“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət Xidmətlərinin Elektron Reyestrinin formalaşdırılması, aparılması və istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Dövlət xidmətini göstərən dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə, digər büdcə təşkilatlarına, habelə qanuna əsasən inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslərə tapşırılsın ki, bir ay müddətində göstərilən xidmətlərin Elektron Reyestrə daxil olunmasında iştirak edən əməkdaşların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 09 fevral 2015-ci il
1.1. Bu Qaydalar “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında Dövlət Xidmətlərinin Elektron Reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. dövlət xidməti (bundan sonra – xidmət) – xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsinə səbəb olan hərəkətlərin məcmusu;
1.2.2. xidmət təminatçısı – dövlət xidmətini göstərən dövlət orqanı və yerli özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs, dövlət adından yaradılan publik hüquqi şəxs, digər büdcə təşkilatı, habelə qanuna əsasən inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
1.2.3. xidmət istifadəçiləri – dövlət xidmətindən istifadə üçün müraciət etmiş və ya xidmət göstərilən dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər, o cümlədən dövlət mülkiyyətində olan, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, digər büdcə təşkilatları və Azərbaycan Respublikasının qanunlarında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, habelə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları, beynəlxalq təşkilatların bölmələri, nümayəndəlikləri və orqanları;
1.2.4. Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra – Elektron Reyestr) – dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemi;
1.2.5. Elektron Reyestr sistemi - Elektron Reyestrin aparılmasını təmin edən proqram - avadanlıq kompleksindən və informasiya ehtiyatından (Elektron Reyestr) ibarət sistem;
1.2.6. elektron anket - məlumatların daxil edildiyi interfeys;
1.2.7. dövlət xidmətinin reqlamenti – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət xidmətinin reqlamentinin nümunəvi forması”na uyğun olaraq xidmət təminatçısı tərəfindən təsdiq edilən, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı normativ hüquqi aktların tələblərini əks etdirən rəsmi sənəd.
1.3. Elektron Reyestrin aparılmasının əsas məqsədləri aşağıdakılardır:
1.3.1. xidmət təminatçılarının göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin (xidmət istifadəçilərinə) müəyyən edilməsi;
1.3.2. xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi;
1.3.3. xidmət sahələri üzrə standartların və hər bir xidmətin reqlamentinin müəyyən edilməsi;
1.3.4. xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərin sürətləndirilməsi və bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi;
1.3.5. xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin və informasiya ehtiyatlarının inteqrasiyasının təmin edilməsi;
1.3.6. xidmətlərin təşkili üzrə dövlət xərclərinin səmərəli istifadəsi barədə təkliflərin verilməsi;
1.3.7. eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
1.3.8. yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi;
1.3.9. xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması;
1.3.10. xidmət istifadəçilərinin xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi;
1.3.11. xidmət təminatçılarının fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
1.3.12. xidmətlər üzrə mərkəzləşdirilmiş məlumat-axtarış bazasının yaradılması.
1.4. Elektron Reyestr və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Elektron Reyestrin saxlanılması, fəaliyyəti və inkişafı üzrə xərclər dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Elektron Reyestr Azərbaycan Respublikasının dövlət dilində elektron daşıyıcılarda aparılır.
2.1. Elektron Reyestrdə olan məlumatlar onun informasiya resursunu təşkil edir. Elektron Reyestrə daxil edilən xidmətlər barədə məlumatlar müxtəlif sahələr üzrə təsnifləşdirilir (qruplaşdırılır).
2.2. Elektron Reyestr aşağıdakı bölmələrdən ibarətdir:
2.2.1. mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestri;
2.2.2. yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestri;
2.2.2-1. digər xidmət təminatçıları tərəfindən həyata keçirilən xidmətlərin reyestrləri;
2.2.2-2. Vahid “G2B” (dövlət-biznes) elektron reyestri.
2.2.3. xidməti həyata keçirən xidmət təminatçısı barədə məlumat.
2.3. Bu Qaydaların 2.2.1–2.2.2-1-ci yarımbəndlərində nəzərdə tutulmuş bölmələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 may tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı”nda göstərilən məlumatlar əlavə edilir.
