Yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə işə götürənin vəsaiti hesabına məcburi dövri tibbi müayinədən keçirlər.
Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədi ilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.
Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.