Qanunvericilik › “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.06.2003) › Tam mətn

“Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.06.2003)

“Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.06.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları”nın və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının tərtib edilməsi Qaydaları” və “Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 2 iyun 2003-cü il

1.1. Bu Qaydalar “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramlarının (bundan sonra – dövlət proqramları) tərtib edilməsi, hazırlanması, qəbul edilməsi və dərc olunması qaydalarını müəyyən edir.

1.2. Dövlət proqramlarının məqsədi ictimaiyyət arasında ekoloji tərbiyə, təbliğat, təhsil və maarifləndirmə üzrə dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

1.3. Dövlət proqramları təhsil və maarifləndirmənin xüsusiyyətlərini nəzərə almaqla ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanılmasına, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və bərpasına dair bütün sahələri, eləcə də bir və ya bir neçə sahəni əhatə edə bilər.

II. Dövlət proqramlarına dair əsas tələblər

2.1. Dövlət proqramları hazırlanarkən ətraf mühitə, ekologiya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə və ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübə əsas götürülür.

2.2. Dövlət proqramlarında hər kəsin təbiətə qayğı və məsuliyyətli münasibət bəsləməsi ruhunda tərbiyə olunması üçün müvafiq müddəalar öz əksini tapmalıdır.

2.3. Dövlət proqramlarının layihələri ictimaiyyətlə müzakirə edilməli və bu müzakirələrdə əhalinin geniş iştirakına şərait yaradılmalıdır.

III. Dövlət proqramlarının hazırlanması

3.1. Dövlət proqramları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi tərəfindən hazırlanır.

3.2. Dövlət proqramlarının hazırlanmasında digər dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları və vətəndaşlar iştirak edə bilərlər.

3.3. Dövlət proqramları hazırlanarkən ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən, o cümlədən qeyri-ənənəvi enerji mənbələrindən səmərəli istifadə, biotexnologiya, ekoloji proseslərin və biosistemlərin riyazi modelləşdirilməsi, ekoloji idarəetmə və s. sahələr üzrə elmi-texniki nailiyyətlərə dair, habelə əhalinin ekoloji təhsili və maarifləndirilməsi istiqamətində estetik zövq və vətəndaş mövqeyinin formalaşmasına, bu sahədə emosional və intellektual həssaslığın tərbiyə olunmasına dair təkliflər nəzərə alınır.

3.4. Dövlət proqramları hazırlanarkən beynəlxalq təcrübədən istifadə olunur.

3.5. Dövlət proqramları “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan Ekoloji Təhsil və Maarifləndirmə üzrə Sahələrarası Komissiyanın rəyi nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Elm və Təhsil nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

IV. Dövlət proqramlarının dərc edilməsi

4.1. Dövlət proqramlarının layihələri ictimaiyyətin müzakirəsinə mediada dərc edilməklə və ya elektron informasiya şəklində verilə bilər.

4.2. Təsdiq olunmuş dövlət proqramları mediada dərc olunur.

1.1. Bu Əsasnamə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 yanvar tarixli 847 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuralarının fəaliyyətini tənzimləyir.

1.2. Ekoloji təhsil və maarifləndirmə üzrə məsləhət şuraları (bundan sonra – məsləhət şurası) ekoloji təhsilin və maarifləndirmənin təşkili və icrası ilə məşğul olan müvafiq hüquqi şəxslərin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nəzdində yaradılır.

1.3. Məsləhət şurası daimi fəaliyyət göstərən məşvərətçi orqandır və öz işini kollegiallıq və aşkarlıq prinsipləri əsasında qəbul etdiyi qərarlara uyğun qurur. Məsləhət şurasının qərarları tövsiyə xarakteri daşıyır.

1.4. Məsləhət şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, təhsil və ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və digər normativ hüquqi aktları, tabe olduqları hüquqi şəxslərin, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarlarını, bu Əsasnaməni rəhbər tutur və Ekoloji Təhsil və Maarifləndirmə üzrə Sahələrarası Komissiyanın tövsiyələrini nəzərə alır.

II. Məsləhət şurasının məqsədi

2.1. Məsləhət şurasının məqsədi aşağıdakılardır:

2.1.1. ekoloji təhsil və maarifləndirmə sahəsində hüquqi və fiziki şəxsləri ekoloji təhsil, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə məsələləri üzrə məlumatlandırmaq, onlara elmi-metodiki məsləhətlər vermək;

2.1.2. Azərbaycan Respublikasında ekoloji təhsilin və maarifləndirmənin inkişafı məsələlərinə dair təkliflər hazırlamaq.

III. Məsləhət şurasının funksiyaları

3.1. Məsləhət şurasının funksiyalarına aşağıdakılar daxildir:

3.1.1. Azərbaycan Respublikasında ekoloji təhsil və maarifləndirmə sisteminin davamlı inkişafının təmin edilməsi məsələləri üzrə layihələr, tövsiyələr və təkliflər hazırlamaq;

3.1.2. istehsalat və digər fəaliyyət sahələri mütəxəssislərinin (pedaqoji kadrların, rəhbər kadrların, dövlət qulluqçularının, ictimai birliklərin nümayəndələrinin və s.) ekoloji hazırlığı, ekoloji təhsilin vəziyyətinin təhlili və qiymətləndirilməsi, monitorinqinin təşkili üzrə təkliflər vermək;

3.1.3. müvafiq dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında ekoloji təhsil və maarifləndirmənin inkişafı ilə bağlı proqramlara dair təkliflər vermək;

3.1.4. Azərbaycan Respublikasında əhalinin ekoloji təhsili və maarifləndirilməsi, mütəxəssislərin ekoloji hazırlığının inkişafı üzrə konkret tədbirlərin həyata keçirilməsində iştirak etmək.

IV. Məsləhət şurasının işinin təşkili

4.1. Məsləhət şurasının Əsasnaməsi və 3 üzvdən az olmayan tərkibi onu yaradan orqanın qərarı ilə təsdiq edilir. Məsləhət şurasının tərkibində dəyişikliklər məsləhət şurası sədrinin təqdimatı əsasında onu yaradan orqanın qərarı ilə həyata keçirilir.

4.2. Məsləhət şurasının iclasları, bir qayda olaraq ildə iki dəfədən az olmayaraq keçirilir. Əlavə iclaslar məsləhət şurası sədrinin və yaxud üzvlərinin üçdə birinin tələbi ilə çağırıla bilər.

4.3. Məsləhət şurasının iclaslarında və onun cari işində ayrı-ayrı nazirliklərin və dövlət komitələrinin, müəssisə, idarə və təşkilatların mütəxəssisləri aidiyyəti üzrə iştirak edə bilərlər.

4.4. Məsləhət şurasının qərarları onun iclaslarında, məsləhət şurası üzvlərinin yarısından çoxunun səsvermədə iştirak etməsi şərtilə üçdə iki səs çoxluğu ilə qəbul edilir.

4.5. Məsləhət şurasının iclasları məsləhət şurası sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir.

1. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

2. 13 sentyabr 2023-cü il tarixli 324 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 16 sentyabr 2023-cü il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1345)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver