Qanunvericilik › Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları (Ədliyyə Nazirliyi, 28.04.2008) › Tam mətn

Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları (Ədliyyə Nazirliyi, 28.04.2008)

Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları (Ədliyyə Nazirliyi, 28.04.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra - müavinət) verilməsi qaydalarını müəyyən edir.

1.2. Müavinət xüsusi rütbəsi olan işçiyə (bundan sonra - işçi) müalicə olunması üçün verilir.

1.3. İşçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir.

1.4. Müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir.

1.5. İşçi müavinəti müalicəyə başlayanadək, müalicənin gedişində və ya müalicəni başa çatdırdıqdan sonra ala bilər.

1.6. Bu Qaydalarda nəzərdə tutulan məqsədlər üçün verilən müavinət ədliyyə orqanlarına dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilir.

2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur.

2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir:

2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş;

2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd;

2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi.

2.3. Müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir.

2.4. Müavinətin verilməsi barədə müraciətə komissiyalar tərəfindən qısa müddətdə, daxil olma növbəliyi ilə baxılır.

2.5. Komissiyalar öz qərarların səs çoxluğu ilə qəbul edir və protokol formasında rəsmiləşdirirlər.

2.6. Protokol müvafiq komissiyanın sədri və katibi tərəfindən imzalanır.

2.7. Müavinətin verilməsi məsələsi müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir.

2.8. İşçinin müraciətinə əsasən komissiyanın protokolunun bir nüsxəsi ona təqdim edilir.

2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır.

3.1. Müavinət komissiyaların qərarına əsasən verilir.

3.2. Ədliyyə orqanının maliyyə xidməti komissiyanın protokolunu aldığı gündən 7 iş günü müddətində müavinətin köçürmə yolu ilə ödənilməsini təmin edir.

4.1. Bir təqvim ili ərzində işçiyə müalicə olunması üçün müavinət bir dəfə verilir.

4.2. Müavinət işçiyə müalicənin nəticəsindən asılı olmayaraq verilir. İşçi müavinət verilməsi barədə müraciətə baxılması müddətində vəfat etdikdə müavinət onun ailəsinə ödənilir, ailəsi olmadıqda isə müalicə xərclərinin ödənilməsi üçün istifadə edilir.

4.3. Komissiyaların qərarından müvafiq olaraq, Azərbaycan Respublikasının ədliyyə nazirinə və Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinə şikayət verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver