33.1. Elektron imzanın tətbiqi və istifadəsi proseslərinin, sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi və ona nəzarət edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
33.2. Müvafiq icra hakimiyyəti orqanları elektron imzanın istifadəsinin tənzimlənməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirirlər:
33.2.1. imzanın yaradılma və yoxlanılma qaydalarını müəyyən edir;
33.2.2. elektron imza və elektron sənəddən istifadə qaydalarını hazırlayır;
33.2.3. sertifikatın verilməsi və reyestrin aparılma qaydalarını hazırlayır, ona daxil edilən məlumatların tərkibini və digər məlumatların siyahısını müəyyən edir;
33.2.4. elektron imza, imza vasitələri və elektron sənəd dövriyyəsi vasitələrinə aid tələbləri və standartları hazırlayır;
33.2.5. Mərkəzlərin, Vasitəçilərin qeydə alınması və fəaliyyətinin təşkili ilə əlaqədar tələbləri və qaydaları müəyyən edir;
33.2.6. Mərkəzləri, Vasitəçiləri qeydiyyatdan keçirir və qeydiyyatı ləğv edir;
33.2.7. Mərkəzin akkreditə edilməsi qaydasını müəyyənləşdirir;
33.2.8. Mərkəzlərin, o cümlədən xarici sertifikat xidmətləri mərkəzlərinin Azərbaycan Respublikasında akkreditəsini və akkreditənin ləğv edilməsini həyata keçirir;
33.2.9. qeydiyyatdan keçmiş Mərkəzlərin və onlara verilmiş təkmil sertifikatların reyestrini aparır;
33.2.10. Mərkəzlərin, o cümlədən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş xarici Mərkəzlərin siyahısının ictimaiyyətə çatdırılmasını təmin edir;
33.2.11. sertifikat xidmətlərinin göstərilməsi üzrə ümumi qayda və tələbləri, tövsiyələri hazırlayır, məsləhətlər verir;
33.2.12. imzaların istifadəsi ilə əlaqədar məsələlər üzrə xarici təşkilatlarla əlaqələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həyata keçirir;
33.2.13. qeydiyyatdan keçmiş Mərkəzlərə verilmiş sertifikatlar barədə sorğulara cavab verir;
33.2.14. informasiya sistemlərinin ekspertizası qaydasını müəyyən edir.
33.3. Müvafiq icra hakimiyyəti orqanları sertifikat xidmətləri Mərkəzlərinin fəaliyyətinə nəzarət sahəsində aşağıdakı hüquqlara malikdir:
33.3.1. Mərkəzlərdən fəaliyyətləri barədə məlumat almaq;
33.3.2. Mərkəzlər barədə məlumatları dəqiqləşdirmək, zəruri hallarda onların fəaliyyəti ilə bilavasitə tanış olmaq;
33.3.3. Mərkəzlərin texniki təhlükəsizlik və sertifikatlaşdırma qaydalarına əməl etməsinin monitorinqini keçirmək;
33.3.4. Mərkəzlərin fəaliyyətində qanun pozuntuları aşkar edildikdə onların barəsində bu Qanunda nəzərdə tutulmuş inzibati tədbirlər görmək, onların fəaliyyətinə xitam vermək barədə iddia qaldırmaq.