2.3.2. xidmətin məzmunu;
2.3.3. xidmətin təkrarlanmayan reyestr nömrəsi və onun Elektron Reyestrdə qeydiyyat tarixi;
2.3.4. xidməti həyata keçirən xidmət təminatçısının və (və ya) onun struktur bölməsinin adı;
2.3.5. xidmətin icrasında iştirak edən xidmət təminatçısının və (və ya) onun struktur bölməsinin adı;
2.3.6. xidmətin hüquqi əsası;
2.3.7. xidmətin həyata keçirilmə formaları;
2.3.8. xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması;
2.3.9. xidmətin həyata keçirilməsinin nəticəsi;
2.3.10. xidmət istifadəçisi barədə məlumat;
2.3.11. xidmətin həyata keçirilməsi müddəti;
2.3.12. xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti;
2.3.13. xidmətin göstərilmə yeri;
2.3.14. xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları;
2.3.15. xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması;
2.3.16. xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri;
2.3.17. xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları;
2.3.18. xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar;
2.3.19. xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar;
2.3.20. xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları;
2.3.21. xidmətin elektronlaşma səviyyəsi;
2.3.22. elektron xidmətin avtomatlaşdırılma səviyyəsi;
2.3.23. xidmətdə dəyişikliklər edilməsinin və xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi;
2.3.24. xidmətlərdən istifadə edilməsi barədə statistik məlumatlar;
2.3-1. Bu Qaydaların 2.2.2-2-ci yarımbəndində qeyd olunan bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici sənədlər daxil edilir (Bu Qaydaların 2.2.1-2.2.2-1-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş bölmələrə daxil edilən məlumatlar əsasında).
2.4. Elektron Reyestrə daxil edilmiş hər bir xidmətə təkrarolunmaz və dəyişilməz reyestr nömrəsi verilir. Reyestr nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
2.5. Bu Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə tutulmuş bölməyə aşağıdakılar daxil edilir:
2.5.1. xidməti həyata keçirən xidmət təminatçısının, onun struktur bölməsinin və xidməti bilavasitə həyata keçirən struktur bölməsinin poçt və yerləşdiyi ünvanı barədə məlumatlar;
2.5.2. xidməti həyata keçirən xidmət təminatçısının, o cümlədən xidmət barədə məlumatın, məsləhətlərin əldə edilə biləcəyi telefon və faks nömrələri, rəsmi internet informasiya ehtiyatının veb və elektron poçt ünvanı, iş qrafiki və digər zəruri məlumatlar;
2.5.3. ödənişli xidməti həyata keçirən xidmət təminatçısının ödəmə rekvizitləri (hesabları) barədə məlumatlar.
3.1. Elektron Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini, mühafizəsini və bu istiqamətdə əlaqələndirməni təmin edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra – Reyestrin operatoru).
3.2. Reyestrin operatoru Elektron Reyestrin aparılması üzrə aşağıdakı funksiyaları həyata keçirir:
3.2.1. Elektron Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi;
3.2.2. Elektron Reyestrlə bağlı metodiki, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin edilməsi;
3.2.3. xidmətlər barədə məlumatların yoxlanıldıqdan sonra Elektron Reyestrə daxil edilməsinə və yenilənməsinə nəzarət;
3.2.4. xidmətlərlə bağlı Elektron Reyestrə daxil edilmiş məlumatların monitorinqi və təhlillərin aparılması;
3.2.5. xidmət sahələri üzrə standartların müəyyən edilməsi ilə bağlı təkliflərin verilməsi;
3.2.6. yeni növ xidmətlərin yaradılması, həmçinin xidmətlərin birləşdirilməsi, ayrılması və digər üsullarla asanlaşdırılması (sadələşdirilməsi) barədə təkliflərin verilməsi;
3.2.7. Elektron Reyestrə barəsində məlumat daxil edilmiş xidmətlər haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması;
3.2.8. xidmətlərin elektron qaydada təşkili və həyata keçirilməsi üçün vacib olan informasiya sistem və ehtiyatlarının inteqrasiyasının təmin edilməsi ilə bağlı təkliflərin verilməsi;
3.2.9. eyni məzmunlu xidmətlərin aradan qaldırılması ilə bağlı təkliflərin verilməsi;
3.2.10. Elektron Reyestrə daxil edilmiş məlumatların arxivləşdirilməsi və mühafizə edilməsi;
3.2.11. Elektron Reyestrin internet portalının yaradılması və aktuallığının təmin edilməsi;
3.2.12. Elektron Reyestrin dayanıqlı, fasiləsiz işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi;
3.2.13. xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan xidmət təminatçılarına göndərilməsinin və onlar tərəfindən cavablandırılmasının Elektron Reyestr vasitəsilə təşkil edilməsi;
3.2.14. xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi, habelə qiymətləndirilmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsi, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışların, hesabatların alınması, müxtəlif sorğuların göndərilməsi.
3.3. Xidməti həyata keçirən xidmət təminatçısının vəzifəli şəxsi bu Qaydalarda nəzərdə tutulmuş Elektron Reyestrə daxil ediləcək məlumatların təqdim olunmamasına və məzmununa görə məsuliyyət daşıyır.
4.1. Elektron Reyestrin aparılması üçün xidməti həyata keçirən xidmət təminatçıları ilə qarşılıqlı informasiya mübadiləsi informasiya sisteminin istifadəçi interfeysi vasitəsilə təmin edilir.
4.2. Xidmət təminatçısı tərəfindən göstərilən xidmət Elektron Reyestrə daxil edilməsi üçün aşağıdakı tələblərə (meyarlara) cavab verməlidir:
4.2.1. xidmət istifadəçisinin müraciəti əsasında həyata keçirilməli;
4.2.2. xidmət təminatçısının vəzifələrini həyata keçirməyə yönəldilməli;
4.2.3. xidmət istifadəçisinin hüquqlarının həyata keçirilməsinə yönəldilməli və ya ona maddi və qeyri-maddi nemətlər verilməklə müvafiq hüquqi nəticənin yaranmasına səbəb olmalıdır.
4.3. Elektron Reyestrin elektron anketlərinin doldurulması Reyestrin operatorunun metodiki tövsiyələrinə uyğun həyata keçirilir.
4.4. Elektron Reyestrin elektron anketlərinin metodiki tövsiyələrə uyğun doldurulması avtomatlaşdırılmış formal məntiqi yoxlama sistemi vasitəsilə təmin edilir.
4.5. Elektron Reyestrə xidmətlər barədə məlumatların daxil edilməsi üçün xidməti həyata keçirən xidmət təminatçısı:
4.5.1. Elektron Reyestrin elektron anketlərinin doldurulması üçün məsul şəxs (bundan sonra – məsul şəxs) təyin edir;
4.5.2. məsul şəxs vasitəsilə bu Qaydaların 2.3-cü və 2.5-ci bəndlərinə uyğun olaraq xidmətlər barədə məlumatları elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edərək Elektron Reyestrə göndərir;
4.5.3. Elektron Reyestrə daxil edilmiş məlumatların tamlığını və düzgünlüyünü mütəmadi yoxlayır;
4.5.4. Elektron Reyestrin operatorundan bildirişi aldıqdan 7 (yeddi) iş günü müddətində aşkar edilmiş çatışmazlıqları aradan qaldırır və məlumatları yenidən Elektron Reyestrin operatoruna göndərir;
4.5.5. 7 (yeddi) iş günü müddətində Elektron Reyestrin operatoruna Elektron Reyestrdə olan məlumatlarda dəyişikliklərin edilməsi barədə bildiriş göndərir və ya onların Elektron Reyestrdən çıxarılması (Elektron Reyestrin operatorunun çıxarılma ilə bağlı bildirişi əsasında isə 3 (üç) iş günü müddətində) üçün müraciət edir;
4.5.6. yeni xidməti müəyyən edən normativ hüquqi aktın qüvvəyə mindiyi tarixdən 30 (otuz) iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamentini Elektron Reyestrə daxil edilməsi üçün təqdim edir;
4.5.7. göstərdiyi xidmətlərlə bağlı müraciətləri (təklif və şikayətləri) Elektron Reyestr vasitəsilə qəbul edir və cavablandırır;
4.5.8. göstərdiyi xidmətlərin Reyestrin operatoru tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi zamanı yerində baxışın və rəy sorğularının keçirilməsinə zəruri şərait yaradır, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışları və hesabatları təqdim edir, sorğuları cavablandırır;
4.5.9. Elektron Reyestrin operatorundan Elektron Reyestrdə qeydə alınmış dövlət xidmətləri haqqında məlumatlarda dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 7 (yeddi) iş günü müddətində müvafiq dəyişiklik edərək bu barədə Elektron Reyestrin operatoruna elektron formada bildiriş göndərir.
4.6. Xidmətin göstərilməsində bir neçə xidmət təminatçısı iştirak etdikdə, bu Qaydaların 4.5-ci bəndi ilə müəyyən edilən vəzifələr xidmətin nəticəsini təqdim edən xidmət təminatçısı tərəfindən həyata keçirilir.
4.7. Elektron Reyestrə xidmətlər barədə məlumatların daxil edilməsi üçün Reyestrin operatoru:
4.7.1. 7 (yeddi) iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyünü yoxlayır və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndərir;
4.7.2. yoxlama zamanı çatışmazlıq aşkar edilmədikdə, habelə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məlumatların tamlığı və düzgünlüyünü təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edir;
4.7.4. Elektron Reyestrdə qeydə alınmış dövlət xidmətləri haqqında məlumatların dəyişiklik edilməsi zərurətini aşkar etdikdə xidmət təminatçısına bu barədə 1 (bir) iş günü müddətində elektron formada bildiriş göndərir və bu Qaydaların 4.5.5-ci və 4.5.9-cu yarımbəndlərində qeyd olunan bildirişi aldıqdan sonra Elektron Reyestrdə dəyişiklik edilməsi üçün bu Qaydaların 4.7-ci bəndinə uyğun olaraq tədbirlər görür;
4.7.5. xidmət təminatçısının Elektron Reyestrdən çıxarılması barədə müraciəti əsasında 1 (bir) iş günü müddətində xidməti Elektron Reyestrdən çıxarır;
4.7.6. xidmətin Elektron Reyestrdən çıxarılması əsaslarını aşkar etdikdə bu barədə 7 (yeddi) iş günü müddətində xidmət təminatçısına elektron bildiriş göndərir. Xidmət təminatçısı isə xidmətinin Elektron Reyestrdən çıxarılması üçün 3 (üç) iş günü müddətində Reyestrin operatoruna elektron müraciət etdikdə 3 (üç) iş günü müddətində xidməti Elektron Reyestrdən çıxarır. Xidmət təminatçısı tərəfindən xidmətin Elektron Reyestrdən çıxarılması üçün 3 (üç) iş günü müddətində Reyestrin operatoruna elektron müraciət edilmədikdə xidməti Elektron Reyestrdən çıxarır.
4.8. Elektron Reyestrdən məlumatların çıxarılmasına aşağıdakılar əsasdır:
4.8.1. xidmətin həyata keçirilməsi əsaslarını ləğv edən normativ hüquqi aktın qüvvəyə minməsi;
4.8.2. Elektron Reyestrə daxil edilmiş məlumatların normativ hüquqi aktlarda nəzərdə tutulmaması.
4.9. Elektron Reyestrdə məlumatlarda dəyişikliklərin (düzəlişlərin) edilməsi və ya onların çıxarılması bu Qaydaların 4.2-4.8-ci bəndlərinə uyğun olaraq aparılır.
4.10. Ləğv edilmiş xidmətlər haqqında məlumatlar Elektron Reyestrdən çıxarılır və arxivləşdirilir. Elektron Reyestrdə məlumatların arxivləşdirilməsi müvafiq qanunvericiliyə uyğun aparılır.
4.11. Elektron Reyestrin təşkili və idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada qəbul edilməsi, toplanılması, işlənilməsi, arxivləşdirilməsi və mühafizəsinin aparılması xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
4.12. Elektron Reyestrin mövcud informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onun aktual ehtiyat nüsxəsinin mövcudluğu və saxlanılması təmin edilir.
4.13. Xidmət təminatçısı olan qurumun ləğv edilməsi halında xidmətin həyata keçirilmə səlahiyyəti digər xidmət təminatçısına verildikdə müvafiq xidmətlə bağlı hüquq və vəzifələr bu Qaydaların 4.5-ci və 4.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada həmin xidmət təminatçısı tərəfindən həyata keçirilir.
1. 20 sentyabr 2016-cı il tarixli 350 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 sentyabr 2016-cı il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1577)
2. 9 dekabr 2016-cı il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 dekabr 2016-cı il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2215)
3. 6 avqust 2019-cu il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 avqust 2019-cu il, № 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1451)
4. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)
5. 16 iyun 2026-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyun 2026-cı il, “Xalq” qəzeti, 20 iyun 2026-cı il, № 107)