Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır.

Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir.

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır.

Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır.

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir.

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır.

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.

Uşaqların icbari dispanserizasiyası tədbirləri “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver