Qanunvericilik › “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Maliyyə Nazirliyi, 21.12.2023) › Tam mətn

“Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Maliyyə Nazirliyi, 21.12.2023)

“Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Maliyyə Nazirliyi, 21.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci, 19.2-ci və 19.3-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası qərara alır:

1. “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və

həmin əməliyyatların uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2000-ci il 28 dekabr tarixli İ-193 nömrəli Əmrinin 1-ci hissəsi təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında təlimat” və “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqında təlimat” ləğv edilsin.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

4. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

1.1. Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci, 19.2-ci və 19.3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması qaydasını müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi - dövlət xəzinədarlığının fəaliyyətini təmin edən icra hakimiyyəti orqanı və bu Qayda ilə müəyyən edilmiş hallarda operator funksiyasını həyata keçirən orqan (bundan sonra “Operator”);

1.2.2. maliyyə əməliyyatı – Operator tərəfindən həyata keçirilən bütün növ xəzinə əməliyyatları;

1.2.3. xəzinə uçotu - maliyyə əməliyyatlarının sistemli şəkildə dövlət xəzinədarlığında bu Qayda ilə müəyyən edilmiş formada uçota alınması;

1.2.4. büdcə səviyyəsi – dövlət xəzinədarlığına daxil olan vəsaitlərin, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vəsaitlərdən istifadə zamanı maliyyə əməliyyatlarının xəzinə uçotuna alınmasının maliyyə mənbələri üzrə qruplaşdırılması və onların kodla ifadəsi;

1.2.5. xəzinə hesabı – vahid xəzinə hesabına milli valyutada pul vəsaitlərinin daxil olmasını, habelə həmin vəsaitlərin vahid xəzinə hesabından məxaric olmasını təmin etmək üçün bu Qayda ilə müəyyən edilmiş formada açılmış hesab;

1.2.6. təşkilat – xərclərinin icrasını dövlət xəzinədarlığı vasitəsilə həyata keçirən dövlət orqanları və ya qurumları, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmış hüquqi şəxslər;

1.2.7. təşkilatın xərclər smetası - qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatın fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi üçün büdcə təsnifatına uyğun olaraq hazırlanmış maliyyə sənədi;

1.2.8. baş kredit sərəncamçısı – ayrılan təxsisatların özü və tabeliyindəki təşkilatlar arasında bölüşdürülməsini həyata keçirən dövlət orqanı və ya qurumu, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmış hüquqi şəxs;

1.2.9. satınalma müqaviləsi – “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalan təşkilatla qalib təchizatçı (təchizatçılar) arasında malların satın alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq bağlanan və tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;

1.2.10. mülki müqavilə - “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”nə uyğun olaraq satınalan təşkilatla (sifarişçi ilə) müqavilənin icraçısı arasında malların satın alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq bağlanan və tərəflərin öhdəliklərini müəyyən edən sənəd;

1.2.11. Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi – maliyyə əməliyyatlarının və xəzinə uçotunun həyata keçirilməsini təmin edən mübadilə əsaslı informasiya ehtiyatları sistemi;

1.2.12. gəlir - qanunvericiliklə nəzərdə tutulmuş qaydada maliyyə tələbatını qarşılamaq üçün əldə olunan və büdcə təsnifatına uyğun olaraq xəzinə uçotuna qəbul edilən milli və xarici valyutada olan pul vəsaiti;

1.2.13. xərc - qanunvericiliklə nəzərdə tutulmuş qaydada maliyyə tələbatı üzrə istifadə olunan və büdcə təsnifatına uyğun olaraq xəzinə uçotuna qəbul edilən milli və xarici valyutada olan pul vəsaiti;

1.2.14. gəlir normativləri – dövlət büdcəsində mərkəzləşdirilmiş və yerli gəlirlərin formalaşdırılması məqsədilə hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında Qanunla müəyyən edilmiş əmsallar;

1.2.15. ödəyici – ölkə ərazisində fiskal sahəni tənzimləyən qanunvericiliyə, habelə beynəlxalq müqavilələrə əsasən vergi, dövlət rüsumu, məcburi dövlət sosial sığorta haqları, icbari tibbi sığorta haqları, işsizlikdən sığorta haqları və sair ödənişləri həyata keçirmək öhdəliyi olan fiziki və ya hüquqi şəxslər;

1.2.16. ödəniş tapşırığı – kassa məxaric əməliyyatının aparılması, habelə xəzinə hesabının gəlirlərinin azaldılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş formada təşkilat tərəfindən elektron və ya kağız daşıyıcıda dövlət xəzinədarlığına verilən sərəncam;

1.2.17. əməliyyat günü – bu Qayda ilə müəyyən edilmiş formada maliyyə əməliyyatının həyata keçirildiyi gün;

1.2.18. müvəkkil bank – Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən dövlət və ya kommersiya bankları;

1.2.19. öhdəlik – təşkilatlar tərəfindən malların (iş və xidmətlərin) satın alınması ilə bağlı gələcək xərclərin icrasını təmin etmək üçün dövlət xəzinədarlığı tərəfindən qəbul edilən dövlət (büdcə) öhdəliyi;

1.2.20. müqavilələr üzrə öhdəliklərin qəbulu sənədi – xərclər üzrə maliyyə əməliyyatlarının aparılması məqsədilə satınalma və ya mülki müqavilələrin və həmin müqavilələr üzrə öhdəliklərin xəzinə uçotuna qəbul edilməsini təmin edən sənəd;

1.2.21. öhdəliklərin qəbul edilməsi haqqında bildiriş – öhdəliklərin xəzinə uçotuna qəbul edilməsi barədə məlumat;

1.2.22. dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi –qəbul edilmiş öhdəliklərə əsasən mal, iş və xidmətlərin təşkilata təqdim edilməsini, habelə bu Qaydanın 8.2.2-ci yarımbəndində göstərilmiş xərclərin icraya qəbul edilməsini təsdiq edən sənəd;

1.2.23. qabaqcadan ödəniş üzrə sifariş sənədi - qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tərtib edilmiş sənəd;

1.2.24. kassa məxaric əməliyyatlarının sifariş sənədi - pul vəsaitlərinin dövlət xəzinədarlığının vahid xəzinə hesabından birbaşa və ya büdcə səviyyələri arasında məxaric olmasının təmin edilməsi məqsədilə tərtib edilmiş sənəd;

1.2.25. qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi - qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişləri həyata keçirilmiş xərclərin əvəzinin təşkilata təqdim edilməsini təsdiq edən sənəd.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

1.4. Dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemini təşkil edən vahid xəzinə hesabı Azərbaycan Respublikasının dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə, büdcədənkənar dövlət fondlarına, ƏDV depozit hesabına, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarına, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrinə məxsus olan pul vəsaitlərinin vahid hesaba toplanmasını və həmin pul vəsaitlərinin bu hesab vasitəsilə istifadə edilməsini təmin edən bank hesabıdır.

2.1. Dövlət xəzinədarlığına daxil olan vəsaitlərin, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vəsaitlərdən istifadə zamanı maliyyə əməliyyatlarının xəzinə uçotuna alınmasının maliyyə mənbələri üzrə qruplaşdırılması məqsədilə aşağıdakı büdcə səviyyələri və onların kodları müəyyən edilir:

2.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlir və xərcləri (Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 1;

2.1.2. Azərbaycan Respublikasının dövlət büdcəsinin yerli gəlir və xərcləri (Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 1Y;

2.1.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinin mərkəzləşdirilmiş gəlir və xərcləri (Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 2;

2.1.4. Naxçıvan Muxtar Respublikasının büdcəsinin yerli gəlir və xərcləri (Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər istisna olmaqla) – 2Y;

2.1.5. Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər (mərkəzləşdirilmiş) - 3;

2.1.6. Azərbaycan Respublikasının dövlət büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər (yerli) – 3 Y;

2.1.7. Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun gəlir və xərcləri – 4;

2.1.8. Dövlət Neft Fondunun gəlir və xərcləri - 5;

2.1.9. Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar və xərclər – 6;

2.1.10. Təşkilatların depozit və büdcədənkənar əməliyyatlarının daxilolmaları və xərcləri üzrə hesablar – 7;

2.1.11. ƏDV depozit hesabının gəlir və xərcləri - 8;

2.1.12. Dövlət borcu və öhdəlikləri üzrə Təminat Fondunun gəlir və xərcləri – 9;

2.1.13. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə daxilolmalar – 10.

3.1. Dövlət xəzinədarlığına pul vəsaitlərinin daxil olmasının təmin edilməsi məqsədilə xəzinə hesabının açılması qanunvericiliklə həmin vəsaitlərin ödənilməsinə nəzarət edən orqanların və ya qurumların müraciəti əsasında həyata keçirilir.

3.2. Xərclərin həyata keçirilməsi ilə əlaqədar təşkilata xəzinə hesabının açılması baş kredit sərəncamçısının bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada ərizə ilə Operatora müraciəti əsasında aşağıda göstərilən sənədlər təqdim edilməklə həyata keçirilir:

3.2.1. təşkilatın yaradılmasının hüquqi əsası;

3.2.2. dövlət vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti.

3.3. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq müraciət edildikdən sonra 3 iş günü ərzində Operator tərəfindən xəzinə hesabı açılır və aidiyyəti üzrə məlumat verilir.

3.4. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq açılmış xəzinə hesablarının siyahısı hər ilin yanvar ayının 10-dək Operator tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin internet səhifəsində dərc olunur. Həmin siyahı təsdiq edilənədək qanunvericilikdə müəyyən edilmiş ödənişlərin aparılması ötən büdcə ilində təsdiq edilmiş xəzinə hesablarının siyahısı əsasında həyata keçirilir.

3.5. Bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq açılmış xəzinə hesabının bağlanması həmin hesabın açılması ilə bağlı müraciət edən təşkilatın yazılı müraciəti əsasında həyata keçirilir. Dövlət idarəetməsində mövcud icra strukturlarının əsasında yeni qurum yaradıldıqda, əvvəlki strukturlara məxsus xəzinə hesabının bağlanması yeni yaradılan qurumun müraciəti əsasında həyata keçirilir.

3.6. Təşkilat ləğv edildikdə həmin təşkilata bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq açılmış xəzinə hesabı operator tərəfindən bağlanır. Xəzinə hesabı bağlanarkən təşkilatla operator arasında üzləşmə sənədi tərtib edilir. Üzləşmə sənədinin forması tərəflər arasında razılaşmaya əsasən müəyyən edilir.

3.7. Xəzinə hesabı bağlanarkən təşkilatın qabaqcadan ödənişlərlə (avans) və kreditor borcları ilə bağlı qalıqları xəzinə uçotunda saxlanılır.

3.8. Bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq açılmış xəzinə hesablarının rekvizitləri 28 simvoldan ibarət olur və həmin simvolda vahid büdcə təsnifatı üzrə müəyyən edilmiş inzibati təsnifat kodlarının son 3 rəqəmi nəzərə alınır.

3.9. Təşkilatın adı dəyişdirildikdə və ya yenidən təşkil edildikdə həmin təşkilatın xəzinə hesabı bağlanır və təşkilata yeni xəzinə hesabının açılması bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3.10. Hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanunla vahid büdcə təsnifatında inzibati təsnifat kodu olmayan təşkilatlara vəsait ayrıldıqda həmin vəsaitlərin ödənilməsi üçün xəzinə hesabının yaradılmasına münasibətdə bu Qaydanın 3.2-ci bəndi şamil edilmir. Həmin vəsaitin ayrılması təmin edilərkən xəzinə hesabının rekvizitində vəsaitin maliyyə mənbəyi müəyyən edilmiş inzibati təsnifat kodunun son 3 rəqəmi nəzərə alınır.

3.11. Xarici valyutada olan pul vəsaitlərinin daxil olmasının təmin edilməsi məqsədilə Operatorun müraciəti əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankında valyuta hesabları açılır.

4.1. Maliyyə əməliyyatlarının və həmin əməliyyatların uçotunun həyata keçirilməsi Operatorun “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (bundan sonra – XİİS) vasitəsilə təmin edilir. XİİS-ə təşkilatların qoşulmasını, habelə onun fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini Operator təmin edir.

4.2. XİİS aşağıdakıları əhatə edir:

4.2.1. göstəricilərin daxil edilməsi;

4.2.2. məlumatların yoxlanılması;

4.2.3. məlumatların təsdiq edilməsi;

4.2.4. məlumatların emalı və ehtiyat nüsxələrinin yaradılması;

4.2.5. ödəniş tapşırıqlarının ödəniş sistemlərinə göndərilməsi;

4.2.6. xərc əməliyyatlarının yekunlaşması.

4.3. XİİS təşkilatları aşağıdakılarla təmin edir:

4.3.1. gəlirlərin uçotu (smeta və faktiki);

4.3.2. xərclərin uçotu (smeta və faktiki);

4.3.3. müqavilələrin uçotu;

4.3.4. sənədlərin (elektron qaimə-faktura (qaimə-faktura), malların alış aktı, elektron alış aktı, “Görülmüş işlərin qəbul aktı” (forma №2) və “Yerinə yetirilmiş işlər və xərclər haqqında arayış” (forma №3), təhvil-qəbul aktı, gömrük bəyannaməsi, çek, avans hesabatı, bank zəmanətləri, ödəniş tapşırıqları və s.) uçotu;

4.3.5. qabaqcadan ödənişlərin (avans) uçotu;

4.3.6. kassa məxaric əməliyyatlarının uçotu;

4.3.7. kreditor borcların uçotu;

4.3.8. müvəkkil banklardan qaytarılan vəsaitlərin uçotu;

4.3.9. üzləşmə sənədinin təsdiqi;

4.3.10. qalıq vəsaitlərin məbləği (gəlir üzrə, xərc smetası üzrə, müqavilə üzrə, avans üzrə);

4.3.11. düzgün tutulmamış və ya artıq ödənilmiş vəsaitlərin geri qaytarılması üzrə əməliyyatların uçotu;

4.3.12. maliyyə əməliyyatları üzrə hesabatlılıq.

4.4. Operator XİİS-in etibarlı və davamlı funksional fəaliyyətini təmin edir, XİİS-in ayrı-ayrı komponentlərinin auditini təşkil edir və təkmilləşdirilməsi üçün tədbirlər görür, o cümlədən XİİS-ə ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrif olunmazlığını və konfidensiallığını təmin edir, habelə onların ehtiyat surətlərini saxlayır və qoruyur.

4.5. Təşkilat üzrə maliyyə əməliyyatlarının və xəzinə uçotunun təşkili məqsədilə təşkilata onun xəzinə hesabı üzrə şəxsi hesab vərəqəsi yaradılır.

4.6. Təşkilat şəxsi hesab vərəqəsi vasitəsilə aşağıdakıları həyata keçirir:

4.6.1. mərkəzləşdirilmiş xərclər üzrə baş kredit sərəncamçısı və onun tabeli təşkilatları səviyyəsində illik smetaların və onun dürüstləşmələrinin XİİS-ə daxil edilməsi;

4.6.2. yerli xərclər üzrə təsdiq olunan illik smetaların və onun dürüstləşmələrinin yerli maliyyə orqanları tərəfindən XİİS-ə daxil edilməsi;

4.6.3. bu Qaydanın 2-6 nömrəli əlavələri ilə müəyyən edilmiş formaların və həmin formaların tərtib edilməsinə əsas yaradan təsdiqedici sənədlərinin (elektron qaimə-faktura (qaimə-faktura), malların alış aktı, elektron alış aktı, “Görülmüş işlərin qəbul aktı” (forma №2) və “Yerinə yetirilmiş işlər və xərclər haqqında arayış” (forma №3), təhvil-qəbul aktı, gömrük bəyannaməsi, çek, avans hesabatı, bank zəmanətləri, ödəniş tapşırıqları və s.) XİİS-ə daxil edilməsi;

4.6.4. maliyyə əməliyyatlarının izlənməsi və məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla) əldə edilməsi.

4.7. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri təşkil edən məlumatlar üzrə mühafizənin təmin edilməsi məqsədilə hərbi qurumlar və hüquq mühafizə orqanları bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulan əməliyyatları kağız daşıyıcılardan istifadə etməklə həyata keçirir.

4.8. XİİS vasitəsilə səxsi hesab vərəqəsindən əldə edilmiş məlumatlar müvafiq orqanlara rəsmi maliyyə sənədi kimi təqdim edilə bilər.

4.9. Operator təşkilatın şəxsi hesab vərəqəsi vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirir:

4.9.1. bu Qaydanın 4.6-cı bəndi ilə müəyyən edilən əməliyyatların təsdiq edilməsini;

4.9.2. kassa məxaric əməliyyatlarının aparılmasını.

4.10. XİİS-in idarə edilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı xərclərin maliyyə təminatının formalaşdırılması məqsədilə hər ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflər Operator tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aidiyyəti üzrə təqdim edilir.

4.11. XİİS vasitəsilə maliyyə əməliyyatlarının aparılması ilə bağlı məsələlərin tənzimlənməsi Operator və təşkilat arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilir. Müqavilənin forması Operator tərəfindən müəyyən edilməklə təsdiq edilir.

4.12. Bu Qaydanın 4.11-ci bəndinə uyğun olaraq imzalanmış müqavilə təşkilatın adı, VÖEN-i və imzalayan rəhbər şəxsi dəyişdikdə yenilənir. Təşkilat üzrə maliyyə əməliyyatlarının aparılması üçün təşkilatın rəhbər şəxslərinin və vəzifəli şəxslərinin (baş mühasib və ya onu əvəz edən şəxs) imza nümunələri həmin müqavilədə əks etdirilməlidir.

5.1. Bu Qaydanın 2.1.1-2.1.10-cu yarımbəndlərində nəzərdə tutulan büdcə səviyyələri üzrə müəyyən edilmiş gəlir smetaları Operator tərəfindən hər il yanvar ayının 10-dək XİİS-də həmin gəlirlərin təmin edilməsini həyata keçirən orqan və qurumların xəzinə hesabları üzrə şəxsi vərəqəsinə daxil edilir.

5.2. Bu Qaydanın 2.1.1-2.1.10-cu yarımbəndlərində nəzərdə tutulan büdcə səviyyələri üzrə müəyyən edilmiş xərc smetaları baş kredit sərəncamçıları və yerli maliyyə orqanları tərəfindən aidiyyəti üzrə hər il yanvar ayının 10-dək XİİS-də təşkilatın xəzinə hesabı üzrə şəxsi hesab vərəqəsinə daxil edilir.

5.3. Xərc smetasında dəyişikliklərin aparılması və həmin dəyişikliklərin XİİS-də nəzərə alınması aşağıdakı hallarda həyata keçirilir:

5.3.1. funksional təsnifatın bölmələri daxilində baş kredit sərəncamçısının tabeliyində olan təşkilatların xərclər smetasında iqtisadi təsnifatın eyni xərc maddələri arasında dəyişiklik edildikdə;

5.3.2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü və 19.6-cı maddələrinə əsasən təşkilatın xərclər smetalarında müvafiq yerdəyişmələr aparıldıqda.

5.4. Bu Qaydanın 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərində nəzərdə tutulan hallarda təşkilat 3 iş günü ərzində şəxsi hesab vərəqəsində dəyişiklik edir. Operator həmin dəyişiklikləri 2 iş günü ərzində yoxlayaraq təsdiq edir.

5.5. Bu Qaydanın 5.1-ci bəndinə əsasən büdcə səviyyələri üzrə gəlir smetalarında dəyişiklik olduqda, bu dəyişikliklər 2 iş günü ərzində Operator tərəfindən həmin gəlirlərin təmin edilməsini həyata keçirən orqan və qurumların xəzinə hesabları üzrə şəxsi vərəqəsinə daxil edilir.

5.6. Büdcə ili ərzində bölüşdürülməsi nəzərdə tutulan xərclər üzrə smetalar ilkin olaraq Operator tərəfindən XİİS-ə daxil edilir. Həmin xərclərin bölgüsü üzrə kredit sərəncamçısı müəyyən edildikdən sonra təşkilat 3 iş günü ərzində XİİS-də şəxsi hesab vərəqəsində dəyişiklik edir. Operator həmin dəyişiklikləri 2 iş günü ərzində yoxlayaraq təsdiq edir.

6.1. Ödəyicilər tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ödəniş sistemləri vasitəsilə xəzinə hesablarına və ya beynəlxalq ödəniş sistemləri vasitəsilə valyuta hesablarına köçürülən pul vəsaitləri bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilmiş büdcə səviyyələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na uyğun olaraq xəzinə uçotuna qəbul edilir.

6.2. Operator mədaxil olmuş pul vəsaitlərinə dair məlumatları həmin vəsaitlərin müvafiq qaydada ödənilməsinə nəzarət edən orqanlara və ya qurumlara razılaşma əsasında XİİS vasitəsilə təqdim edə bilər.

6.3. Bu Qaydanın 6.2-ci bəndi üzrə nəzərdə tutulan orqan və qurumlar ilə Operator arasında aylıq, rüblük və illik olmaqla üzləşmələr aparılır.

6.4. Xəzinə hesablarına mədaxil olan pul vəsaitləri dövlət büdcəsinin gəlirlərinə aid olduqda, həmin vəsaitlər hər il üçün dövlət büdcəsi haqqında qanunla müəyyən edilən normativlər əsasında mərkəzləşdirilmiş və ya yerli gəlirlər şəklində xəzinə uçotuna qəbul edilir.

6.5. Xəzinə hesablarına mədaxil olan pul vəsaitlərinin büdcə gəlirlərinin təsnifatına uyğunluğunu həmin vəsaitlərin müvafiq hesablara təmin edilməsini həyata keçirən orqanlar və qurumlar müəyyən edir.

6.6. Bu Qaydanın 6.1-ci bəndi ilə müəyyən edilmiş qaydada xəzinə uçotuna qəbul edilən xarici valyutada daxilolmalar əməliyyat günündə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın müvafiq xarici valyutalara nisbətdə rəsmi məzənnəsi ilə qiymətləndirilir və xəzinə uçotuna qəbul edilir.

6.7. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə maliyyə əməliyyatlarının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

6.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”na uyğun olaraq idarəetməyə verilmiş vəsaitlər vahid xəzinə hesabına geri çağırıldıqda, habelə dövlət xəzinədarlığının öhdəsində olan pul vəsaitlərinin müxtəlif valyutalarla mübadiləsi həyata keçirildikdə həmin vəsaitlər yenidən xəzinə uçotuna qəbul edilmir.

6.9. Vahid xəzinə hesabının sərbəst qalığı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq müvafiq istiqamətlərə yönəldildikdə həmin ayırmalar xəzinə uçotunda nəzərə alınır.

6.10. Azərbaycan Respublikası adından bağlanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu hallarda həmin ödənişlər dövlət büdcəsinin kəsirinin bağlanması üzrə xəzinə uçotuna alınır.

7.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş vəsaitlər (vergi, dövlət rüsumu, məcburi dövlət sosial sığorta haqları, icbari tibbi sığorta, işsizlikdən sığorta və sair ödəmələr) qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılarkən xəzinə uçotunda nəzərə alınır.

7.2. Geri qaytarılması tələb olunan məbləğin xəzinə uçotunda nəzərə alınması ilə əlaqədar maliyyə əməliyyatlarının aparılması həmin məbləğin daxil olduğu xəzinə hesabının gəlirlərinin azaldılması hesabına həyata keçirilir.

7.3. Bu Qaydanın 7.1-ci bəndində göstərilən hal istisna olmaqla vəsait müvafiq xəzinə hesabına köçürülməli olduğu halda digər mövcud olan xəzinə hesabına köçürüldükdə vəsaiti köçürənin müraciəti əsasında maliyyə əməliyyatları aparıla bilər.

7.4. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada xarici valyutada daxil olmuş vəsait düzgün tutulmamış və ya artıq ödənilmiş hesab edildikdə, həmin vəsaitlər üzrə geri qaytarmalar xarici valyutada aparıla bilər.

7.5. Bu Qaydanın 7.2-ci və 7.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada maliyyə əməliyyatlarının aparılmasının təmin edilməsi ödəniş tapşırığı əsasında həyata keçirilir.

8.1. Bu Qaydanın 2.1.1-2.1.6-cı və 2.1.9-cu yarımbəndlərində nəzərdə tutulan büdcə səviyyələri üzrə təşkilatların xərclərinin ödənilməsinə dair maliyyə əməliyyatlarının aparılması xərclər smetasında nəzərdə tutulan hədlər daxilində həyata keçirilir.

8.2. Bu Qaydanın 8.1-ci bəndinin tələbləri nəzərə alınmaqla Operator vasitəsilə təşkilatların xərclərinin ödənilməsinə dair maliyyə əməliyyatları aşağıda göstərilən istiqamətlər müəyyən edilməklə aparılır:

8.2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və ya mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclər üzrə;

8.2.2. bu Qaydanın 8.2.1-ci yarımbəndində nəzərdə tutulan xərclər istisna olmaqla, digər xərclər üzrə.

8.3. Bu Qaydanın 8.2.1-ci yarımbəndində nəzərdə tutulan xərclər üzrə Operator tərəfindən maliyyə əməliyyatlarının aparılması üç ardıcıl mərhələdən ibarət olmaqla təşkil edilir:

8.3.1. satınalma müqaviləsinin və ya mülki müqavilənin xəzinə uçotuna qəbul edilməsi və həmin müqavilələr üzrə təşkilatın satın aldığı mallara, iş və xidmətlərə görə Operator tərəfindən öhdəliyin götürülməsi;

8.3.2. təşkilat tərəfindən satınalma müqaviləsi və ya mülki müqavilə üzrə malların satın alınmasını, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin və ya bu sənədlər təqdim edilmədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişin həyata keçirilməsi üçün qabaqcadan ödəniş üzrə sifariş sənədinin qəbul edilməsi;

8.3.3. kassa məxaric əməliyyatlarının həyata keçirilməsi.

8.4. Bu Qaydanın 8.2.2-ci yarımbəndində göstərilən xərclər üzrə Operator tərəfindən maliyyə əməliyyatlarının aparılması iki mərhələdən ibarət olmaqla təşkil edilir:

8.4.1. təşkilat tərəfindən bu xərclərin yaranmasını təsdiq edən sənədlərin və ya bu sənədlər təqdim edilmədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişin həyata keçirilməsi üçün qabaqcadan ödəniş üzrə sifariş sənədinin qəbul edilməsi;

8.4.2. kassa məxaric əməliyyatlarının həyata keçirilməsi.

8.5. Yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər üzrə maliyyə əməliyyatlarının aparılması bu Qaydanın 8.2.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq tənzimlənir.

8.6. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişləri həyata keçirilmiş xərclər çərçivəsində mal, iş və xidmətlərin təşkilata təqdim edilməsini təsdiq edən sənədin qəbul edilməsi mərhələsi bu Qaydanın 8.3.2-ci və 8.4.1-ci yarımbəndlərinə münasibətdə tətbiq edilir.

8.7. Bu Qaydanın 2.1.7-ci, 2.1.8-ci və 2.1.10-cu yarımbəndlərində nəzərdə tutulan büdcə səviyyələri üzrə təşkilatların xərclər smetasında nəzərdə tutulan hədlər daxilində kassa məxaric əməliyyatları həyata keçirilir.

9.1. Satınalma müqaviləsi və ya mülki müqavilə üzrə öhdəliyin qəbul edilməsi üçün təşkilat həmin müqavilə hüquqi qüvvəyə mindikdən sonra 5 iş günü ərzində bu Qaydanın 2 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Müqavilələr üzrə öhdəliklərin qəbulu sənədi”ni aşağıda göstərilən sənədlər əlavə edilməklə XİİS vasitəsilə Operatora təqdim edir:

9.1.1. satınalma müqaviləsi və ya mülki müqavilə, habelə həmin müqavilələrə əlavə edilmiş razılaşma protokolları;

9.1.2. satınalmanın keçirilməsi ilə bağlı təsdiqedici sənədlər (satınalma sahəsində dövlət nəzarətini həyata keçirən orqanın məktubu və yekun protokol), habelə digər (icazələr, lisenziyalar və müqavilənin yerinə yetirilməsinin təminat sənədi) hüquqi sənədlər.

9.2. Müqavilələr üzrə aşağıdakı hallardan biri mövcud olduqda öhdəlik qəbul edilmir:

9.2.1. müqavilə üzrə satınalınması nəzərdə tutulan malların (iş və xidmətlərin) predmeti büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olmadıqda;

9.2.2. bu Qaydanın 9.1.1-ci və 9.1.2-ci yarımbəndlərində göstərilən sənədlərdə uyğunsuzluq olduqda;

9.2.3. satınalma müqaviləsi və ya mülki müqavilə, habelə həmin müqavilələrə əlavə edilmiş razılaşma protokolları təşkilat və təchizatçı tərəfindən imzalanmadıqda və ya təsdiq edilmədikdə.

9.3. Operator bu Qaydanın 2 nömrəli əlavəsinə əsasən təsdiq edilmiş formaya uyğun olaraq vəsaitin təşkilatın xərclər smetasında bloklanmasını təmin edir.

9.4. Müqavilənin razılaşma protokoluna dəyişiklik edildikdə qanunvericiliyə uyğun olaraq həmin dəyişikliklər xəzinə uçotunda nəzərə alınır.

9.5. Öhdəliklər təşkilatların müraciəti əsasında xəzinə uçotundan çıxarıla bilər. Xəzinə uçotundan çıxarılması təklif edilən öhdəliklər üzrə dövlət alışları, iş və xidmətlər qəbul olunmuşdursa, Operator tərəfindən bu cür öhdəliklər uçotdan çıxarılmır. Öhdəlik üzrə qəbul edilmiş dövlət alışları, iş və xidmətlərin məbləğləri nəzərə alınmaqla yalnız öhdəliyin icra edilməmiş qalıq hissəsi ləğv edilə bilər. Bu zaman təşkilatlar müvafiq sənədləri XİİS vasitəsilə Operatora təqdim edir.

9.6. Təşkilat tərəfindən müqavilə təqdim edildikdən sonra 3 iş günü ərzində Operator tərəfindən baxılır və öhdəliyin qəbul edilməsi haqqında bildiriş XİİS vasitəsilə təşkilata təqdim edilir.

9.7. Öhdəliklərin qüvvədə olma müddəti büdcə ilinin sonunda başa çatır. Əvvəlki büdcə ilində icra olunmuş müqavilədən cari il üzrə müqavilə qalığı yarandıqda onun sonrakı büdcə illərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada maliyyə təminatı formalaşdırıldıqdan sonra yenidən həmin müqavilə üzrə öhdəlik götürülə bilər.

9.8. Bu Qaydanın 8.3.2-ci və 8.4.1-ci yarımbəndlərinə əsasən alınmış mal, görülmüş iş və xidmətlərin dəyərinin xəzinə uçotuna qəbul edilməsi bu Qaydanın 3 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi”nin XİİS vasitəsilə təşkilat tərəfindən Operatora təqdim edilməsi yolu ilə həyata keçirilir. Qabaqcadan ödənişlər üzrə isə təşkilat tərəfindən XİİS vasitəsilə bu Qaydanın 4 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Qabaqcadan ödəniş üzrə sifariş sənədi” təqdim edilir. Qabaqcadan ödəniş üzrə sifariş sənədinə xərc istiqamətindən asılı olaraq hesab faktura, bank zəmanəti, əmr və ya sərəncamlar və avans hesabatı sənədləri əlavə olunur.

9.9. Bu Qaydanın 9.8-ci bəndinə uyğun olaraq dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi, habelə qabaqcadan ödəniş üzrə sifariş sənədi 3 iş günü ərzində xəzinə uçotuna qəbul edildikdən sonra kassa məxaric əməliyyatlarının həyata keçirilməsi XİİS vasitəsilə təşkilatın Operatora təqdim etdiyi bu Qaydanın 5 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Kassa məxaric əməliyyatlarının sifariş sənədi” və ödəniş tapşırığı əsasında aparılır.

9.10. Bu Qaydanın 8.3.2-ci, 8.3.3-cü, 8.4.1-ci və 8.4.2-ci yarımbəndlərinə əsasən uçota alınmış, lakin ödənişi icra edilməmiş əməliyyatlar təşkilatın müraciətinə əsasən ləğv oluna və ya dəyişdirilə bilər. Bu zaman təşkilatlar müvafiq sənədləri XİİS vasitəsilə Operatora təqdim edir.

9.11. Qabaqcadan ödənilmiş vəsait üzrə mallar alındıqda, iş və xidmətlər göstərildikdə, təşkilat 2 iş günü ərzində XİİS vasitəsilə bu Qaydanın 6 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi”ni Operatora təqdim edir. Operator bu sənəd əsasında təşkilatın xəzinə hesabında avans üzrə icra edilmiş alışlar qədər qabaqcadan ödəniş üzrə qalıq məbləğinin azaldılmasını 3 iş günü ərzində təmin edir.

9.12. Akkreditiv hesablaşmalar üzrə maliyyə əməliyyatları həyata keçirilərkən Operator həmin vəsaiti qabaqcadan ödəniş kimi xəzinə uçotuna qəbul edir.

9.13. Təşkilatlar dövlət alışları, iş və xidmətlərin qəbulu sənədini və qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədini xərc istiqamətlərindən asılı olaraq aşağıda göstərilənlərlə birgə Operatora təqdim edir:

9.13.1. əməkhaqqı və əməyin ödənişi ilə bağlı xərclər – əməkhaqqı hesablama cədvəlinin yekun məbləğlərini göstərən icmal cədvəl, birdəfəlik haqq-hesab, mükafat və sair əməliyyatlar üçün əmr, sərəncam və ya qərar;

9.13.2. maşın, avadanlıq, aktivlər, mal və materialların alışları ilə bağlı xərclər –hesab faktura, ölkə daxili alışlar üzrə elektron qaimə-faktura (qaimə-faktura), malların alış aktı, elektron alış aktı və ya ölkə xaricindən alışlar üzrə yük gömrük bəyannaməsi;

9.13.3. kommunal xidmətlər və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar ilə (mallara, işlərə, xidmətlərə) bağlı xərclər - hesab faktura, elektron qaimə-faktura və aktlar, abadlıq xərclərinə dair sənədlər;

9.13.4. daxili ezamiyyə və ekspedisiya ilə bağlı xərclər – qanunvericiliyə əsasən əmr və ya sərəncam, ezamiyyə vərəqi, avans hesabatı, nəqliyyat xərcləri üzrə sənədlər və sair sənədlər;

9.13.5. xarici ezamiyyə və ekspedisiya ilə bağlı xərclər - qanunvericiliyə əsasən əmr və ya sərəncam, ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasportun və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən müvafiq qeydlər edilən sənədin surəti, səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda “Ezamiyyə vəsiqəsi”, avans hesabatı, nəqliyyat xərcləri üzrə sənədlər və sair sənədlər;

9.13.6. cari təmir, əsaslı təmir, tikinti və kommunal xətlərin çəkilişi ilə bağlı xərclər - hesab faktura, təhvil-qəbul aktı, elektron qaimə-faktura (qaimə-faktura), “Görülmüş işlərin qəbul aktı” (forma №2) və “Yerinə yetirilmiş işlər və xərclər haqqında arayış”( forma №3), qüsur aktı, beynəlxalq normalara uyğun hazırlanmış hesabatlar;

9.13.7. digər iş və xidmətlər ilə bağlı xərclər – hesab faktura, elektron qaimə-faktura (qaimə-faktura), təhvil təslim aktı və sair sənədlər;

9.13.8. sosial ödənişlərlə bağlı xərclər – sosial ödənişlərlə bağlı hesablama cədvəlinin yekun məbləğlərini göstərən icmal cədvəl;

9.13.9. subsidiyalar ilə bağlı xərclər - dövlət büdcəsindən subsidiyaların ayrılmasını təsdiq edən sənədlər;

9.13.10. faizlər üzrə ödənişlərlə bağlı xərclər - faizlərin ödənilməsi, borc vəsaitlərindən istifadəyə görə həyata keçirilən ödənişlərin ödənilməsini tələb edən kreditor qurumların hesab fakturaları;

9.13.11. qrantlar və digər ödənişlərlə bağlı xərclər - maliyyə təyinatı üzrə əvəzsiz verilən qrantlar və digər ödənişlərin ayrılmasını tələb edən sənədlər;

9.13.12. maliyyə aktivləri üzrə əməliyyatlar ilə bağlı xərclər - ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar, həmçinin valyuta, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, səhm və digər kapital, törəmə maliyyə alətləri və sair maliyyə aktivləri üzrə əməliyyatların aparılması tələb edən sənədlər (hesab faktura, kreditor qurumun müraciəti və s.);

9.13.13. öhdəliklər üzrə maliyyə əməliyyatları ilə bağlı xərclər - dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatların, dövlətin qiymətli kağızlarının və istiqrazlarının satışından yaranan öhdəliklər, daxili və xarici borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatların aparılması üzrə tələb olunan sənədlər (hesab faktura, kreditor qurumun müraciəti və sair).

9.14. Bu Qaydanın 9.13-cü bəndinə əsasən Operatora təqdim edilən sənədlərdə hər hansı uyğunsuzluq aşkar edildikdə, dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi və qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi xəzinə uçotuna qəbul edilmir.

9.15. Bu Qaydanın 9.9-cu bəndinə uyğun olaraq ödəniş tapşırığı XİİS vasitəsilə göndərildikdən sonra 2 işi günü ərzində ödənişin aparılması Operator tərəfindən təsdiq edilir. Ödəniş tapşırığı tam olmadıqda və ya hər hansı uyğunsuzluq aşkar edildikdə, xəzinə uçotuna qəbul edilmir.

9.16. ƏDV depozit hesabı və Dövlət borcu və öhdəlikləri üzrə Təminat Fondunun xərcləri üzrə maliyyə əməliyyatlarının aparılması bu sahədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

10.1. Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı həyata keçirildikdə maliyyə əməliyyatları yalnız aşağıda göstərilən xərc istiqamətləri üzrə aparılır:

10.1.2. əmək haqqına əlavə;

10.1.3. pensiya, başqa sosial müavinətlər və ödənişlər;

10.1.4. dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər;

10.1.5. hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclər.

11.1. Bu Qaydanın 9-cu hissəsinin tələbləri nəzərə alınmaqla, təşkilatın xəzinə hesabı vasitəsilə kassa əməliyyatları aparılaraq müvəkkil banklara köçürülmüş vəsaitlər həmin banklar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xəzinə hesabına geri qaytarıldıqda maliyyə əməliyyatları aşağıda göstərilən ardıcıllıqla həyata keçirilir:

11.1.1. xəzinə hesabına vəsait geri qaytarıldığı tarixdən həmin hesabın sərəncamçısı olan təşkilat bu vəsaitin xəzinə uçotunda nəzərə alınması üçün 2 iş günü ərzində XİİS vasitəsilə Operatora müraciət edir;

11.1.2. Operator 2 iş günü ərzində həmin hesabın xərclərinin bu Qaydanın 9-cu hissəsi ilə müəyyən edilmiş əməliyyatlar nəzərə alınmaqla azaldılmasını təmin edir.

11.2. Cari büdcə ilinə məxsus vəsaitlər növbəti büdcə ilində müvəkkil banklar tərəfindən geri qaytarıldıqda, həmin vəsaitlərə dair bu Qaydanın 11.1-ci bəndinin müddəaları tətbiq edilmir. Bu zaman həmin vəsait müvafiq olaraq gəlir formasında xəzinə uçotuna qəbul edilir.

12.1. Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsi xərclərinin konvertasiya edilmədən xarici valyutada birbaşa icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları"na uyğun olaraq həyata keçirilir.

12.2. Bu Qaydanın 12.1-ci bəndinin icrası məqsədilə Operator müvəkkil banklarda valyuta ilə hesablaşma hesabları aça bilər. Əməliyyat gününün sonunda həmin hesabların qalıqları bu Qaydanın 11-ci hissəsinə uyğun olaraq müvəkkil banklardan geri qaytarılır və xəzinə uçotunda nəzərə alınır.

12.3. Təşkilatın xarici valyutada olan xərclərinin həyata keçirilməsi məqsədilə Operator bu Qaydanın 9-cu hissəsinə əsasən kassa məxaric əməliyyatlarını milli valyutada aparmaqla həmin əməliyyatlar üzrə vəsaitləri müvəkkil banklarda açılmış hesablaşma hesablarına köçürür. Müvəkkil banklara milli valyutada daxil olmuş vəsaitlər təşkilatın ödəniş tapşırığı əsasında onun xərclərinin aparılmasını tələb edən valyuta növünə konvertasiya edilir və müvəkkil banklar tərəfindən aidiyyəti üzrə köçürülür.

13.1. Bu Qayda ilə müəyyən edilmiş formada XİİS vasitəsilə aparılmış maliyyə əməliyyatları hər əməliyyat gününün sonunda Operator tərəfindən icmallaşdırılır. İcmallaşdırılan göstəricilər qanunvericilikdə aidiyyəti dövlət orqanlarına və ya qurumlarına təqdim edilməsi nəzərdə tutulan hesabatların tərtib edilməsində istifadə edilir.

13.2. İcmallaşdırma prosesində maliyyə əməliyyatında hər hansı uyğunsuzluq müəyyən edildikdə, həmin uyğunsuzluğun aradan qaldırılmasını Operator təmin edir. Zərurət yarandıqda Operator təşkilatı və ya Operatora pul vəsaitlərinin daxil olmasına nəzarət edən orqan və ya qurumları bu prosesin icrasına cəlb edə bilər.

13.3. İcmallaşdırılan maliyyə əməliyyatları əməliyyat günün sonunda XİİS vasitəsilə təşkilata ötürülür.

14.1. Əməliyyat gününün sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankı vahid xəzinə hesabının qalığı barədə bank çıxarışını Operatora təqdim edir.

14.2. Operator əməliyyat gününün sonunda XİİS-də kassa məxaric əməliyyatlarının icmal kitabını tərtib edir və həmin əməliyyatlar nəticəsində vahid xəzinə hesabının qalığı ilə XİİS-in uçot registrindəki məlumatlar tutuşdurulur.

15.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə uyğun olaraq dövlət xəzinədarlıq hesablarına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xidmət göstərilir.

15.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan əməliyyatlar üzrə xidmət haqları, habelə konvertasiya əməliyyatları üzrə tariflərin ödənişi bu Qaydanın 9-cu hissəsinə uyğun olaraq Operator tərəfindən təmin edilir.

15.3. Bu Qaydanın 15.2-ci bəndinə uyğun olaraq yaranmış xərclərin maliyyə təminatının formalaşdırılması məqsədilə hər ilin dövlət büdcəsində vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflər Operator tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aidiyyəti üzrə təqdim edilir.

15.4. Bu Qaydanın 15.2-ci bəndinə uyğun olaraq köçürülən vəsait xəzinə uçotunda nəzərə alınarkən hər bir əməliyyat üzrə yaranmış xərcin büdcə səviyyələri üzrə qruplaşdırılması təmin edilməlidir.

16.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.

16.2. Təşkilatların xərclərinin təmin edilməsində maliyyə resurslarının səmərəli idarə olunması, dövlət borclanmasınının büdcə kəsirinə uyğun olaraq tənzimlənməsi məqsədilə Operator tərəfindən dövlət xəzinədarlığının, o cümlədən dövlət büdcəsinin maliyyə planlaması həyata keçirilir.

16.3. Bu Qaydanın 16.2-ci bəndinə uyğun olaraq Operator tərəfindən maliyyə planlamasının həyata keçirilməsi məqsədilə təşkilatlar hər ayın ilk 5 iş günü həmin ay üzrə büdcə xərcləri üzrə maliyyə tələbatlarına dair məlumatları (büdcə xərclərinin funksional, iqtisadi, inzibati səviyyədə bölgüsü) XİİS vasitəsilə Operatora göndərir. Zərurət yarandıqda, təşkilat ay ərzində həmin məlumatlarda dəyişikliklər edə bilər.

16.4. Operator bu Qaydanın 16.3-cü bəndinə uyğun olaraq təşkilatların təqdim etdikləri məlumatları təhlil edir. Maliyyə tələbatı dövlət xəzinədarlığının həmin ay üzrə maliyyə resursları ilə uzlaşdığı təqdirdə Operator həmin tələbatın ayrılmasının təsdiq edir və bu barədə təşkilat öz şəxsi hesab vərəqəsi ilə məlumatlandırılır.

16.5. Bu Qaydanın 16.4-cü bəndinə uyğun olaraq müvafiq təsdiq proseduru yekunlaşdıqdan sonra bu Qaydanın 9-cu hissəsinə uyğun olaraq kassa məxaric əməliyyatlarının aparılması üçün tələb olunan vəsait təşkilatın xəzinə hesabına köçürülür.

17.1. Xərclər üzrə maliyyə əməliyyatlarının aparılmasının sadələşdirilməsi məqsədilə bir sıra xərclər üzərində kassa məxaric əməliyyatlarının aparılmasında təsdiq səlahiyyətlərinin xüsusi proqram təminatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi üçün “Yaşıl dəhliz” sistemi yaradılır.

17.2. “Yaşıl dəhliz” sistemi tətbiq edilən xərclərin siyahısı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

17.3.Yaşıl dəhliz sistemi bu Qaydanın 8.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş xərclərə münasibətdə tətbiq edilə bilməz.

17.4. Zərurət yarandıqda, meydana çıxan risklər qiymətləndirilməklə bu Qaydanın 17.2-ci bəndinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən “Yaşıl dəhliz” sistemi tətbiq edilən xərclər üzərində həmin sistemin tətbiqi məhdudlaşdırıla bilər.

18.1. İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. Xəzinə hesablarının qalıqlarını təşkil edən vəsaitlərin növbəti ildə istifadəsinə imkan verən hüquqi akt mövcud olduqda, yalnız həmin vəsaitlərin köçürülməsi üzrə maliyyə əməliyyatları aparılmır.

18.2 İlin sonunda xəzinədarlıq orqanlarının uçotunda olan kreditor və avans qalıqları növbəti ilə keçirilir, ilin əvvəlinə ilkin kreditor və avans qalığı kimi göstərilir. Növbəti ilə keçirilmiş kreditor borclar üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

Baş Kredit Sərəncamçısının kodu

Baş Kredit Sərəncamçısının adı

Xəzinədarlıq orqanı adı

Hesab açılan təşkilat barədə məlumat:

Tarix: ____________________

Təşkilatın rəhbəri: _______________________

_______________________

Təşkilatın hesab nömrələri:

Xəzinədarlıq İdarəsinin adı:

Təşkilatın hesab nömrələri:

Xəzinədarlıq İdarəsinin adı:

Təşkilatın hesab nömrələri:

Xəzinədarlıq İdarəsinin adı:

Təşkilatın hesab nömrələri:

Xəzinədarlıq İdarəsinin adı:

Təşkilatın hesab nömrələri:

Xəzinədarlıq İdarəsinin adı:

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver