34.1. Penitensiar xidmətdə qulluğa könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu xidmətdə qulluğa yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı və bir qayda olaraq, 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
34.2. Əvvəllər penitensiar xidmətdə qulluq keçmələrinə xitam verilmiş və sonradan qulluğa qəbul edilən şəxslərin, elmi dərəcəsi olan və ya yüksək təcrübəli mütəxəssislərin yaş məhdudiyyətləri bu Qanunun 38.1-ci maddəsi ilə müəyyən edilir.
34.3. Bu Qanunun 34.1-ci və 34.2-ci maddələrində nəzərdə tutulmuş yaş məhdudiyyətləri digər ədliyyə orqanlarından penitensiar xidmətə keçirilmiş şəxslərə şamil edilmir.
34.4. Penitensiar xidmətin sıravi və kiçik rəis heyəti vəzifələrində qulluğa ən azı tam orta və orta ixtisas təhsilli, orta və böyük rəis heyəti vəzifələrinə isə yalnız ali təhsilli şəxslər qəbul edilirlər.
34.5. Penitensiar xidmətdə qulluğa qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlıq vəziyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır.
34.6. Penitensiar xidmətə qulluğa qəbul edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ədliyyə orqanlarının təhsil müəssisələrində ilkin hazırlıq keçməlidirlər.