Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”, “Torpaqların texniki uçotunun aparılması Qaydaları”, “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”, “Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə” və “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli 34 nömrəli qərarı (7-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 iyun 1999-cu il
1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq, torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların keyfiyyət xarakteristikası, habelə torpaqların bonitrovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı aparılır.
2. Dövlət torpaq kadastrı respublikada vahid sistem üzrə aparılır və geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı əsasında torpaq, geobotanika və digər axtarış-tədqiqatların aparılması, torpaq istifadəçiliyinin qeydiyyatı, torpaqların uçotu və qiymətləndirilməsi, eroziyaya uğraması, humusun itirilməsi, şorlaşması, şorakətləşməsi, bataqlaşması, təhlükəli maddələrlə çirklənməsi, habelə torpaqların münbitliyini səciyyələndirən göstəricilər kompleksi üzrə kənd təsərrüfatında istifadə edilən torpaqların mədəniləşdirilməsi dərəcəsinin dinamikası üzərində yerüstü səyyar, stasionar və kənardan idarə (aerokosmik) metodları kompleksindən istifadə ilə təmin edilir.
Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların tematik xəritələnməsi və onların vəziyyəti üzərində nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş metodika və proqramlar üzrə aparılır.
4. Kadastr məlumatlarının dəqiqləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə:
a) mülkiyyət növündən asılı olmayaraq, bütün torpaq istifadəçiləri onların mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqların tərkibində baş verən dəyişikliklər barədə hər il yanvarın birinə müvafiq yerli icra hakimiyyəti orqanının kənd, qəsəbə və rayon tabeli şəhərlərdəki nümayəndəsinə və ya bələdiyyəyə, onlar isə öz növbəsində müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanına müəyyən edilmiş formada kağız və elektron daşıyıcılarda hesabat verirlər;
b) rayon (şəhər) icra hakimiyyəti orqanları öz inzibati ərazi hüdudunda torpaq sahələrinin kəmiyyət və istifadəsi üzrə hesabatı kağız və elektron daşıyıcılarda fevralın 20-dək, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti isə martın 1-dək təsdiq edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edirlər;
c) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rayonlar, rayon və respublika tabeli şəhərlər, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında (yanvarın 1-nə olan vəziyyət üzrə) kağız və elektron daşıyıcılarda hesabat tərtib edir. Hesabatlara ümumi torpaq sahələrinin (o cümlədən, suvarılan torpaq sahələrinin) kəmiyyəti, keyfiyyəti və onlarda baş verən dəyişikliklər, onların növləri, habelə torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında məlumatlar daxil edilir.
Torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlar torpaq qanunvericiliyində müəyyən edilmiş qaydada baxılır və təsdiq edilir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə barədə ayrı-ayrı rayonlar, respublika tabeli şəhərlər və Naxçıvan Muxtar Respublikası üzrə ümumi hesabatı hər il aprelin 30-dək öz kollegiya iclasında təsdiq edərək kağız və elektron daşıyıcılarda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Statistika Komitəsinə təqdim edir.
Dövlət torpaq kadastrının aparılması prosesini tənzimləyən texniki (forma və ona əlavələr) sənədlərin nümunələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunur.
6. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
Bu Qaydalar “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi üzrə məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq, mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin istifadə etdikləri torpaqların texniki uçotunun aparılması müəyyən edir.
1. Azərbaycan Respublikasının vahid torpaq fondunda torpaqların texniki uçotunu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti aparırlar.
2. Torpaqların texniki uçotunun aparılmasında məqsəd bütün torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin istifadəsində olan torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını (suvarılan və dəmyə sahələr ayrılmaqla) və baş vermiş dəyişiklikləri düzgün müəyyənləşdirərək, torpaqlardan tam və səmərəli istifadə edilməsi üçün zəmin yaratmaq, torpaqların münbitliyinin artırılması tədbirlərini tövsiyə etmək, habelə torpaq ehtiyatlarının mülkiyyət formaları üzrə hesabatını dəqiqləşdirmək, yekun torpaq balansı tərtib etmək, torpaq istifadəçiliyində ciddi qayda yaratmaq və torpaq uçotunun nəticələrini xəritələşdirməkdən ibarətdir.
3. Torpaqların texniki uçotu topoqrafik xəritə və planlar əsasında aşağıdakı ardıcıllıqla aparılır:
a) təsərrüfatın faktiki sərhədi naturada şəhərsalma məlumatları nəzərə alınmaqla dəqiqləşdirilir və sərhəd daxilində fəaliyyət göstərən bütün torpaq istifadəçilərinin sərhədləri fotoplanlara keçirilir;
b) sərhəd daxilində olan bütün konturların (çevrələrin) daxilindəki kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin, çoxillik əkmələr, dinc, biçənək, örüş), topoqrafik elementlər, meşələr, kolluqlar, daşlıqlar, qumsallıqlar, bataqlıqlar və sair torpaqlar istifadə edilib-edilməməsindən asılı olmayaraq planda şərti işarələrlə göstərilir;
c) çöl-tədqiqat işləri qurtardıqdan sonra fotoplanlarda müəyyən edilmiş konturlar hesablanır və təsərrüfatlar üzrə yekun torpaq eksplikasiyası tərtib edilir;
ç) çöl-torpaq tədqiqatı materiallarına əsasən hər bir torpaq istifadəçiliyi üzrə 1:5000, 1:10000, 1:25000 miqyasında, zəruriyyət yarandıqda isə daha iri miqyaslı yerquruluşu planları hazırlanır.
4. Ayrı-ayrı inzibati ərazi vahidliyi üzrə torpaqların texniki uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunmuş xüsusi hesabat formalarına əsasən aparılır və həmin formalarda hər il 1 yanvar tarixə baş vermiş dəyişikliklər, sahə kadastrlarının məlumatları nəzərə alınır və bu məlumatlar torpaq balansında əks etdirilir.
Torpaqların texniki uçotunun nəticələri torpaq hesabatı formalarında aşağıdakı ardıcıllıqla qeydə alınır:
a) dövlət mülkiyyətində saxlanılan torpaqlar üzrə:
dövlət elmi müəssisə və təşkilatların və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;
dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan, habelə dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar;
yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;
meşə fondu torpaqları;
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri;
təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları;
dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;
dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;
dövlət ehtiyat torpaqları.
b) bələdiyyə mülkiyyətinə verilən torpaqlar üzrə:
dövlət və bələdiyyə fondunun özəlləşdirilən torpaqları;
fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar;
yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar;
islahat zamanı sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin daimi istifadəsində olan torpaqlardan bələdiyyə mülkiyyətinə verilən torpaqlar;
hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları;
ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları;
başqalarının mülkiyyətinə, daimi istifadəsinə və icarəsinə verilməmiş digər torpaqlar.
c) xüsusi mülkiyyətə verilən və xüsusi mülkiyyətdə olan torpaqlar üzrə:
sovxoz və kolxozların özəlləşdirilən torpaqları;
alqı-satqı və digər əqdlər nəticəsində mülkiyyətə əldə edilən torpaqlar.
5. Ayrı-ayrı inzibati ərazi vahidinin ərazisində torpaqların texniki uçotu mülkiyyət formaları üzrə hesablanır və ərazi vahidi üzrə icra (bələdiyyə) nümayəndəsi tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə rayon (şəhər) icra hakimiyyəti (bələdiyyə) orqanına təqdim edilir.
6. Rayon (şəhər) icra hakimiyyəti orqanı (bələdiyyə) və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti rayonun (şəhərin) və Naxçıvan Muxtar Respublikasının inzibati sərhədi daxilində dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və özəlləşdirilən torpaqların texniki uçotunun nəticələrini digər sahə kadastrları və şəhərsalma məlumatlarını nəzərə almaqla təsdiq edir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir.
7. Rayon (şəhər) icra hakimiyyəti orqanlarından (bələdiyyələrdən) və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən daxil olan sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təhlil olunur və torpaqların texniki uçotunun nəticələri respublika üzrə ümumiləşdirilir.
Bu Qaydalar “Dövlət torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və torpaq-kadastr sənədlərinin aparılması qaydalarını müəyyən edir.
1. Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir.
2. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir.
Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlər hüquqi torpaq-kadastr sənədləri hesab olunur.
4. Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə aparılan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir:
torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin qeydiyyat kitabları, plan-xəritə materialları, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uçotunun illik hesabat formaları, cədvəlləri və jurnalları;
şəhərsalma kadastrının məlumatları və materialları nəzərə alınmaqla, torpaq sahələrinin ölçülərini, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən kənd, qəsəbə, rayon, şəhər, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə torpaq-kadastr kitabları və xəritələri.
4-1. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Vahid torpaq kadastr sənədləri sistemini tamamlayan digər texniki sənədləri, arayışları və formaları Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təsdiq edir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş qərar əsasında qanunvericiliklə müəyyən edilmiş formada sənədləri hazırlayır.
14. Bu sənədlər qeydiyyatdan keçirilərək torpaq mülkiyyətçisinə və istifadəçisinə verilmək üçün müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim olunur.
15. Hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti mərzlərlə ayırırlar.
Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi, mühafizəsi qaydalarını və şərtlərini müəyyən edir.
1. Dövlət torpaq kadastrı fonduna (bundan sonra “Fond” adlanacaq) Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxildir.
2. Fond Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) sərəncamındadır.
4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələr, müəlliflik və mülkiyyət hüququ saxlanılmaqla, torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə hazırlanmış materialların bir nüsxəsini qanunvericiliklə müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməlidirlər.
5. Dövlət torpaq kadastrı fondu, dövlət geodeziya və kartoqrafiya fondu və digər kadastr fondları ilə əlaqəli şəkildə qurularaq vahid informasiya fondunun tərkib hissəsini təşkil edir.
6. Fondun idarəetmə strukturu iş planı əsasında fəaliyyət göstərməklə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin siyahısına uyğun olaraq məhv edilməsi nəzərdə tutulmuş bəzi fond məlumatlarının və materiallarının müəyyən edilməsini, yeni hazırlanmış məlumat və materialların qəbulunu fondun idarəetmə strukturuna daxil olan ekspert komissiyası vasitəsi ilə həyata keçirir.
7. Ekspert komissiyasının fond ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq tənzimlənir.
II. Fondun yaradılması mənbələrİ
1. Fondun yaradılması mənbələri aşağıdakılardır:
bu Əsasnamə qüvvəyə mindiyi günədək Əmlak Məsələləri Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin arxivində mühafizə edilən və məhv olunması nəzərdə tutulmayan, eləcə də məhvedilmə müddəti çatmamış torpaq kadastrı məlumatları və materialları;
bu Əsasnamə qüvvəyə mindiyi gündən sonra Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və digər icraçı təşkilatlar tərəfindən hazırlanacaq torpaq kadastrı məlumatları və materialları;
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən hər ilin 01 yanvar vəziyyətinə təqdim olunan torpaq kadastrı məlumatları və materialları;
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən təqdim olunan torpaq kadastrı məlumatları və materialları;
torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təqdim olunan məlumatlar;
digər sahə kadastrlarının məlumatları.
III. Fonddan İstİfadə və onun mühafİzəsİ qaydaları
1. Fond Əmlak Məsələləri Dövlət Xidmətində yaradılır.
2. Fondun məlumat və materialları müasir kompüter texnikası vasitəsilə mərkəzləşdirilmiş qaydada sistemləşdirilir.
3. Fondun məlumat və materiallarından yazılı və ya elektron sorğu ilə istifadə hüququ aşağıdakılara verilir:
Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə yeni torpaq kadastrı məlumatları və materiallarının hazırlanması və digər xidməti məqsədlər üçün;
Əmlak Məsələləri Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə xidməti istifadə üçün;
Dövlət orqanlarına və bələdiyyələrə xidməti istifadə üçün;
Vətəndaşlara və hüquqi şəxslərə onların mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarla bağlı məsələlərə baxılması üçün;
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslara və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün;
icra məmurlarına “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi üçün.
4. Fondun məlumatlarından və materiallarından istifadə qaydaları aşağıdakı ardıcıllıqla həyata keçirilir:
4.1. Fondun məlumatlarından və materiallarından istifadə etmək üçün bu Əsasnamənin III bölməsinin 3-cü bəndində nəzərdə tutulan istifadəçilər tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin adına rəsmi qaydada müraciət (vətəndaşlar tərəfindən ərizə) edilir.
İnformasiya sistemləri vasitəsilə göndərilmiş elektron sorğu əsasında dövlət torpaq kadastrı məlumatları 1 (bir) gün ərzində təqdim edilir.
4.2. Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi həmin müraciətə 5 gün müddətində baxır, məlumat və materiallardan istifadəyə icazə verilməsi barədə fondun rəhbərinə müvafiq tapşırıq verir.
4.3. Fondun ekspert komissiyası həmin tapşırığa uyğun olaraq, bir gün ərzində istifadəsi tələb olunan məlumatları və materialları müəyyən edir.
4.4. Dövlət torpaq kadastrı məlumatlarından və materiallarından fondun daxilində istifadəsinə 2 gün ərzində icazə verilir.
4.5. Dövlət torpaq kadastrı məlumatları və materiallarından surət (dublikat) çıxarılması zərurəti yarandıqda (məxfi qrifləri olan materiallar istisna edilməklə), həmin surət fondun rəhbəri tərəfindən sifarişçinin vəsaiti hesabına hazırlanır. Bu məqsədlə ekspert komissiyası material və əmək sərfinin dəyərini əvvəlcədən sifarişçiyə (dövlət tapşırıqlarını icra edən sifarişçilər istisna olmaqla) bildirir və sifarişçi həmin məbləğdə maliyyə vəsaitini Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq bankdakı hesablaşma hesabına ödəyir və ödəmə barədə qəbzi fondun rəhbərinə təqdim edir.
4.6. Fondun materiallarından fondun ərazisindən kənarda istifadə müddəti səlahiyyətli orqanlar tərəfindən icraçıya tapşırılmış işin icra müddətindən artıq ola bilməz.
5. Dövlət torpaq kadastrı fondunun məlumatları aşağıdakı işlərdə istifadə edilir:
torpaq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində;
torpaqların səmərəli istifadəsinə, münbitliyinin artırılmasına, qorunmasına, digər torpaq mühafizəsi tədbirlərinə dair kompleks dövlət proqramlarının hazırlanmasında və yerinə yetirilməsində;
yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında;
şəhərsalma, meşəsalma, tikinti, meliorasiya, irriqasiya, geodeziya, topoqrafiya, geoloji kəşfiyyat və axtarış işlərinin layihələşdirilməsində və aparılmasında;
torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin müəyyənləşdirilməsində, torpaq reyestrinin tərtibində və torpaq bazarının formalaşdırılmasında;
icarə haqqının müəyyənləşdirilməsində və tətbiqində;
torpaq informasiyası sisteminin və məlumat bankının yaradılmasında və istifadəsində;
torpaqların istifadəsinə, mühafizəsinə və torpaq münasibətlərinin tənzimlənməsinə dövlət nəzarətinin həyata keçirilməsində;
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsində;
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsində;
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının bərpa olunan enerji mənbələrinin potensialı atlasının formalaşdırılması və aktuallığının təmin olunmasında.
6. Fondda saxlanılan topoqrafiya-geodeziya, kartoqrafik, qravimetrik, aero və kosmik planaalma materiallarının məxfiliyi bu sahədə qüvvədə olan xüsusi təlimata uyğun olaraq təmin edilir və bu təlimatın tələbləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.
7. Fondun surət (dublikat) çıxarılması icazə verilməyən materiallarından müvəqqəti istifadəyə bu Əsasnamənin III bölməsinin 6-cı bəndində nəzərdə tutulmuş təlimata uyğun olaraq, fondun daxilində icazə verilir.
8. Fondun məlumatları dövlət orqanlarının, bələdiyyələrin müvafiq qərar qəbul etməsi üçün əsasdır.
Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına müvafiq hazırlanmış və torpaqların monitorinqinin aparılması qaydalarını tənzimləyir.
1. Monitorinq – hər hansı bir təbii obyektdə təbii proseslərin gedişini izləmək, daha geniş mənada bu sahədə çoxməqsədli informasiya məlumatları toplamaq sistemidir. Monitorinqin əsas vəzifəsi obyekti müşahidə etmək, antropogen təsirlər nəticəsində insan orqanizmi, bütöv canlı aləm və ətraf mühit üçün kritik situasiyaların yaranması haqqında toplanmış məlumatların nəticələrinə əsasən xəbərdarlıq etmək, təbii mühitin vəziyyətini qiymətləndirmək və proqnozunu verməkdir.
Əhatə dairəsinə görə monitorinq lokal (məhdud məhəlli sahədə), regional və qlobal-biosfer sahələrə bölünür.
Təyinatına görə isə monitorinq baza, yaxud fon, impakt, regional və sürətli lokal təsir dairələrinə bölünür.
2. Torpaqların monitorinqi torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, onların qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün vahid torpaq fondunun istifadə vəziyyəti üzərində müntəzəm müşahidə sistemidir.
3. Torpaqların monitorinqi bütövlükdə biosfer monitorinqinin tərkib hissəsi kimi Azərbaycan Respublikasının vahid torpaq fondunda inzibati ərazi vahidləri üzrə vahid metodologiya əsasında aparılır və aşağıdakıları nəzərdə tutur:
torpaq üzərində müntəzəm müşahidələr, torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji aerofotogeodezik, kartoqrafik, digər çöl və laboratoriya tədqiqatları əsasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin eroziyaya uğraması, şorlaşması, şorakətləşməsi, bataqlaşması, səhralaşması, təhlükəli kimyəvi maddələrlə çirklənməsi, təyinatının, ölçülərinin, sərhədlərinin və digər kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsini öyrənir;
torpaqlarda humusun itirilməsi, torpaqların təbii münbitliyini səciyyələndirən dagər parametrlər üzrə kənd təsərrüfatında istifadə edilən torpaqların mədəniləşdirilməsi dərəcəsinin dinamikası, təbii və antropogen proseslər nəticəsində müxtəlif dərəcədə pozulmuş torpaqların rekultivasiyası üzərində səyyar, stasionar və məsafədən idarə olunan (aerokosmik tədqiqatlar) metodlar kompleksindən istifadə etməklə müşahidələrin aparılmasını əhatə edir;
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti elmi müəssisə və təşkilatları ilə razılaşdırmaqla:
torpaq (torpaq-aqrokimyəvi və torpaq-meliorasiya tədqiqatları da daxil olmaqla) iqlim, aqroekoloji, geobotanika və digər elmi-tədqiqat və axtarış işlərinin aparılması, torpaq sahələrinin müxtəlif miqyaslarda xəritələşdirilməsi, torpaqların istifadə vəziyyəti üzərində operativ monitorinq müşahidələrinin aparılması üçün zəruri olan plan-xəritə materiallarının tərtib edilməsi üzrə təlimatlar və metodik göstərişlər işləyib hazırlayır və təsdiq edir;
torpaq ehtiyatlarının səmərəli istifadə vəziyyəti barədə uzunmüddətli və operativ informasiyaya olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir. Torpaqların monitorinq müşahidələrinin daim təkmilləşdirilməsi üzrə torpaqların mühafizəsi ehtiyaclarına dair məlumatların monitorinq sənədlərinə daxil edilməsi üzrə tədbirlər görür;
torpaqların monitorinqi əsasında torpaqların istifadəsinin ekoloji vəziyyəti, mühafizəsi barədə, proqnozlar, proqramlar, xəritə və bülletenlər və sair məlumatlar hazırlayır;
torpaqların monitorinqi ilə bağlı toplanmış materialların və məlumatların sistemləşdirilməsini, eyni zamanda həmin məlumatların təhlil edilməsini, saxlanılmasını və nəşrini təmin edir;
5. Torpaqların monitorinqi ilə bağlı məlumatların dəqiqləşdirilməsi və təhlili məqsədilə;
a) mülkiyyət formasından asılı olmayaraq bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqların tərkibində baş vermiş dəyişikliklər barədə hər il yanvarın birinə icra hakimiyyəti orqanının (bələdiyyənin) kənd, qəsəbə və rayon tabeli şəhərlərindəki nümayəndəsinə, onlar isə öz növbəsində müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanına (bələdiyyəsinə) müəyyən edilmiş formada hesabat verirlər;
b) rayon, (şəhər) icra hakimiyyəti orqanları (bələdiyyələr) öz inzibati ərazi hüququna torpaqdan səmərəli istifadənin vəziyyəti üzrə (keyfiyyət dəyişiklikləri barədə) hesabatı fevralın 20-dək, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti isə martın 1-dək təsdiq edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edirlər;
c) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rayonlar, rayon və respublika tabeli şəhərlər, Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə torpaqların vəziyyəti barədə (yanvarın 1-nə olan vəziyyət) hesabat tərtib edir. Həmin hesabatlara aşağıdakılar daxil edilir:
torpaqlarda baş verən eroziya, səhralaşma, şorlaşma, şorakətləşmə, bataqlaşma və s. prosesləri, habelə torpaqlarda antropogen və təbii amillərin təsiri nəticəsində baş verən digər dəyişikliklər haqqında məlumatlar.
torpaqların ümumi fiziki-kimyəvi və bəzi mühüm aqronomik göstəricilərinə aid çöl və laboratoriya tədqiqatlarının nəticələri haqqında məlumatlar.
dövlət yay və qış otlaqlarının torpaq, geobotaniki və yem vahidi göstəricilərinin çöl və laboratoriya nəticələri haqqında məlumatlar.
6. Torpaqların monitorinqi respublika, regional və yerli proqramlar əsasında ixtisaslaşmış elmi müəssisə və təşkilatlara Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən sifarişlərə uyğun aparılır.
7. Torpaqların monitorinq müşahidələrinin çöl və laboratoriya tədqiqatlarının nəticələri mətn, cədvəl və qrafik materiallar hər il hesabat şəklində ayrılıqda tərtib edilir. Torpaqların keyfiyyəti və onların istifadə vəziyyəti haqqında məlumatlar müvafiq hesabatlara daxil edilir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Respublikanın vahid torpaq fondunda baş vermiş bütün mənfi və müsbət dəyişikliklər barədə ayrı-ayrı rayonlar, rayon mərkəzləri, respublika tabeli şəhərlər və Naxçıvan muxtar Respublikası üzrə ümumiləşdirilmiş hesabatı hər il aprelin 30-dək öz kollegiya iclasında təsdiq edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təqdim edir.
9. Torpaqların monitorinqinin aparılması prosesini tənzimləyən texniki (forma və ona əlavələr) sənədlərin nümunələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunur.
10. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının ərazisində yerquruluşu işlərinin aparılması qaydasını müəyyən edir.
1. Yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.
3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.
4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır:
qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması:
mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması;
mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması;
məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması;
torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi;
istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması;
torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi;
torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.
5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır:
torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi;
növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili;
çoxillik əkmələrin ərazilərinin təşkili;
təbii yem bitkilərinin ərazilərinin təşkili.
6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.
7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.
8. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən yerquruluşu işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 1999-cu il tarixli 180 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 654)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №2, maddə 116)
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 70)
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2001-ci il tarixli 100 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №5, maddə 350)
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675)
6. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)
7. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
8. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2015-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1223)
9. 4 noyabr 2015-ci il tarixli 347 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1411)
10. 6 oktyabr 2016-cı il tarixli 390 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1708)
11. 28 aprel 2017-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 657)
12. 3 may 2017-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 may 2017-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 965)
13. 28 mart 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 629)
14. 26 oktyabr 2020-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 oktyabr 2020-ci il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1302)
15. 19 noyabr 2021-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-cu il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1284)
16. 13 noyabr 2023-cü il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 noyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 15 noyabr 2023-cü il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1574)
17. 4 dekabr 2023-cü il tarixli 435 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 dekabr 2023-cü il, “Xalq” qəzeti, 6 dekabr 2023-cü il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1770)
18. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208)
19. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)
20. 2 iyul 2025-ci il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyul 2025-ci il, “Xalq” qəzeti, 4 iyul 2025-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 695)