"Əfvetmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndində göstərilən səlahiyyətlərinin yeni cinayət qanunvericiliyi əsasında həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının fəaliyyətini və əfvetmə prosedurunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Əfvetmə haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2001-ci il
1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, bu Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
2. Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
3. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə:
3.1. məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;
3.2. məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;
3.3. məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
4. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
5. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı müvafiq dövlət orqanları tərəfindən sərəncamda göstərilən müddəaların mütləq qaydada icra edilməsi üçün hüquqi əsasdır.
6. Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.
II. Əfvetmə barədə müracİət
7. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.
8. Əfvetmə barədə müraciət, bir qayda olaraq, aşağıdakı müddətlərdə verilə bilər:
8.1. islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;
8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
8.4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
8.5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
9. Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
9.1. məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
9.2. məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
9.3. məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
9.4. məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
9.5. məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
9.6. törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.
10. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxsin müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verildikdə, onun soyadı, adı, atasının adı, iş yeri və ya yaşadığı yer göstərilməlidir.
11. Əfvetmə barədə müraciət onu vermiş məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və yaxud qanuni nümayəndəsi tərəfindən imzalanmalıdır. Müdafiəçi, nümayəndə və ya qanuni nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir.
12. Əfvetmə barədə məsələni həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər. Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.
III. Əfvetmə barədə müracİətİn qəbulu və baxılmaq üçün hazırlanması
13. Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektorunda (bundan sonra – Əfv məsələləri sektoru) qeydiyyatdan keçirilir və bu Əsasnamənin 7-11-ci bəndlərində nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.
14. Əfvetmə barədə müraciətin yoxlanılması nəticəsində on gün müddətində Əfv məsələləri sektoru:
14.1. müraciət etmiş şəxs tərəfindən yuxarıda göstərilən tələblərə riayət olunmadığı müəyyən etdikdə, onun müraciətini baxılmamış saxlayır və həmin şəxsə bu barədə yazılı məlumatlar verir (bu halda müraciət etmiş şəxs göstərilən tələblərə riayət etməklə təkrarən əfvetmə barədə müraciət edə bilər);
14.2. müraciətin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının (bundan sonra – Əfv Məsələləri Komissiyası) səlahiyyətlərinə aid olmadığını müəyyən etdikdə, onu müvafiq dövlət orqanlarına aidiyyəti üzrə baxılmaq üçün göndərir;
14.3. müraciət etmiş şəxs tərəfindən bu Əsasnamənin 7-11-ci bəndlərində göstərilən tələblərə riayət olunmasını müəyyən etdikdə, müraciəti bu Əsasnamədə nəzərdə tutulmuş qaydada mahiyyəti üzrə baxılmaq üçün hazırlayır.
15. Əfvetmə barədə məsələ Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dar müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatının vəsatəti əsasında qaldırılmışdırsa, Əfv məsələləri sektoru bu Əsasnamənin 8-10-cu bəndlərində göstərilən halları müvafiq dövlət orqanları, o cümlədən cəzanı icra edən orqan vasitəsi ilə araşdırır və mahiyyəti üzrə baxılması üçün hazırlayır.
16. Əfv məsələləri sektoru müraciətin və ya vəsatətin əsasında əfvetmə barədə məsələyə Əfv Məsələləri Komissiyasında baxılması üçün aşağıdakı hazırlıq işlərini həyata keçirir:
16.1. cəzanı icra edən orqana məhkum olunmuş şəxsin törədilmiş cinayətə, əməyə, təhsilə münasibətini, davranışını, törətdiyi cinayətə görə peşmançılıq çəkməsini, səhhətini, məhkum olunmuş şəxsin əvvəlki məhkumluğunu, onun barəsində amnistiya və əfv aktlarının tətbiq edildiyini, vurulmuş maddi zərərin ödənilməsini əks etdirən arayış və əfvin tətbiq edilməsi məsələsinə baxılması üçün digər zəruri sənədlər verilməsi üçün sorğu göndərir;
16.2. müvafiq dövlət orqanlarına məhkum olunmuş şəxsin əvvəllər məhkum olunması, barəsində amnistiya və ya əfv aktının tətbiq edilməsi, şərti məhkum olunması, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın təxirə salınması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi, məhkumluğunun götürülməsi və ödənilməsi, məhkum olunmuş şəxs barədə hökmün qanuni qüvvəyə minməsi, vurulmuş maddi zərərin ödənilməsi barədə məlumatın, habelə məhkəmələr tərəfindən çıxarılmış hökmlərin və qərarların surətlərinin, zəruri hallarda isə digər əlavə sənədlərin verilməsi üçün sorğu göndərir;
16.3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna əfvetmənin mümkünlüyü barədə əsaslandırılmış rəy verilməsi üçün sorğu göndərir.
17. Sorğu daxil olduğu gündən 15 gün müddətində cəzanı icra edən orqan və digər müvafiq dövlət orqanları bu Əsasnamənin 16.1-ci və 16.2-ci bəndlərində nəzərdə tutulmuş məlumatlara dair lazımi sənədləri Əfv məsələləri sektoruna təqdim edirlər.
18. Sorğu daxil olduğu gündən bir ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu əfvetmənin mümkünlüyü barədə rəylərini Əfv məsələləri sektoruna təqdim edirlər.
19. Əfv məsələləri sektoru daxil olmuş sənədləri və rəyləri ümumiləşdirir və məhkum olunmuş şəxsin əfv edilməsi məsələsinə dair ümumi arayış tərtib edir.
20. Əfv məsələləri sektoru məhkum olunmuş şəxs barədə tərtib etdiyi ümumi arayışda aşağıdakıları göstərir:
20.1. şəxsin soyadını, adını, atasının adını;
20.2. şəxsin doğulduğu ili, ayı, günü və yeri;
20.3. şəxsin vətəndaşlığı və milliyyətini;
20.4. məhkumluqdan əvvəl şəxsin məşğuliyyətini, ailə vəziyyətini, səhhətini və şəxsiyyəti barədə digər zəruri məlumatları;
20.5. şəxsin əvvəlki məhkumluğu, onun barəsində amnistiya və əfv aktlarının tətbiq edilməsi, şərti məhkum olunması, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın tarixə salınması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi, məhkumluğunun götürülməsi və ödənilməsi barədə məlumatları;
20.6. şəxs barədə hökmü çıxarmış məhkəmənin adını və hökmün çıxarıldığı tarixi, hökmün qanun qüvvəyə minməsi barədə məlumatları;
20.7. şəxs barədə çıxarılmış hökmün nəticəvi hissəsini;
20.8. cinayət qanununun hansı maddəsi ilə məhkum olunmasını, şəxsə təyin olunmuş cəzanın növünü və cəzanın həddi barədə məlumatları;
20.9. törədilmiş cinayət üzrə vurulmuş maddi zərərin ödənilməsi barədə məlumatı;
20.10. şəxsin əfv edilməsi haqqında müraciətin və ya vəsatətin kimin tərəfindən verilməsi barədə məlumatı;
20.11. məhkum olunmuş şəxsin cəza çəkdiyi yer haqqında məlumatı;
20.12. cəzaçəkmə müəssisələrində rejim qaydalarına riayət etməsi, əməyə, təhsilə münasibəti, davranışı barədə məlumatları;
20.13. məhkum olunmuş şəxsin cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar barədə məlumatları;
20.14. cəzaçəkmə müddətinin başlanğıcı və çəkilməmiş hissəsi barədə məlumatı;
20.15. şəxsin əfv edilməsi barədə əvvəlki müraciətlərə baxılması barədə məlumatı;
20.16. məhkum olunmuş şəxsin törədilmiş əməldən peşmançılıq çəkib-çəkməməsi barədə məlumatı;
20.17. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun əfvetmənin mümkünlüyü barədə rəylərinin nəticəvi hissəsini;
20.18. digər zəruri məlumatları.
21. Əfv məsələləri sektoru müraciət və ya vəsatət daxil olduğu gündən üç ay müddətində tərtib etdiyi əfvetmə barədə məsələ üzrə toplanmış sənədləri və ümumi arayışı mahiyyəti üzrə baxılmaq üçün Əfv Məsələləri Komissiyasına göndərir.
22. Əfv məsələləri sektoru həmçinin əfv edilən şəxslərin uçotunu aparır, əfvin tətbiq edilməsi təcrübəsini ümumiləşdirir, əfvetmə məsələləri üzrə vətəndaşları qəbul edir, baxılan materiallar haqqında statistik hesabatları tərtib edir, arxiv işini aparır. Azərbaycan Respublikası Prezidentinin əfv etdiyi şəxslər barəsində hökmlər kassasiya, əlavə kassasiya, yeni açılmış hallara görə ləğv edildikdə və ya dəyişdirildikdə, Əfv məsələləri sektoru çıxarılmış qərarlar haqqında məhkəmələrdən məlumat alır.
IV. Əfvetmə barədə müracİətə baxılması və müvafİq qərarın qəbul edİlməsİ
23. Əfvetmə barədə müraciət üzrə toplanmış sənədlər və Əfv məsələləri sektorunun ümumi arayışı Əfv Məsələləri Komissiyasına daxil olduqdan sonra Əfv Məsələləri Komissiyasının katibi:
23.1. əfvetmə barədə müraciəti və ya vəsatəti kompüter məlumat bankına daxil edir;
23.2. Əfv Məsələləri Komissiyasının iclasının gündəliyinin layihəsini hazırlayır, Əfv Məsələləri Komissiyasının sədrinə iclasın keçirilməsinin tarixi və gündəliyi barədə təkliflər verir və iclasa çıxarılan məsələlər üzrə sənədləri təqdim edir;
23.3. Əfv Məsələləri Komissiyasının hər bir üzvü Komissiyanın iclasına çıxarılan məsələlər üzrə müvafiq sənədləri hazırlayır və onları iclasdan 3 gün əvvəl Komissiya üzvlərinə təqdim edir;
23.4. Əfv Məsələləri Komissiyasının iclasında baxılan məsələlər barədə məlumat verir və Komissiya üzvlərinin suallarına cavab verir;
23.5. Əfv Məsələləri Komissiyasının iclasının protokolunun tərtib edilməsini təmin edir;
23.6. Əfv Məsələləri Komissiyasının məhkum olunmuş şəxslərin əfv edilməsinə dair məsələlər üzrə gəldiyi nəticədən asılı olaraq Komissiyanın protokolunda müvafiq qərarın əks etdirilməsini təmin edir;
23.7. Əfv Məsələləri Komissiyası sədrinin tapşırıqlarının icrasını təmin edir.
24. Əfv Məsələləri Komissiyasının sədri:
24.1. əfvetmə barədə məsələ ilə bağlı Əfv Məsələləri Komissiyasına daxil olan müraciətləri və vəsaitləri öyrənir, Komissiyanın iclasını çağırır, onun keçirilmə tarixini və gündəliyini müəyyən edir;
24.2. Əfv Məsələləri Komissiyasının iclasına sədrlik edir, iclasda əfvetmə barədə məsələlərə hərtərəfli, tam və obyektiv baxılmasını təmin edir;
24.3. Əfv Məsələləri Komissiyasının iclasının protokolunu imzalayır (Komissiyanın üzvləri imzaladıqdan sonra);
24.4. Əfv Məsələləri Komissiyasının iclasından sonra əfvetmə barədə baxılmış müraciətləri və Komissiyanın tövsiyələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
25. Əfv Məsələləri Komissiyasının iclası onun üzvlərinin azı on üç nəfəri iştirak etdiyi halda keçirilir.
26. Əfv Məsələləri Komissiyasının iclasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru və dəvət olunan digər şəxslər iştirak edə bilərlər.
27. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Məsələləri Komissiyasının qərarları Komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.
28. Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı halları nəzərə alır:
28.1. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini;
28.2. məhkumun şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğunu, ailə vəziyyətini, səhhətini, yaşına;
28.3. cəza çəkdiyi müddətdə məhkum olunmuş şəxsin cəzanı icra edən orqana münasibətini, davranışını, əməyi, təhsilə və törətdiyi cinayətə münasibətini.
29. Məhkum olunmuş şəxsin əməllərində cinayətlərin xüsusi təhlükəli residivi olduqda, əvvəllər barəsində amnistiya, əfvetmə tətbiq edildikdə, şərti məhkum olunmuş şəxs sınaq müddəti ərzində, cəzaçəkmənin təxirə salındığı müddətdə, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə, məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, xəstəliyə görə cəzanı çəkməkdən azad edildikdə yenidən qəsdən cinayət törətdiyinə görə məhkum olunarsa, bu şəxsin əfv olunması müstəsna hallarda tövsiyə edilə bilər.
30. Əfv Məsələləri Komissiyası insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və kollegiallıq prinsiplərini rəhbər tutaraq aşağıdakı qərarlardan birini qəbul edir:
30.1. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması barədə;
30.2. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunmaması barədə.
31. Əfv Məsələləri Komissiyasının iclasında baxılan məsələlərə dair əlavə yoxlama zərurəti yarandıqda, məsələnin baxılması təxirə salına bilər.
32. Əfv Məsələləri Komissiyasının məhkum olunmuş şəxslərin əfv edilməsi barədə qəbul etdiyi qərarlar Komissiya iclasının protokolunda rəsmiləşdirilir və Komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın üzvünün əfvetmə barədə xüsusi rəyi olduqda, həmin rəy yazılı surətdə Komissiyanın üzvü tərəfindən imzalanır və protokola əlavə olunur.
33. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
34. Azərbaycan Respublikası Prezidenti tərəfindən əfv olunmuş şəxslərin reabilitasiyası məqsədi ilə müvafiq dövlət orqanlarına tapşırıqlar verilə bilər (sağlamlığın bərpası, təhsilin davamı, ictimai faydalı əməyə cəlb olunması və sair).
V. Əfvetmə barədə qərarın İcrası
35. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasını təmin etmək məqsədi ilə Əfv məsələləri sektoru aşağıdakı tədbirləri həyata keçirir;
35.1. əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının cəzanı icra edən orqana göndərir;
35.2. əfvetmə barədə məsələnin baxılmasının nəticəsinə dair məlumatı müraciət etmiş şəxsə göndərir;
35.3. əfvetmə barədə qəbul olunmuş qərar haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər müvafiq dövlət orqanlarına məlumat verir;
35.4. əfv olunmuş şəxslər barədə məlumatı kompüter məlumat bankına daxil edir.
36. Cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının təxirə salınmadan icra etməli və bu barədə Əfv məsələləri sektoruna yeddi gün müddətində yazılı məlumat verməlidir.
37. Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir il keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
38. Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı mətbuatda dərc olunur.
1. 17 iyul 2003-cü il tarixli 884 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 06, maddə 290)
2. 26 yanvar 2010-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 yanvar 2010-cu il, № 22 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1 maddə 8)
3. 14 oktyabr 2011-ci il tarixli 506 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 oktyabr 2011-ci il, № 228; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10 maddə 890)
4. 19 aprel 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 681)
5. 17 fevral 2025-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 fevral 2025-ci il, “Xalq” qəzeti, 18 fevral 2025-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 125)