.
1.5. Şura öz fəaliyyətini demokratiklik, aşkarlıq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
2.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müəssisənin strateji inkişaf istiqamətlərinə uyğun olaraq onun elm və təhsil fəaliyyətinin təşkil və koordinasiya edilməsi;
2.1.2. dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq müəssisədə təhsil və tədqiqat mühitinin formalaşdırılması;
2.1.3. müəssisənin elmi-pedaqoji potensialının inkişafı və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi;
2.1.4. müəssisənin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.
3.1. Şuranın vəzifələri aşağıdakılardır:
3.1.1. müəssisəsinin strateji inkişaf proqramını müzakirə etmək və yekun layihəni təsdiq üçün müəssisənin Himayəçilər Şurasına təqdim etmək;
3.1.2. müəssisənin təsdiq edilmiş strateji inkişaf proqramının icrası məqsədi ilə müəssisənin qısa, orta və uzunmüddətli fəaliyyət planını hazırlayıb təsdiq etmək;
3.1.3. müəssisədə daxili keyfiyyət təminatı sistemini yaratmaq;
3.1.4. Özünütəhlil Hesabatının təsdiq edilməsi barədə qərar qəbul etmək;
3.1.5. Akkreditasiya Şurasının qərarından sonra Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına nəzarəti təmin etmək məqsədilə müvafiq fəaliyyət planının təsdiq edilməsi barədə qərar qəbul etmək;
3.1.6. müəssisənin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə Şuranın iş planını təsdiq etmək;
3.1.7. ali təhsil pilləsinin səviyyələri üzrə kadr hazırlığının ali təhsil pilləsinin dövlət standartına uyğun təşkili üçün müvafiq qərarlar qəbul etmək;
3.1.8. ali təhsilin dövlət standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsi üçün təhsilin məzmununun təkmilləşdirilməsi və kadr potensialının yüksəldilməsi məqsədilə qərarlar qəbul etmək;
3.1.9. təhsilalanların təhsilalma tələblərinin ödənilməsi, eləcə də intellektual, mədəni və mənəvi inkişafı məqsədilə tədbirlərin görülməsi barədə qərarlar qəbul etmək;
3.1.10. müəssisənin Nizamnaməsi ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə tədbirlərin icrasının monitorinqi barədə hesabatları dinləmək;
3.1.11. ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislərə və müəssisənin elmi-pedaqoji və elmi kadrlara olan tələbatına uyğun olaraq kadr təminatı ilə bağlı və ya əməkdaşların peşəkar inkişafının təmin edilməsi üçün qərar qəbul etmək;
3.1.12. müəssisədə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili məsələlərinə baxmaq (o cümlədən elmi tədqiqat işlərinin mövzuları və plan üzrə icra müddətini, eləcə də fakültə Elmi Şurasının rəyi əsasında fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertasiya işlərinin mövzularını təsdiq etmək, elmi tədqiqat işləri ilə bağlı hesabatları dinləmək, elmi-metodiki işlərin nəticələrini qiymətləndirmək və s.);
3.1.13. elm və tədris məsələlərinə dair müəssisənin rektorunun hesabatını dinləmək;
3.1.14. prorektorların vəzifə funksiyaları üzrə fəaliyyətlərinə dair hesabatlarını dinləmək və qiymətləndirmək;
3.1.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq akademik borcu olan və təkrar fənni dinləmədən imtahanda iştirak etmək istəyən tələbələrin həmin imtahanda iştirakı üçün ödəniş haqqını müəyyən etmək;
3.1.16. müəssisənin struktur bölmələrinin fəaliyyətlərini əlaqələndirmək, koordinasiya etmək və uyğunlaşdırmaq;
3.1.17. müəssisənin struktur bölmələrinin tədris, elmi tədqiqat fəaliyyəti və maddi-texniki təchizatı ilə bağlı qərar qəbul etmək;
3.1.18. fakültələrin tədris və elmi tədqiqat işləri haqqında hesabatlarını dinləmək və qiymətləndirmək;
3.1.19. müəssisəyə müvafiq ixtisaslar üzrə tələbə qəbulu ilə bağlı müəssisənin tabe olduğu dövlət orqanına (qurumuna) təqdim edilməsi üçün təkliflər hazırlamaq;
3.1.20. müəssisəsinin struktur bölmələrinin fəaliyyətini və tədris prosesini tənzimləyən sənədləri (struktur bölmələrin və onların idarəetmə orqanlarının əsasnamələri, təcrübə gündəliyinin və təcrübə jurnalının nümunələri, imtahan nəticələrinin əks olunduğu sənədlər və s.) təsdiq etmək;
3.1.21. yeni təhsil proqramlarının (ixtisasların) açılması ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırmaq;
3.1.22. Şuranın iş planının icrası barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali təhsil üzrə Dövlət Agentliyinə ildə iki dəfə həmin Agentlik tərəfindən müəyyən edilmiş formada hesabatlar təqdim etmək;
3.1.23. özünün vəzifələrinə aid olmayan məsələlərə (o cümlədən dövlət orqanlarının (qurumlarının) əsasnamələri (nizamnamələri) ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə daxil edilən məsələlərə) dair qəbul edilmiş qərarları ləğv etmək;
3.1.24. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müəssisənin beynəlxalq fəaliyyətini və xarici əlaqələrini tənzimləmək;
3.1.25. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll etmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Şura aşağıdakı hüquqlara malikdir:
3.2.1. müəssisənin nizamnaməsinə dəyişiklik edilməsi ilə bağlı müəssisənin tabe olduğu dövlət orqanına (qurumuna) təkliflər vermək;
3.2.2. müəssisənin fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar (tədris məsələləri, nizam-intizam məsələləri və s. üzrə) yaratmaq;
3.2.3. fəxri professor (doktor) adlarını vermək;
3.2.4. müəssisənin fakültələrinin, kafedralarının, şöbələrinin və digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili ilə bağlı qərar qəbul etmək;
3.2.5. professor və dosent elmi adlarının verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırmaq;
3.2.6. tələbələrə müəssisənin büdcədənkənar vəsaiti hesabına təqaüdlər təsis etmək və onların verilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirmək;
3.2.7. təhsilverənlərin və təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər barədə qərarlar qəbul etmək;
3.2.8. ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalanların təhsil haqqı miqdarı ilə bağlı məsələləri müzakirə edib Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təkliflərin verilməsi barədə qərar qəbul etmək;
3.2.9. fakültə elmi şuralarının səlahiyyətlərinə aid olmayan məsələlər üzrə qəbul etdikləri qərarları ləğv etmək;
3.2.10. müəssisənin fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən hüquqları həyata keçirmək.
4.1. Şuranın tərkibi müəssisədə tutduqları vəzifələrinə görə Şuranın tərkibinə daxil olan üzvlərdən və seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılır və müəssisənin tabe olduğu dövlət orqanı (qurumu) tərəfindən təsdiq edilir.
4.2. Şuranın səlahiyyət müddəti 5 ildir. Şuranın tərkibinin vaxtından əvvəl buraxılması və yenidən təşkili onun üzvlərinin ən azı 2/3 hissəsinin vəsatəti və ya müəssisənin tabe olduğu dövlət orqanının (qurumunun) qərarı ilə həyata keçirilə bilər.
4.3. Tutduqları vəzifələrinə görə Şuranın tərkibinə müəssisənin rektoru (sədr), tədris məsələləri üzrə prorektor (sədr müavini), digər prorektorlar, dekanlar, müəssisənin elmi katibi (Şuranın katibi), Həmkarlar İttifaqı Komitələrinin (əməkdaşların, tələbə və doktorantların), Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının sədrləri, müəssisənin filiallarının, elmi tədqiqat institutlarının, tabeliyində olan kolleclərinin direktorları və məzunlar birliyinin rəhbərləri daxildir.
4.4. Şuranın seçkili üzvlərinin sayı tutduqları vəzifələrinə görə Şuranın tərkibinə daxil olanların sayından 10 faiz çox müəyyənləşdirilir. Seçkili üzvlərin sayının 20 faizi tələbələr və doktorantlar (bundan sonra - tələbələr) olmalıdır. Seçkili üzvlərin ümumi sayı müəssisənin fakültələri üzrə onların akademik heyəti və tələbələrinin sayından asılı olaraq mütənasib surətdə bölünür.
4.5. Şuranın seçkili üzvlərinin seçilməsi aşağıdakı qaydada aparılır:
4.5.1. Şuranın akademik və elmi heyətlərindən (assistent, müəllim, baş müəllim, dosent, professor, elmi işçilər, laboratoriya müdirləri və s.) olan seçkili üzvləri hər bir fakültənin akademik və elmi heyətlərindən ibarət ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Ümumi iclasa prorektorlardan biri sədrlik edir.
4.5.2. Tələbələr sırasından olan seçkili üzvlər Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərinin sədrlik etdiyi tələbələrin ümumi iclasında (hər 200 nəfərə 1 nümayəndə olmaqla fakültələrdən seçilmiş nümayəndələrin iştirakı ilə) gizli səsvermə yolu ilə seçilir.
4.5.3. Bu Əsasnamənin 4.5.1-ci və 4.5.2-ci yarımbəndlərində qeyd olunan ümumi iclaslar (bundan sonra - ümumi iclaslar) səsvermə hüququ olan üzvlərin 2/3-si iştirak etdiyi halda səlahiyyətli sayılır.
4.5.4. Ümumi iclaslarda seçkidə iştirak edən hər bir namizəd (şəxsin namizədliyi kafedra və ya özü tərəfindən iclasa ən azı 1 gün qalmış irəli sürülə bilər) haqqında məlumat dinlənilir və bütün namizədlərin adı və soyadı səsvermə bülleteninə (əlavə olunur) daxil edilir.
4.5.5. Ümumi iclas iştirakçılarının sayını, eləcə də səsvermənin nəticələrini hesablamaq üçün səsvermə hüququ olmayan və iclasa dəvət olunanlar arasından seçilən 3 nəfərdən ibarət Hesablama Komissiyası yaradılır. Hesablama Komissiyası səsvermənin nəticəsini hər bir namizəd üzrə ayrı-ayrılıqda həmin gün elan edir, Komissiyanın protokolu ümumi iclas tərəfindən rəsmiləşdirilir və seçki sənədlərinə əlavə edilir.
4.5.6. Səsvermədə iştirak edənlərin 50 faizindən artıq olmaqla daha çox səs toplayanlar fakültəyə ayrılan yerlərin sayına uyğun Şuraya üzv seçilmiş sayılır. Birinci mərhələdə fakültəyə ayrılan yerlərin sayına uyğun namizəd seçilmədikdə boş qalan yerlər üçün həmin iclasda eyni qaydada təkrar səsvermə keçirilir. Təkrar səsvermə nəticəsində yenə boş yer qalarsa, bu halda həmin yerlərə yenidən 1 ay müddətində seçki keçirilir və əvvəlki namizədlər də həmin seçkidə iştirak edə bilirlər.
4.5.7. Seçki ilə əlaqədar şikayətlər, ümumi iclasın iştirakçıları tərəfindən, seçkilərdən sonra 3 iş günü müddətində müəssisənin rektoruna və ya müəssisənin tabe olduğu dövlət orqanına (qurumuna) verilə bilər.
4.6. Seçki zamanı prosedurun pozulması halı aşkar olunduqda, seçkilərin nəticələri müəssisənin rektoru (Şuranın tərkibi təsdiq olunana qədər) və ya müəssisənin tabe olduğu dövlət orqanı (qurumu) (Şuranın tərkibi təsdiq olunduqdan sonra) tərəfindən ləğv edilir və bu barədə müvafiq əmr verilir.
4.7. Şuranın üzvü işdən (vəzifədən) çıxdıqda (tələbə müəssisədən xaric olunduqda, akademik məzuniyyət götürdükdə, təhsil müəssisəsindən məzun olduqda), vəfat etdikdə və ya öz ərizəsi əsasında Şuranın tərkibindən çıxarılır. Şuranın seçkili üzvü iclaslara üzrsüz səbəbdən ardıcıl olaraq 3 dəfə gəlmədikdə və ya nizam-intizam qaydalarını kobud şəkildə pozduqda Şuranın tərkibindən çıxarılır.
4.8. Şuranın tərkibindən çıxarılanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən üzvün səlahiyyət müddəti Şuranın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.
4.9.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
4.9.2. Şuranın növbəti və növbədənkənar iclaslarını çağırır, növbədənkənar iclasın keçirilməsi tarixini və yerini müəyyən edir;
4.9.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;
4.9.4. Şura iclaslarının protokollarını və Şuranın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır.
4.10. Şuranın sədri müvəqqəti işdə olmadıqda, onun səlahiyyətlərini sədrin müavini icra edir.
4.11. Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri (iclasların təşkili, protokollaşdırılması, qərarların həyata keçirilməsi barədə məlumatların verilməsi və s.) Şuranın katibi yerinə yetirir.
4.12. Şuranın üzvləri:
4.12.1. Şuranın iclaslarının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsində və onlar barədə qərarların qəbul edilməsində, gizli və açıq səsvermələrdə iştirak edir;
4.12.2. Şuranın tərkibinin vaxtından əvvəl buraxılması və yenidən təşkili, həmçinin onun növbədənkənar iclasının keçirilməsi ilə bağlı Şuranın sədri qarşısında vəsatət qaldırır;
4.12.3. Şuranın tərkibində yaradılan komissiyalara üzv seçilə və onların işində iştirak edə bilir.
4.13. Şuranın iclası onun üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir.
4.14. Şuranın növbəti iclasları tədris ili müddətində iki ayda bir dəfədən az olmayaraq, iş planında müəyyən edilmiş tarixlərdə keçirilir.
4.15. Şuranın növbədənkənar iclasları Şura sədrinin və ya üzvlərinin 2/3 hissəsinin təşəbbüsü ilə çağırılır.
4.16. Şuranın növbəti və növbədənkənar iclasının gündəliyi və iclasın gündəliyinə daxil edilmiş məsələlərə dair materiallar iclasa azı 5 (beş) iş günü qalmış Şuranın katibi tərəfindən Şura üzvlərinə göndərilir.
4.17. Şuranın gündəliyinə daxil edilmiş məsələlər Şuranın üzvləri tərəfindən müzakirə edilir. Şuranın tədris, elmi və sosial məsələlərlə bağlı qərarları açıq səsvermə ilə, professor və dosent elmi adları, eləcə də fəxri adların verilməsinə dair təqdimatlarla bağlı qərarları isə gizli səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Səsvermə zamanı Şura üzvlərinin bitərəf qalmasına icazə verilmir.
4.18. Şuranın qərarları protokolla rəsmiləşdirilir və müəssisənin rektoru tərəfindən təsdiq olunur.
4.19. Şuranın qərarlarının icrası müəssisə və onun rəhbəri üçün məcburidir.
4.20. Əldə olunmasına Qanunla məhdudiyyət qoyulmuş məlumatları özündə ehtiva edən qərarlar istisna olmaqla, Şuranın qərarları təhsil prosesinin iştirakçıları üçün açıq elan edilir.
4.21. Şuranın prosedur pozuntusu ilə qəbul etdiyi və ya qanunvericiliyə zidd olan qərarı müəssisənin tabe olduğu dövlət orqanı (qurumu) tərəfindən ləğv edilir.
4.22. Şuranın qərarından inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edilə bilər.
____________________________________________________ Elmi Şurasına seçki üzrə
__________________________________________________________________________
______________________________________________ ümumi iclasında gizli səsvermə
Namizədə münasibət onun adını saxlamaq (lehinə) və ya üstündən xətt çəkməklə (əleyhinə) bildirir.
Hər bir seçici yalnız ayrılmış yerlərin sayı qədər namizədə səs verə bilər. Bülletendə bu saydan çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır.