Qanunvericilik › “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.2008) › Tam mətn

“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.2008)

“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 29 may 2008-ci il

Bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir.

2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir:

2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət;

2.1.2. ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət;

2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət;

2.1.4. ədliyyə orqanlarında stajorluq və sınaq müddəti;

2.1.5. ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət;

2.1.6. məzuniyyət dövrləri;

2.1.7. ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət;

2.1.8. peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət;

2.1.9. ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət;

2.1.10. ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində qulluq stajı.

2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:

2.2.1. hakim vəzifəsində işlədikləri müddət;

2.2.3. digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;

2.2.3-1. digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində qulluq stajı;

2.2.4. 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət;

2.2.5. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunu qüvvəyə minənədək ədliyyə oqranlarına işə qəbul olunmuş şəxslərə münasibətdə - hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin tədris kurslarına cəlb olunduqları dövr;

2.2.6. ədliyyə orqanlarında qulluq edərkən, seçkili orqanlara seçilmiş işçilərin həmin orqanlarda işlədikləri müddət;

2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;

2.2.8. xarici ölkələrin ədliyyə, digər hüquq mühafizə və dövlət hakimiyyəti orqanlarında müvafiq vəzifədə xidmət (qulluq) keçdikləri müddət.

2.3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ədliyyə orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, yaxud Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qərarı əsasında ədliyyə orqanlarına bərpa edilmiş işçilərin ədliyyə orqanlarından xaric olunduqları gündən işə bərpa olunma haqqında əmrin verildiyi günədək olan ədliyyə orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik ədliyyə orqanları işçilərinin tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri qulluq illərinə daxil edilir.

2.5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır.

3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:

- 1 ildən 2 ilə qədər qulluq illərinə görə – 5 faiz;

- 2 ildən 5 ilə qədər qulluq illərinə görə – 10 faiz;

- 5 ildən 10 ilə qədər qulluq illərinə görə – 15 faiz;

- 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz;

- 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz;

- 20 ildən 25 ilə qədər qulluq illərinə görə – 30 faiz;

- 25 ildən 30 ilə qədər qulluq illərinə görə – 40 faiz;

- 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz.

3.2. Müvəqqəti əvəzetmə üzrə iş zamanı əlavə haqq əsas işin vəzifə maaşına və rütbəsinə uyğun hesablanır.

3.3. Təqvim ayı ərzində əlavə haqqın məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır.

Eyni qayda ay ərzində ədliyyə orqanı işçisinin vəzifə maaşının və xüsusi rütbəyə görə əlavələrin dəyişməsi zamanı da tətbiq edilir.

3.4. Əlavə haqq ədliyyə orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınır.

4.1. Qulluq illəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir. Qeyd edilən sənədlər olmadıqda və ya onlarda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əmək haqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülür.

4.2. Əlavə haqq verilməsi üçün qulluq illərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyalar müəyyən edir.

4.3. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının ədliyyə naziri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

4.4. Əlavə haqq ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq ədliyyə orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir.

4.5. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarından Azərbaycan Respublikasının ədliyyə nazirinə və ya məhkəməyə şikayət verilə bilər.

1. 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

2. 30 aprel 2012-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 may 2012-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 4, maddə 400)

3. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 620)

4. 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)

5. 5 avqust 2023-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 13 avqust 2023-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1264)

6. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

7. 3 noyabr 2025-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 noyabr 2025-ci il, “Xalq” qəzeti, 6 noyabr 2025-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1080)

8. 22 dekabr 2025-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 dekabr 2025-ci il, “Xalq” qəzeti, 8 yanvar 2026-cı il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1254)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver