“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına uyğun olaraq, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə görülən əməliyyatların avtomatlaşdırılması məqsədilə müvafiq beynəlxalq təcrübə nəzərə alınmaqla “Elektron ipoteka” sistemi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı ilə “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” təsdiq edildikdən sonra ipoteka kreditləşməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim edilməsinə nail olunmuşdur. Bundan başqa, ipoteka kreditləşməsi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması çərçivəsində “Elektron ipoteka” sistemi “Elektron hökumət” portalına inteqrasiya olunmuş və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilmişdir.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) yaradılması və Fondun Nizamnaməsinə uyğun olaraq Fondun qarşısına yeni vəzifələrin qoyulması “Elektron ipoteka” sisteminin yenilənməsini zəruri edir.
Əhaliyə, o cümlədən sahibkarlara göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, özünəxidmət imkanlarının dəstəklənməsi və genişləndirilməsi, sahibkarlara kreditlərin verilməsi zamanı vətəndaşların texnoloji biliklərinin daha da artırılması və coğrafi yerləşmə amillərinin təsirinin azaldılması, nəhayət, dövlət-vətəndaş və dövlət-sahibkar qarşılıqlı əlaqələrinin effektiv və az məsrəflə idarə edilməsi məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1833; 2017, № 8, maddə 1521) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Elektron ipoteka və kredit zəmanət” sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını və müvafiq dövlət və qeyri-dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etsin.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, Ədliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Dövlət İmtahan Mərkəzinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin fəaliyyətinin təşkili üçün Fonda kömək etsinlər.
7. Fond bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2018-ci il
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarına və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmışdır və “Elektron ipoteka və kredit zəmanət” sisteminin (bundan sonra – elektron sistem) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Elektron sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilir.
1.3. Elektron sistem Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) Nizamnaməsində qeyd edilən vəzifələri üzrə elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadə etməsinə, iştirakçıların elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə informasiya əldə olunmasına xidmət edir.
1.4. Elektron sistemin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru (bundan sonra – Operator) kimi Fond tərəfindən təmin edilir.
1.5. Elektron sistemin saxlanılma, fəaliyyət və inkişaf xərcləri Fondun hesabına və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2.1. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. elektron sistemin iştirakçısı – informasiya sistemləri və ehtiyatları Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş və elektron sistem vasitəsilə informasiya mübadiləsində iştirak edən dövlət və ya qeyri-dövlət qurumu;
2.1.2. ərizəçi – Azərbaycan Respublikasının vətəndaşı olan, ipoteka krediti almaq istəyən və ya satmaq öhdəliyi ilə kirayə müqaviləsinin (bundan sonra – kirayə müqaviləsi) bağlanılması üçün müraciət edən şəxs və ya sahibkarlıq krediti, yaxud manatla emissiya etdiyi istiqrazlar üzrə öhdəliklərinə təminat almaq üçün müraciət edən rezident sahibkar;
2.1.3. elektron sistemin istifadəçisi – ərizəçi, ipoteka və ya sahibkarlıq kreditlərinin verilməsində iştirak edən müvəkkil bank, sığortaçı və ya qiymətləndirici (qiymətləndirici təşkilat), bu Əsasnamənin 8.7-ci bəndinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra – Nazirlik) və bu Əsasnamənin 8.2-1-ci bəndinə münasibətdə Fond;
2.1.4. elektron kabinet – elektron sistemin istifadəçisi tərəfindən müvafiq autentifikasiyadan keçməklə yaradılan, yalnız gücləndirilmiş elektron imza sertifikatı və (və ya) Fond tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, ödənişləri həyata keçirməsini, həmçinin onun sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəsini təmin edən xüsusi fərdi elektron səhifə;
2.1.5. dosye – elektron sistem istifadəçilərinin yaratdığı və ərizəçinin bu Əsasnamə ilə tələb olunan məlumatlarını əks etdirən sənədlər toplusu.
2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar qanunvericilikdə nəzərdə tutulmuş mənaları ifadə edir.
3.1. Elektron sistemin tətbiqinin məqsədi Fondun həyata keçirdiyi xidmətlərə çıxış imkanlarının sadələşdirilməsindən, ərizəçilər üçün bərabər şərait yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir.
3.2. Elektron sistemin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”də müəyyən olunmuş prinsiplər əsasında həyata keçirilir.
4.1. Elektron sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. elektron sistemin proqram-texniki vasitələri;
4.1.2. telekommunikasiya kanalları;
4.1.3. elektron sistemin ehtiyat mərkəzi.
4.2. Elektron sistemin proqram-texniki vasitələri elektron xidmətlər göstərilməsini, istifadəçilərin onlardan istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, elektron sistemin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.
4.3. Elektron sistem onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, o cümlədən elektron informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizə olunan, yüksəkötürücülü fiber-optik əsas və ehtiyat telekommunikasiya xətlərinə malikdir. Elektron sistem mərkəzləşdirilmiş informasiya sistemidir və elektron sistemin məqsədini təmin edən elektron sistemin iştirakçılarının informasiya sistemlərinə və ehtiyatlarına inteqrasiya olunmalıdır.
4.4. Elektron sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə elektron sistemin alternativ ehtiyat mərkəzi yaradılır və elektron sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.
4.5. Elektron sistem oxşar interfeysə malik olan informativ və interaktiv hissələrdən ibarətdir. İnformativ hissə istifadə üçün daim açıqdır və bu Əsasnamənin 6.1.1–6.1.3-1-ci yarımbəndlərində göstərilən məlumatlardan ibarətdir, interaktiv hissə isə bu Əsasnamə ilə müəyyən edilmiş interaktiv xidmətlərdən ibarətdir və onlardan istifadəyə şərait yaradır. Fərdi məlumatların, o cümlədən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların mühafizəsi, habelə elektron sistem vasitəsilə həyata keçirilən əməliyyatların və istifadə olunan elektron xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün interaktiv hissə gücləndirilmiş elektron imza sertifikatı və (və ya) kod-parol ilə daxil olmağa imkan verən müxtəlif autentifikasiya mexanizmləri ilə təchiz olunmalıdır.
5.1. Elektron sistemdə məlumatların işlənilməsi zamanı avtomatlaşdırılmış texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.
5.2. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi elektron sistemin təhlükəsizliyinin vacib elementi olmalıdır.
5.3. Fond məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, qanunsuz müdaxilənin, məlumatların surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etməlidir.
5.4. Elektron sistem üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalı, onlar istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.
6.1. Elektron sistem vasitəsilə aşağıdakılar təmin edilir:
6.1.1. ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların verilməsi, kirayə müqaviləsinin bağlanılması, sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və sahibkarlıq kreditlərinə (bundan sonra – sahibkarların öhdəlikləri) təminatların və faiz subsidiyalarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatın olması;
6.1.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;
6.1.3. hər bir müvəkkil bank üzrə ipoteka kreditinin alınması üçün ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, hər bir qiymətləndiricinin (qiymətləndirici təşkilatın) xidmətləri üzrə xidmət haqqının, habelə ipoteka və sahibkarların öhdəlikləri üzrə təminat verilməsinə görə zəmanət haqqı və komissiyaların məbləğləri barədə məlumatın olması;
6.1.3-1. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə Fondun mülkiyyətində olan yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması, o cümlədən kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;
6.1.4. ərizəçi üçün elektron kabinetin yaradılması;
6.1.5. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxslərin isə Fond tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması;
6.1.6. ərizəçinin müvafiq olaraq Fonda və ya müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsi, qeydiyyata alınması və münasib görüş vaxtının təyin edilməsi;
6.1.7. ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların verilməsi, kirayə müqaviləsinin bağlanılması, habelə sahibkarların öhdəlikləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi üçün tələb olunan və bu Əsasnamənin 6.2-6.3-cü bəndlərində nəzərdə tutulan məlumatların alınması;
6.1.7-1. kirayə müqaviləsinin bağlanılması üçün qeydə alınmış müraciətlərə və kirayə müqaviləsi bağlamaq üçün müraciət edən şəxsin imkanına uyğun olaraq, növbəlilik əsasında yaşayış sahələrini seçmək imkanının yaradılması və seçilmiş yaşayış sahələrini digər şəxslərin seçməsi imkanının məhdudlaşdırılması;
6.1.8. ipoteka kreditləri üzrə annuitet və sığorta ödənişlərinin, kirayə müqaviləsi üzrə aylıq ödənişlərin, habelə Fond tərəfindən təminat ödənişi edilmiş sahibkarların öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməsi imkanının yaradılması;
6.1.9. Fond ilə müvəkkil banklar arasında Fond tərəfindən maliyyələşdirilmiş ipoteka kreditlərinə və təminat verilmiş ipoteka kreditlərinə, habelə təminat verilmiş sahibkarlıq kreditlərinə və faiz subsidiyalarına dair məlumat mübadiləsinin təşkil edilməsi.
6.2. İpoteka kreditləri və ipoteka kreditləri üzrə təminat verilməsi ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:
6.2.1. ipoteka krediti almaq istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
6.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
6.2.3. ipoteka krediti almaq istəyən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
6.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
6.2.5. ipoteka krediti almaq istəyən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
6.2.6. ipoteka krediti almaq istəyən şəxsin kredit bürolarında saxlanılan məlumatları;
6.2.7. ipoteka qoyulan daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatlar;
6.2.8. güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlar;
6.2.9. ipoteka krediti almaq istəyən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar.
6.2-1. Kirayə müqaviləsinin bağlanılması ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:
6.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
6.2-1.2. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
6.2-1.3. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
6.2-1.4. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;
6.2-1.5. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
6.2-1.6. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;
6.2-1.7. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;
6.2-1.8. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;
6.2-1.9. satmaq öhdəliyi ilə kirayəyə veriləcək yaşayış sahələri ilə bağlı ünvan reyestrindən məlumatlar.
6.3. Sahibkarların öhdəlikləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:
6.3.1. sahibkarın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd və nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə üzrə, habelə ailə tərkibi barədə məlumatlar) və VÖEN-i üzrə məlumatlar;
6.3.2. sahibkarın son hesabat ili üzrə vergi bəyannaməsi (və ya bəyannamələri), şəxsi hesab vərəqəsindən çıxarış, vergi borcu barəsində arayış (yeni fəaliyyətə başlayanlar istisna olmaqla), ƏDV ödəyicisi olduqda son 6 ay üzrə ƏDV bəyannamələri üzrə məlumatlar;
6.3.3. sahibkarın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit bürolarında saxlanılan məlumatlar;
6.3.4. sahibkarın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatlar;
6.3.5. sahibkarın hüquqi şəxs olan qanuni təmsilçisi və nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan hüquqi şəxslər barədə dövlət reyestrindən çıxarış üzrə məlumatlar;
6.3.6. təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd üzrə məlumatlar;
6.3.7. sahibkarın (fiziki şəxs olduqda, həmçinin ailə üzvlərinin) maliyyə vəziyyətini əks etdirən sənədlər üzrə, o cümlədən kredit bürolarında saxlanılan, habelə mülkiyyətində olan daşınmaz və daşınar əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər üzrə məlumatlar;
6.3.8. təminat verilməsi üçün müraciət olunan tarixə sahibkarın dövlət büdcəsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, habelə rabitə və kommunal xidmətlər üzrə ödənilməmiş borcu olmadığını təsdiq edən sənədlər üzrə məlumatlar;
6.3.9. məcburi dövlət sosial sığortası üzrə hesabatlarda olan məlumatlar;
6.3.10. sahibkarın (fərdi sahibkarın və ya qanuni təmsilçisinin) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb–məhdudlaşdırılmadığı barədə məlumat;
6.3.11. investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar.
6.4. Sahibkarların öhdəliklərinin icrası ilə bağlı zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərə dair məlumatların elektron sistemə ötürülməsi bu Əsasnamənin 6.3-cü bəndinə uyğun olaraq təmin edilir.
6.5. Bu Əsasnamənin 6.2-6.3-cü bəndlərində qeyd edilən məlumatların elektron sistemə ötürülməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən elektron sistemin aidiyyəti iştirakçılarının informasiya sistemləri və ehtiyatları hesabına təmin edilir.
7.0. Operator elektron sistemin fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
7.0.1. elektron sistemin fəaliyyətini təşkil etmək, onun vasitəsilə iştirakçıların və istifadəçilərin dayanıqlı, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;
7.0.2. elektron sistemə inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunmasını iştirakçılardan tələb etmək;
7.0.3. elektron sistemə inteqrasiya olunacaq informasiya sistemləri və ehtiyatları müəyyən edilmiş texniki tələblərə cavab vermədiyi hallarda, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını iştirakçılardan tələb etmək;
7.0.4. müəyyən edilmiş texniki tələblərə uyğun olmayan informasiya sistemləri və ehtiyatlarının elektron sistemə inteqrasiya olunmasından imtina etmək;
7.0.5. elektron sistemdən istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq və metodiki köməklik göstərmək;
7.0.6. elektron sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;
7.0.7. elektron sistemin iştirakçılarına informasiya sistemləri arasında informasiya mübadiləsinin sistem vasitəsilə həyata keçirilməsi üzrə təkliflər vermək, həmin təkliflər qəbul edildiyi halda onların həyata keçirilməsində iştirak etmək və yerinə yetirilməsinə nəzarət etmək;
7.0.8. elektron sistemə ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını təmin etmək;
7.0.9. elektron sistemin iştirakçıları tərəfindən sistemə ötürülən məlumatların tamlığına, həmin məlumatların sistemə qanunla müəyyən edilmiş qaydada və müddətdə ötürülməsinə nəzarət etmək;
7.0.10. elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə, mülkiyyətçisi dəyişdikdə və ya digər dəyişikliklər olduqda müvafiq tədbirlər görmək;
7.0.11. əsas avadanlıqlarda hər hansı bir qəza (xəta) baş verdiyi halda elektron sistemin iştirakçılarını bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, baş vermiş qəzanın (xətanın) qısa müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, elektron sistemin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;
7.0.12. elektron sistemdən istifadə və sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;
7.0.13. qanunla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların, o cümlədən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların mühafizəsini təşkil etmək.
8.1. İpoteka krediti almaq istəyən şəxslər aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.1.1. elektron kabinet yaratmaq;
8.1.2. ipoteka kreditinin və ipoteka krediti üzrə təminat alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;
8.1.3. kredit almaq imkanını ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;
8.1.4. ipoteka kreditinin verilməsi üçün müvəkkil banka, habelə “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə elektron müraciəti real vaxt rejimində Nazirliyə göndərmək;
8.1.5. ipoteka kreditləri üzrə ödənişləri – annuitet, sığorta haqları və digər ödənişləri elektron formada həyata keçirmək.
8.1-1. Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslər aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.1-1.1. elektron kabinet yaratmaq;
8.1-1.2. kirayə müqaviləsini bağlamaq üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;
8.1-1.3. kirayə müqaviləsi bağlamaq imkanını kirayə kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;
8.1-1.4. Fonda elektron müraciəti real vaxt rejimində göndərmək;
8.1-1.5. kirayə müqaviləsi üzrə ödənişləri elektron formada həyata keçirmək;
8.1-1.6. axtarış sistemi vasitəsilə yaşayış sahələrini bu Əsasnamənin 6.1.3-1-ci yarımbəndində müəyyən edilmiş meyarlara əsasən axtarmaq və imkanına uyğun yaşayış sahəsini seçmək.
8.2. İpoteka kreditləri üzrə müvəkkil banklar aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.2.1. ipoteka krediti almaq istəyən şəxslərin müraciətlərini növbəlik əsasında qeydiyyata almaq;
8.2.2. ipoteka krediti almaq istəyən şəxslə münasib görüş vaxtını təyin etmək;
8.2.3. ipoteka kreditinin və ipoteka krediti üzrə təminatın verilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;
8.2.4. ipoteka krediti almış şəxslərin dosyesini yaratmaq, redaktə etmək, dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;
8.2.5. ipoteka kreditinin verilməsi üçün tələb olunan və bu Əsasnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;
8.2.6. ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi, habelə ipoteka krediti üzrə təminat verilməsi üçün Fonda müraciət etmək və tələb olunan sənədlərin surətlərini Fonda təqdim etmək;
8.2.7. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
8.2-1. Kirayə müqaviləsinin bağlanılması üzrə Fond aşağıdakı istifadə imkanlarına malikdir:
8.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslərin müraciətlərini növbəlilik əsasında qeydiyyata almaq, müraciət edən şəxslə münasib görüş vaxtını təyin etmək;
8.2-1.2. kirayə müqaviləsinin bağlanılması ilə bağlı müvafiq qərar qəbul edildiyi gün bunu müraciət edən şəxsə bildirmək;
8.2-1.3. kirayə müqaviləsi bağlamış şəxslərin dosyesini yaratmaq, redaktə etmək, dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;
8.2-1.4. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə mülkiyyətində olan yaşayış sahələri barədə məlumatı elektron sistemə daxil etmək;
8.2-1.5. kirayə müqaviləsinin bağlanılması üçün tələb olunan və bu Əsasnamənin 6.2-1-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;
8.2-1.6. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
8.3. Sahibkarlar aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.3.1. elektron kabinet yaratmaq;
8.3.2. təminatın və faiz subsidiyasının alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;
8.3.3. müvəkkil banka elektron müraciəti real vaxt rejimində göndərmək;
8.3.4. Fond tərəfindən təminat ödənişi edilmiş sahibkarların öhdəlikləri üzrə ödənişləri elektron formada həyata keçirmək.
8.4. Sahibkarlıq kreditləri üzrə müvəkkil banklar aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.4.1. sahibkarların müraciətlərini növbəlik əsasında qeydiyyata almaq;
8.4.2. sahibkarlarla münasib görüş vaxtını təyin etmək;
8.4.3. sahibkarlıq kreditləri üzrə təminat və faiz subsidiyalarının verilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu sahibkara bildirmək;
8.4.4. sahibkarların dosyesini yaratmaq, redaktə etmək, dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;
8.4.5. sahibkarlıq kreditləri üzrə təminat və faiz subsidiyalarının alınması üçün tələb olunan və bu Əsasnamənin 6.3-cü bəndində nəzərdə tutulmuş məlumatları almaq;
8.4.6. təminatların alınması üçün Fonda müraciət etmək və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” ilə tələb olunan sənədlərin surətlərini Fonda təqdim etmək;
8.4.7. Fond tərəfindən təminatın verilməsinə görə komissiyaların ödənişini elektron formada həyata keçirmək;
8.4.8. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
8.5. Sığortaçılar aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.5.1. ərizəçi üzrə tələb olunan sığorta müqavilələrinə dair məlumatları elektron sistemə daxil etmək;
8.5.2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
8.6. Qiymətləndiricilər (qiymətləndirici təşkilatlar) aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.6.1. təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan daşınmaz və daşınar əşyaların qiymətləndirilməsinin nəticələri haqqında hesabatı elektron sistemdə yerləşdirmək;
8.6.2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
8.7. Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:
8.7.1. maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;
8.7.2. maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;
8.7.3. maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə Fonda və müvəkkil banka məlumat vermək;
8.7.4. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
9.1. Elektron sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmaqla fəaliyyət göstərir.
9.2. Elektron sistemin istifadəçiləri elektron sistemə internet şəbəkəsi və ya müvafiq tələblərə cavab verən digər şəbəkələr vasitəsilə müraciət edə bilərlər və interaktiv xidmətlər əldə etmək üçün müvafiq autentifikasiya keçirlər.
9.3. Müvafiq autentifikasiyadan keçmək üçün istifadəçilər elektron sistemə gücləndirilmiş elektron imza sertifikatı və (və ya) kod-parol ilə daxil olurlar.
9.4. İstifadəçilər elektron sistem vasitəsilə elektron xidmətlərdən qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız özlərinə aid məlumatları əldə etmək və əməliyyatlar həyata keçirmək üçün istifadə edirlər.
9.5. Ərizəçi və Nazirlik istisna olmaqla, elektron sistemin digər istifadəçilərinin (bundan sonra – elektron sistemin digər istifadəçiləri) elektron sistemə qoşulması onların bu Əsasnamənin əlavəsindəki formaya uyğun olaraq Operatora ünvanlandığı ərizə əsasında həyata keçirilir.
9.6. Ərizə Operatora daxil olduqdan sonra, elektron sistemin digər istifadəçisinin elektron sistemə qoşulmasına və təhlükəsizliyin təmin edilməsinə dair texniki imkanları 10 (on) iş günü müddətində Operator tərəfindən yoxlanılır.
