Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər. Radiasiya qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından 10 dəfədən artıq ola bilməz.
Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilir.
Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir.