Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 aprel tarixli 655 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 iyul 2026-cı il
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
1.3. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
1.4.1. hamilə qadınlar;
1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil edilir.
2.2. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla, 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra – Sertifikatlaşdırma Şurası) yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.
2.3. Sertifikatlaşdırma Şurasına Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edir.
2.4. Sertifikatlaşdırma Şurasının tərkibi Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən təsdiq edilir. Sertifikatlaşdırma Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
2.5. Sertifikatlaşdırma Şurası:
2.5.1. sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;
2.5.2. sertifikatlaşdırmanın test və müsahibə mərhələlərinin proqramlarının hazırlanmasını təmin edir;
2.5.3. müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının hazırlanmasını təmin edir;
2.5.4. müsahibə komissiyalarının tərkibinə dair Nazirliyə təkliflər təqdim edir;
2.5.5. sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir;
2.5.6. sertifikatlaşdırmanın nəticələrini Nazirliyə təqdim edir.
2.6. İctimai nəzarətin təmin edilməsi məqsədilə Sertifikatlaşdırma Şurası dövlət orqanlarının (qurumlarının), beynəlxalq və qeyri-hökumət təşkilatlarının, habelə medianın nümayəndələrini sertifikatlaşdırmaya müşahidəçi qismində dəvət edir.
2.7. Müşahidəçilərin sertifikatlaşdırmanın gedişatına müdaxiləsi yolverilməzdir.
2.8. Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirliyin təhsil müəssisələrinin elektron idarəetmə sistemində “Sertifikatlaşdırma” altsistemi (bundan sonra – altsistem) yaradılır.
3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.
3.2. Sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir.
3.3. Nazirliyin mədəniyyət idarələri və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.
3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” yaradılır. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilməsi vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş təhsilverənin “Şəxsi kabinet”inə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsini təqdim etdikdə buraxılır.
3.5. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir.
3.6. Təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən bu Qaydanın tələblərinin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.
3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, ixtisasına (peşəsinə) və tədris etdiyi fənnə (fənlərə) aid olmaqla tərtib edilir.
3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə ixtisasına, tədris proqramlarına, tədris metodikasına (pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təhsilverənlərin etik davranışına aid 60 (altmış) sual təqdim edilir.
3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir.
3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.
3.13. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 (altmış) dəqiqə artırılır.
3.14. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 30 (otuz) dəqiqə vaxt ayrılır.
3.15. Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyaları yaradır və onların tərkiblərini təsdiq edir.
3.16. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:
3.16.1. komissiya tərəfindən təqdim edilən materialın, əsərin, tapşırığın və ya mövzunun təhlili, interpretasiyası və praktik tətbiqi bacarıqları;
3.16.2. tədris prosesinin təşkili və metodiki yanaşmaların tətbiqi bacarıqları;
3.16.3. müsahibə proqramına uyğun olaraq ixtisas üzrə praktik tapşırıqları, əsərləri, kompozisiyaları, məşğələləri, ifaları, rəsm, səhnə və ya digər yaradıcılıq nümunələrini təqdimetmə və icra bacarıqları;
3.16.4. emosional sabitlik, özünüifadə və ünsiyyət bacarıqları.
3.17. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür.
3.18. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
3.18.1. komissiya tərəfindən təqdim edilən materialın, əsərin, tapşırığın və ya mövzunun təhlili, interpretasiyası və praktik tətbiqi bacarıqları üzrə toplanılan balların 4 (dörd) misli;
3.18.2. tədris prosesinin təşkili və metodiki yanaşmaların tətbiqi bacarıqları üzrə toplanılan balların 3 (üç) misli;
3.18.3. müsahibə proqramına uyğun olaraq ixtisas üzrə praktik tapşırıqları, əsərləri, kompozisiyaları, məşğələləri, ifaları, rəsm, səhnə və ya digər yaradıcılıq nümunələrini təqdimetmə və icra bacarıqları üzrə toplanılan balların 2 (iki) misli;
3.18.4. emosional sabitlik, özünüifadə və ünsiyyət bacarıqları üzrə toplanılan balların 1 (bir) misli.
3.19. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri altsistemə daxil edilir.
3.20. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.
3.21. Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydanın müvafiq olaraq 3.14-cü və 3.19-cu bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.
3.22. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.
4.1. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə altsistemdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.
4.2. Altsistem vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
4.3. Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
4.4. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir.
4.5. Sertifikat təhsilverənin “Şəxsi kabinet”ində yerləşdirilir.
4.6. Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:
4.6.1. sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
4.6.2. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;
4.6.3. sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya üçüncü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);
4.6.4. təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
4.6.5. təhsilverənin çalışdığı müəssisənin (tabeliliyi göstərilməklə) adı;
4.6.6. təhsilverənin ixtisası və tədris etməsi mümkün olan fənnin (fənlərin) adı;
4.6.7. təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;
4.6.8. sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.
4.7. Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.
4.8. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər.
5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.