10.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.
10.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir:
10.2.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il;
10.2.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il;
10.2.3. yem bitkiləri və otlaqlar üçün - 2 il;
10.2.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il;
10.2.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə;
10.2.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay;
10.2.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10 həftə;
10.2.8. arı ailələri üçün - 1 il.
10.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır.
10.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.
10.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.
10.6. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsal qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.