Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Suların dövlət uçotu Qaydası”nın 7-ci və 9-cu hissələrinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Kollegiyası
1. “Dövlət uçotuna alınacaq su istifadəçilərinin Siyahısı” təsdiq edilsin (əlavə 1).
2. “Su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparmaq məqsədilə (yerüstü və yeraltı sular bölmələri üzrə) formalar” təsdiq edilsin (əlavə 2).
3. Hüquq və insan resursları şöbəsinə (N. Yusubova) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi üçün zəruri tədbirlər görsün.
4. Ümumi şöbəyə (T. Kərimli) tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
1. Su obyektlərindən (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular) su götürüb tullantı sularını su obyektlərinə axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
2. Su obyektlərindən (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular) su götürüb tullantı sularını kanalizasiya sisteminə və relyefə axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
3. Su təchizatı sistemləri vasitəsilə suyu götürüb tullantı sularını su obyektlərinə (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular) axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Qeyd: Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin adlı siyahısı cari ilin noyabr ayının 15-dək dürüstləşdirilməklə hər növbəti il üçün yenidən müəyyən edilir.
Su mənbələrindən və su təchizatı sistemlərindən götürülən, su istifadəçilərinə verilən və ya su mənbələrinə axıdılan, sızma, buxarlanma sahələrində, su yığılan sahələrdə və digər hallarda istifadə edilən suyun miqdarının, həmçinin dövrü və dövrü-təkrar su təchizatı sistemlərindən işlədilən suların miqdarının təyin olunması üçün bu formadan istifadə olunur. İUF-1 formasına daxil edilən məlumatlar, gündəlik aparılmış ölçü işlərinin nəticəsinə əsasən yazılır.
2-ci və 3-cü sütunlarda sərf ölçən cihazdan istifadə olunduqda götürülən və axıdılan, sayğacdan istifadə olunduqda isə müvafiq cihazın əvvəlki və sonrakı göstəriciləri qeyd olunur.
4-cü və 5-ci sütunlarda sərf ölçən cihazın işləmə vaxtı qeyd olunur.
Sərfölçən cihazdan istifadə edildikdə cihazın göstəricisi işləmə vaxtına vurulmaqla suyun həcmi müəyyən edilir və götürülən və ya axıdılan suya münasibətdə 6-cı və 7-ci sütunlarda qeyd olunur.
Sayğacdan istifadə olunduqda isə, cihazın əvvəlki və sonrakı göstəricilərinin fərqi tapılmaqla 6-cı və 7-ci sütunlarda göstərilir.
Aylıq nəticələr min kub metrlə 2-TG (Su təsərrüfatı) formasında göstərilir.
İUF-1 forması hər ay təyin olunmuş məsul şəxs tərəfindən aparılır və imzalanır.
Əgər su sərfi ölçən cihazların işində nasazlıq yaranarsa və bu cihazlar mövcud deyilsə, suyun ilkin uçotu İUF-2 forması ilə aparılır.
Bu formadan ölçü cihazları olmayan hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən suyun miqdarını müəyyən etmək üçün istifadə olunur.
Əgər suyun uçotu bir kub metr suyun götürülməsinə (qurğu ilə vurulmasına) sərf olunan elektrik enerjisinə görə aparılırsa, onda 4-cü və 5-ci sütunlarda hesabat dövründə sərf olunan elektrik enerjisinin miqdarı (gündəlik) kVt/saatla göstərilir. Su sərfinin miqdarı 4-cü və 5-ci sütunlardakı göstəricinin 2-ci və 3-cü sütunlardakı göstəriciyə bölməklə tapılır və 6-cı və 7-ci sütunlarda yazılır.
Suyun sərfi nasos və ya digər su vurucu qurğunun məhsuldarlığını onun işləmə saatına vurmaqla tapılır. Su vurucu qurğunun məhsuldarlığı onun iş xarakteristikasına əsasən sərfin gücdən və təzyiqdən asılılığı əyrisinə görə təyin edilir. İUF-2 formasında hər bir nasos və ya suvurucu qurğunun işə salınma və dayandırılma vaxtları dəqiq qeyd olunmalıdır.
Suyun miqdarı buraxılan məhsulun miqdarına əsasən təyin edilirsə, 4-cü və 5-ci sütunlarda buraxılan məhsulun həcmi qəbul olunmuş ölçü vahidinə əsasən göstərilir.
2-ci və 3-cü sütunlardakı isə vahid həcmdə məhsulu istehsal etməyə lazım olan suyun miqdarı verilir. Gündəlik su sərfinin miqdarı 4-cü və 5-ci sütunlardakı rəqəmi 2-ci və 3-cü sütunlardakı rəqəmə vurmaqla təyin edilərək 6-cı və 7-ci sütunlarda yazılır.
Ayrı-ayrı texnoloji qurğularda suyun sərfi həmin qurğunun işlədiyi vaxt saatlıq istifadə olan suyun həcminə vurmaqla təyin edilir.
İUF-2 forması hər ay təyin olunmuş məsul şəxs tərəfindən aparılır və imzalanır.
Tullantı sularını axıdan hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu formanın aparılması məcburidir.
Axıdılan tullantı sularda çirkləndirici maddələrini təyin etmək məqsədilə bu formadan istifadə olunur. İUF-3 formada götürülən və axıdılan suların fiziki-kimyəvi və bioloji üsulla analizinin nəticələri göstərilir və göstəricilər 2-ci və 3-cü sütunlarda yazılır.
Suyun sərfi bir sətirdə göstərilməklə, analiz götürülən vaxta uyğun olmalıdır.
Gündəlik analizlə sularda olan çirkləndirici maddələr təyin edilirsə, onda çirkləndirici maddənin miqdarını gün ərzində axıdılan çirkab suyun həcminə vurmaqla alınan nəticə 4-cü və 5-ci sütunlarda yazılır.
Suyun analizinin hansı müddətdə (dekada, ay, rüb) aparılmasından asılı olaraq, çirkləndirici maddənin miqdarı, hesabat dövründə suyun həcminə vurulmaqla tapılır.
Axıdılmış çirkləndirici maddələrin il üzrə cəmi 2-TG(Su təsərrüfatı) statistik hesabat formasının tələbinə uyğun olaraq kiloqramla və ya tonla göstərilir.
Forma analizin aparılma müddətinə uyğun olaraq doldurulur. Bu cədvəldə keyfiyyət göstəricilərinə əsasən 2-TG(Su təsərrüfatı) statistik hesabatı 2-ci bölməsinin müvafiq bəndləri doldurulur.
İUF-3 forması hər ay təyin olunmuş məsul şəxs tərəfindən aparılır və imzalanır.