Qanunvericilik › “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 26.12.2017) › Tam mətn

“Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 26.12.2017)

“Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 26.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 oktyabr tarixli 2379 nömrəli Sərəncamının 1.3-cü bəndinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 2.1.3-cü yarımbəndini və 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. “Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1998-ci il 27 avqust tarixində 121 nömrə ilə dövlət qeydiyyatına alınmış 1997-ci il 19 avqust tarixli 19-5 nömrəli qərarı ləğv edilsin.

3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

4. Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il 28 fevral tarixli 11/7-32 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir.

1.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi məqsədilə hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür:

1.2.1. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış və hərbi tibbi sənədləri olan şəxslər;

1.2.2. həqiqi hərbi xidmətdən xəstəliyə (səhhətinə) görə buraxılmış, lakin hərbi tibbi sənədləri olmayan şəxslər;

1.2.3. həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci və 42-ci maddələrində müəyyən edilmiş digər əsaslara görə buraxılmış hərbi tibbi sənədləri olan və ya hərbi tibbi sənədləri olmayan şəxslər.

1.3. Bu Təlimat Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət keçmiş xüsusi rütbəli şəxslərə də şamil edilir.

2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir:

2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik;

2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik;

2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik;

2.1.5. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik;

2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik.

2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir:

2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu:

2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;

2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa;

2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;

2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa;

2.4. "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir:

2.4.1. 2.2-ci bənddə göstərilənlər istisna olmaqla, xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa;

2.4.2. şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, I-II qrup patogenikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa;

2.4.3. şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa;

2.4.4. tibbi heyətdən olan şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa;

2.4.5. şəxs xəsarəti, xəstəliyi hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa;

2.4.6. şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa.

2.5. "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir:

2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə;

2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə;

2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa;

2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

2.6. "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir:

2.6.1. şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa;

2.6.2. şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa.

2.7. "Ümumi xəstəliklə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir:

2.7.1. şəxs xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa;

2.7.2. şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə;

2.7.3. şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas yoxdursa.

2.8. Bu Təlimatın 2.2-ci və 2.4-cü bəndlərində göstərilmiş əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının (bundan sonra –HHK) qərarında müvafiq olaraq "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır", "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" rəylərindən biri şəklində verildikdə müəyyən edilir.

2.9. Bu Təlimatın 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərində göstərilən əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarına uyğun olaraq müəyyən edilir.

2.10. Xəsarətin alınma şəraiti və səbəbi ştatlı HHK tərəfindən təsdiq edilmiş xəstəlik haqqında şəhadətnamədə və ya xəsarətin və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinə dair qərarında, yaxud ştatdankənar HHK arayışında göstərilməlidir.

3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir.

3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir.

3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür:

3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir);

3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir;

3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı.

3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir.

3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Agentlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir:

3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.

3.6. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulardan başqa, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslər buraxıldıqdan sonrakı ilk uç ay ərzində onlarda xəstəliyin nəticəsində əlillik əlamətləri müşahidə olunarsa, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.

3.7. Hərbi xidmətdən buraxılmış, o cümlədən əsirlikdə olmuş hərbi qulluqçular, hərbi xidmət dövründə HHK-dan keçmədikdə, lakin onlarda bədən zədələnmələrinin aşkar nəticələri (ətrafların olmaması, sümük qüsurları, yaralanmadan sonrakı çapıqlar, yad cisimlərin olması və s.) olduqda, həmin şəxslər, hərbi xidmətdən buraxılma səbəbindən asılı olmayaraq, səbəb əlaqəsinin təyin edilməsi üçün müvafiq ştatlı HHK-na təqdim olunurlar. Müvafiq ştatlı HHK onları məhkəmə-tibbi ekspertizaya göndərir və alınmış rəy əsasında müvafiq qərar qəbul edir.

1. 21 aprel 2020-ci il tarixli 2005000005 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202004210005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 may 2020-ci il)

2. 29 noyabr 2021-ci il tarixli 21050000358 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111290358, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 dekabr 2021-ci il)

3. 18 iyul 2025-ci il tarixli 3-17/3-5-15/2025 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202507183515, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 iyul 2025-ci il)

4. 19 avqust 2026-cı il tarixli 3-17/3-5-17/2026 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202608193517, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver