20.1. İmza sahibi aşağıdakı hüquqlara malikdir:
20.1.1. Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq;
20.1.2. barəsində Mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq;
20.1.3. sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə qərarlar, həmçinin Mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək.
20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır.
20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.
20.4. İmza sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir.
20.5. İmza sahibi müqavilə bağlamaq üçün Mərkəzlərə müraciət edərkən təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.
20.6. Bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.