İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər:
radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb həyata keçirilməsi;
ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması;
radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi;
işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;
istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin attestasiyasının keçirilməsi;
işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən keçirilməsi;
işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi;
radiasiya təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanlarına radiasiya təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata keçirilməsinin təmin edilməsi;
radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi.