Bu Qanunda istifadə olunan əsas anlayışlar:
radioaktiv maddə — kənar (xarici) təsir olmadan atom nüvəsinin çevrilməsi nəticəsində ionlaşdırıcı şüa buraxan izotoplar (atomlar);
ionlaşdırıcı şüalanma — radioaktiv çevrilmələr və nüvə parçalanması zamanı ətraf mühitlə qarşılıqlı təsir nəticəsində maddədə müxtəlif işarəli ionlar yarada bilən şüalar;
radioaktiv maddələrin aktivliyi — radioaktiv maddənin nüvə parçalanma sürətini xarakterizə edən, vahid zamanda baş verən parçalanmaların sayı, vahidi — Bekkereldir (BK), küridir (Kü);
zivert (zv) — Ekvivalent dozanın güc vahidi olub, 1 kq maddənin 1 saniyədə udduğu enerji;
rentgen — rentgen və qamma-şüalarının şüalanma doza vahidi olub, normal şəraitdə 1 kub sm havada yaratdığı elektrik yükünün miqdarı;
radioaktivliyə nəzarət — radiasiya təhlükəsizliyi, radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələrinə aid əsas sanitariya qaydaları və normalarına riayət olunması;
əhalinin radiasiya təhlükəsizliyi (bundan sonra radiasiya təhlükəsizliyi) — indiki və gələcək nəsillərin sağlamlığının ionlaşdırıcı şüalanmaların zərərli təsirindən qorunması;
təbii radiasiya fonu — kosmik şüalanmaların və təbii radionuklidlərin torpaqda, suda, havada, biosferin digər elementlərində, qida maddələrində, habelə insan orqanizmində təbii yaratdığı şüalanma dozası;
texnogen dəyişdirilmiş radiasiya fonu — insan fəaliyyəti nəticəsində təbii radiasiya fonunun dəyişdirilməsi;
yol verilən doza — insan orqanizminin və onun ayrı-ayrı orqanlarının radiohəssaslığını nəzərə almaqla şüalanmanın gələcəkdə orqanizmdə mənfi nəticələr törətməsi ehtimalının inkar olunmasını təsdiqləyən təqvim ili ərzində ionlaşdırıcı şüalanmanın dozası;
sanitar-mühafizə zonası — ionlaşdırıcı şüalanma mənbəyi ətrafında mənbənin normal istismarı şəraitində əhalinin effektiv (normal) şüalanma normasından yüksək dozalı ərazi;
müşahidə zonası — sanitar-mühafizə zonasının hüdudları xaricində radiasiya nəzarəti aparılan ərazi;
işçi — bilavasitə ionlaşdırıcı şüa mənbələri ilə daimi və ya müvəqqəti işləyən şəxs;
radiasiya qəzası — texniki qurğuların nasazlığı, işçilərin (personalın) səhvi, təbii fəlakətlər və digər səbəblərdən ionlaşdırıcı şüa mənbələri üzərində idarəetmənin itirilməsi nəticəsində insanların müəyyən olunmuş normadan artıq şüalanmasına və ya ətraf mühitin radioaktiv çirklənməsinə gətirən qəzalar.