4.1. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ vardır.
4.2. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edilə bilməzlər.
4.3. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər.
4.4. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər.
4.5 Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır.
4.6. Ədliyyə orqanlarına qulluğa qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin qulluğa qəbul olunmaması və ya qulluq keçməsinə xitam verilməsi üçün əsasdır.
4.7. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibədən keçirlər. Böyük (baş ədliyyə müşaviri, ədliyyə polkovniki və tibb xidməti polkovniki istisna olmaqla) və orta xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər, bir qayda olaraq, müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Ali hüquq təhsili tələb olunmayan böyük və orta xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə, həmçinin sıravi və kiçik rəis heyəti vəzifələrinə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müsabiqənin və müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədən keçmiş namizədlər müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilirlər.
4.8. Dövlət notariusu və dövlət icra məmuru vəzifələrinə, tədris və məhkəmə ekspertizası idarələrinə qəbul qaydaları müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
4.9. Ədliyyə orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.
4.10. Penitensiar xidmətə qulluğa qəbulun xüsusiyyətləri bu Qanunun 34-cü maddəsi ilə müəyyən edilir.