“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin müddəalarına uyğun olaraq qərara alıram:
1. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2005-ci il
1.1. Bu Əsasnamə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin müddəalarına uyğun olaraq dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin (bundan sonra - namizədlər) müsabiqəsinin keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
1.3. Test imtahanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) təklifi əsasında Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır.
1.5. Müsahibə bu Əsasnamənin 2-ci hissəsinə əsasən yaradılan Müsabiqə Komissiyası (bundan sonra – Komissiya) tərəfindən aparılır.
1.6. Müsabiqədə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin tələblərinə uyğun gələn Azərbaycan Respublikasının vətəndaşlarının (bundan sonra – şəxslər) iştirak etmək hüququ vardır.
1.7. Aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:
1.7.1. maliyyə, büdcə və iqtisadi sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
1.7.2. prokurorluq orqanlarında və hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər;
1.7.3. əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-ci bəndi ilə vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər;
1.7.4. informasiya texnologiyaları sahəsində vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
1.7.5. iqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
1.7.6. ali və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
1.7.7. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış şəxslər.
1.8. Bu Əsasnamənin 1.7-ci bəndində göstərilən şəxslər üçün “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 8-ci maddəsində müəyyən olunmuş yaş həddi tətbiq edilmir.
2.1. Müsabiqə ilə bağlı təşkilati məsələlərin həlli və müsahibənin keçirilməsi üçün Xidmət tərəfindən 9 nəfərdən ibarət Komissiya yaradılır. Komissiyanın tərkibi sədr (Xidmət rəisinin müavini), sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Xidmət rəisinin əmri ilə və təsdiq edilir.
2.2. Komissiya 3 il müddətinə təyin edilir və zərurət olduğu hallarda onun tərkibində müvafiq dəyişiklik edilə bilər.
2.2-1. Komissiya aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
2.2-1.1. qanunçuluq – müsabiqənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, habelə namizədlərlə bağlı məcburi tələblərin yalnız normativ hüquqi aktlarla müəyyənləşdirilməsi;
2.2-1.2. obyektivlik – namizədin dövlət vergi orqanlarında xidmətə uyğunluğunun bu Əsasnaməyə əsasən yalnız müsabiqə və ya müsahibə əsasında qiymətləndirilməsi;
2.2-1.3. qərəzsizlik – Komissiya üzvlərinin özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsir etməsinin, habelə malik olduğu hüquqlardan öz maraqları üçün istifadənin yolverilməzliyi;
2.2-1.4. müstəqillik – Komissiyanın və Komissiya üzvünün müsahibələr keçirilməsi və müsahibə üzrə qərar qəbul edilməsi ilə bağlı müstəqilliyi və onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi;
2.2-1.5. bərabərlik – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin müsabiqənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinə təminat verilməsi;
2.2-1.6. şəffaflıq və aşkarlıq – müsabiqənin nəticələrinin açıq elan edilməsi və müsahibə keçirilən zaman videoçəkilişdən istifadə olunması;
2.2-1.7. peşəkarlıq – namizədin potensial imkanlarından istifadə etməyin mümkünlüyünün aşkara çıxarılması və dövlət vergi orqanlarında xidmətə yararlılığını müəyyən etmək üçün hərtərəfli qiymətləndirilməsi.
2.3. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab olunur. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir. Bu Əsasnamənin 3.14-cü bəndində qeyd edilən hal istisna olmaqla, Komissiyanın iclaslarında hər üzvün bir səsi olmaqla qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrlik edənin səsi həlledicidir. Komissiya üzvünün xüsusi rəyi olduqda rəy qərara əlavə edilir.
3.1. Xidmət dövlət vergi orqanlarında vakant vəzifələrə işə qəbulla əlaqədar sənədlərin təqdim edilməsi üçün son müddət göstərilməklə, mediada və özünün rəsmi internet saytında müsabiqə elanı verir. Müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir və bu barədə Mərkəzə məlumat göndərilir.
3.1-1. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər elektron qaydada Xidmətə müraciət edir.
3.2. Ərizənin daxil olduğu gündən 10 iş günü müddətində müraciət edənin dövlət vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədilə Xidmət tərəfindən yoxlama aparılır və nəticəsi barədə namizədə məlumat göndərilir.
3.3. Dövlət vergi orqanlarına işə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
3.3.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
3.3.2. tərcümeyi-hal;
3.3.3. kadrlar uçotunun şəxsi vərəqəsi;
3.3.4. 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;
3.3.5. ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
3.3.6. əmək kitabçasının surəti (olduğu halda);
3.3.7. sağlamlıq haqqında arayış;
3.3.8. narkoloji dispanserdən müayinə aktı və arayış;
3.3.9. məhkumluğun olmaması barədə arayış;
3.3.10. hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).
3.3-1. Tərcümeyi-halı və kadrlar uçotunun şəxsi vərəqəsini müraciət edən şəxs özü əllə yazır və imzalayır. Müraciət edən şəxs tərcümeyi-halda və kadrlar uçotunun şəxsi vərəqəsində göstərilən məlumatların doğruluğuna görə cavabdehdir.
3.3-2. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya namizəd tərəfindən təmin edilir.
3.4. Namizəd aşağıdakı hallarda müsabiqəyə buraxılmır:
3.4.1. bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər təqdim edilmədikdə (bu Əsasnamənin 3.3-2-ci bəndinin müddəaları nəzərə alınmaqla) və ya həmin sənədlərdə təhrif olunmuş məlumatlar aşkar edildikdə;
3.4.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3.4.3. məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
3.4.4. çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).
3.5. Müsabiqəyə buraxılmış namizəd müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, Xidmət tərəfindən namizədin elektron poçt ünvanına göndərilmiş bildirişdə göstərilmiş müvafiq linkə daxil olmaqla Mərkəzin rəsmi internet saytında öz ərizəsini təsdiq edir və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün müəyyən edilmiş tariflərə uyğun məbləği Mərkəzin hesabına ödəyir.
3.5-1. Ərizəsini təsdiq etmiş və imtahanda iştirak üçün müəyyən olunan məbləği ödəmiş namizədə test imtahanının keçirilməsinə azı 2 gün qalmış “İmtahana buraxılış vərəqəsi” onun şəxsi kabinetinə göndərilir.
3.7. Test nümunələri Xidmət və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
3.8. Test imtahanının nəticələri Mərkəz tərəfindən Komissiyaya təqdim edilir.
3.9. Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin rəsmi internet saytında yerləşdirilir. Namizədin müraciəti əsasında test imtahanında topladığı bal barədə 2 gün müddətində ona Xidmət tərəfindən yazılı məlumat verilir.
3.10. Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.
3.11. Test imtahanının nəticələri Xidmətə təqdim edildiyi gündən 14 iş günü müddətində müsahibənin keçirilmə vaxtı barədə Komissiya qərar qəbul edir. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə ən azı 5 gün əvvəl məlumat verilir.
3.12. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işi müsahibədən əvvəl Komissiyaya təqdim edilir.
3.12-1. Komissiyanın üzvlərindən birinin müsahibədə iştirak edən namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq münasibəti olduqda, həmin üzv özü-özünə etiraz edir. Belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl namizəd Komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
3.12-2. Bu Əsasnamənin 3.12-1-ci bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədlə müsahibədə Komissiyanın üzvü kimi iştirak edə bilməzlər.
3.12-3. Müsahibə zamanı videoçəkiliş aparılır. Videoçəkiliş müsahibənin keçirilməsinə, eləcə də Komissiyanın normal fəaliyyətinə maneə törətməməlidir.
3.12-4. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün Komissiyanın ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi və Komissiya üzvlərinin müşahidə aparması yolu ilə həyata keçirilir.
3.13. Hər bir namizədlə müsahibə fərdi qaydada aparılır. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
3.13-1. Komissiyanın üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:
3.13-1.1. müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlmək;
3.13-1.2. bu Əsasnamə ilə, vakant vəzifəyə dair vəzifə təlimatları və namizədin şəxsi işi ilə tanış olmaq;
3.13-1.3. bu Əsasnamənin 3.12-1-ci bəndində nəzərdə tutulmuş hallarda özü-özünə etiraz etmək;
3.13-1.4. müsahibənin keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət etmək;
3.13-1.5. namizədin və digər Komissiya üzvlərinin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq, müsahibə zamanı nəzakətli, diqqətli və səbirli olmaq;
3.13-1.6. müsahibə zamanı müsahibə otağını üzrlü səbəb olmadan tərk etməmək;
3.13-1.7. sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl etmək;
3.13-1.8. müsahibənin gedişi zamanı namizədə vakant vəzifəyə uyğun olub-olmaması barədə fikir bildirməmək;
3.13-1.9. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək.
3.13-2. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:
3.13-2.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;
3.13-2.2. Komissiyanın üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;
3.13-2.3. suallara mahiyyəti üzrə cavab verməyə və tapşırıqları mümkün qədər qısa vaxtda yerinə yetirməyə çalışmaq;
3.13-2.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;
3.13-2.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.
3.13-3. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, Komissiyanın üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
3.13-4. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə yeni müsahibənin keçirilməsinə yol verilmir.
3.13-5. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə yeni müsahibənin keçirilməsinə Komissiyanın qərarı əsasında yol verilir.
3.13-6. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.
3.14. Müsahibə zamanı namizədin verdiyi cavablar Komissiyanın hər bir üzvü tərəfindən 2, 3, 4 və 5 ballarından biri ilə qiymətləndirilir və sonra orta bal müəyyən edilir (Komissiyanın hər bir üzvünün verdiyi qiymətlər toplanır və müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünür). Müsahibənin nəticələri üzrə namizədin orta balı “3” və "3"-dən çox olduqda həmin namizəd müsahibədən müvəffəqiyyətlə çıxmış hesab edilir. Müsahibənin yekun nəticəsi protokolla rəsmiləşdirilir.
4.1. Müsabiqənin nəticələri namizədin imtahanda və müsahibədə topladığı keçid ballarının cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə xarici dilləri və kompüterdən istifadəni mükəmməl bilənlərə üstünlük verilir.
4.3. Müsabiqə başa çatdıqdan sonra 5 gündən gec olmayaraq müsabiqənin nəticələri Xidmətin rəsmi internet saytında yerləşdirilir.
4.4. Komissiyanın qərarlarından razı olmayan namizədlər Xidmət rəisinə şikayət edə bilərlər. Şikayətə baxılmanın nəticəsi barədə namizədə yazılı cavab verilir və çıxarılan qərardan razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.
4.5. Müsabiqənin nəticələrinə görə dövlət vergi orqanlarına işə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Xidmət rəisinə təqdim edilir. Xidmət rəisi təqdim olunmuş namizədləri boş olan müvafiq ştatlara təyin edir.
4.6. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı dövlət vergi orqanlarında boş olan ştatların sayından artıq olduqda işə qəbul edilməsi barədə qərar qəbul edilməyən namizəd Xidmətin kadr ehtiyatına daxil edilir və müvafiq ştat üzrə vakant yer yarandıqda həmin vəzifəyə təyin edilir. Namizədlərin kadr ehtiyatında saxlanılma müddəti iki ildir. Kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi qaydası Xidmət tərəfindən müəyyən olunur.
4.7. Namizədlərin müsahibə sənədləri (o cümlədən müsahibə qeydləri və videoçəkilişlər) 5 il müddətində mühafizə olunur.
1. 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)
2. 09 mart 2011-ci il tarixli 401 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 mart 2011-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 182)
3. 16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802)
4. 9 aprel 2021-ci il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 aprel 2021-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 314)
5. 18 dekabr 2021-ci il tarixli 1489 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1354)
6. 31 may 2023-cü il tarixli 2158 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 may 2023-cü il, “Xalq” qəzeti, 1 iyun 2023-cü il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 662)
7. 8 aprel 2024-cü il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2024-cü il, “Xalq” qəzeti, 9 aprel 2024-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 378)
8. 20 may 2024-cü il tarixli 65 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 may 2024-cü il, “Azərbaycan” qəzeti, 21 may 2024-cü il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 517)
9. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)
10. 12 avqust 2024-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 13 avqust 2024-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 943)
11. 19 mart 2025-ci il tarixli 356 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart 2025-ci il, “Xalq” qəzeti, 20 mart 2025-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 232)