9.7. Yoxlamanın nəticəsi müsbət olduqda, Operatorla elektron sistemə qoşulmaq üçün müraciət etmiş digər istifadəçi arasında müqavilə bağlanılır və belə istifadəçinin elektron sistemlə qarşılıqlı fəaliyyəti müəyyən edilmiş texniki tələblər əsasında bağlanan həmin müqavilə ilə tənzimlənir.
9.8. Elektron sistemə qoşulma haqqında müqavilədə aşağıdakılar göstərilməlidir:
9.8.1. elektron sistemin digər istifadəçisinin adı;
9.8.2. elektron sistemin digər istifadəçisinin elektron sistemə qoşulma və illik xidmət haqqı;
9.8.3. elektron sistemin digər istifadəçisinin sistemə ötürdüyü məlumatların siyahısı;
9.8.4. elektron sistemin texniki infrastrukturuna digər istifadəçinin məsul şəxsi haqqında məlumat;
9.8.5. tərəflərin hüquq və vəzifələri;
9.8.6. tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası;
9.8.7. tərəflərin mühüm hesab etdiyi digər müddəalar.
9.9. Elektron sistemin digər istifadəçiləri elektron sistemin test bölməsinə qoşulduqdan və test bölməsində yoxlanıldıqdan sonra, Operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 (yeddi) iş günü müddətində elektron sistemə qoşulması təmin edilir.
9.10. Həmin texniki tələblərə cavab verməyən elektron sistemin digər istifadəçiləri Operatorun əsaslandırılmış tələbinə uyğun olaraq zəruri texniki tədbirlər və təkmilləşdirmələr apardıqdan sonra sistemə qoşulurlar.
9.11. Elektron sistemin digər istifadəçiləri hüquqi varisi olmadan ləğv edildikdə, onlar sistemdən ayrılır. Bu halda Operatorla elektron sistemin digər istifadəçisi arasında 3 (üç) iş günü müddətində qarşılıqlı məlumatlandırma (bildirişin göndərilməsi) həyata keçirilir.
9.12. Elektron sistemin digər istifadəçisi elektron sistemə təqdim etdiyi məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə məsuliyyət daşıyır.
9.13. Elektron sistemin digər istifadəçisi normativ hüquqi aktların tələblərini və ya elektron sistemə qoşulma haqqında müqavilənin şərtlərini pozduqda, yaxud sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, Operator tərəfindən onun sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırılır.
10.1. Elektron sistemin fəaliyyəti ilə əlaqədar tələb olunan məlumatlar elektron sistemə inteqrasiya olunmuş informasiya sistemlərindən və informasiya ehtiyatlarından ödənişsiz şərtlərlə əldə edilir.
10.2. Elektron sistemə inteqrasiya olunmuş dövlət qurumlarının informasiya sistemlərinin və informasiya ehtiyatlarının məlumatlarından istifadə elektron sistemin istifadəçiləri üçün ödənişsiz əsaslarla təşkil edilir.
10.3. Elektron sistem vasitəsilə ipoteka kreditinin və ipoteka kreditləri üzrə təminatların verilməsinə, kirayə müqaviləsinin bağlanılmasına, habelə sahibkarların öhdəlikləri üzrə təminatların və faiz subsidiyalarının verilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlərin həlli Fondun Nizamnaməsində müəyyən edilmiş vəzifələrinin icrasına dair normativ hüquqi aktlar və Fondun daxili qaydaları ilə müəyyən olunur.
1. Sistemin istifadəçisi haqqında məlumat
Yoxlamaya dair məlumat
yoxlamanın aparıldığı tarix
yoxlamanın nəticəsinə dair rəy (müvafiq cavabı qeyd etməli)
Qoşulma üzrə məsul şəxs
İstifadəçinin texniki dəstəyinin təmin olunmasına məsul şəxs
3. Səlahiyyətli vəzifəli şəxs
Soyadı, adı, atasının adı ___________________
Vəzifəsi ________________________
İmzası ______________________
Tarix: “___” ______________ 20 ____il
1. 4 oktyabr 2018-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1991)
2. 10 iyun 2019-cu il tarixli 722 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 iyun 2019-cu il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1014)
3. 23 noyabr 2020-ci il tarixli 1186 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 noyabr 2020-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1355)
4. 2 avqust 2022-ci il tarixli 1782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 avqust 2022-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 842)
5. 24 avqust 2022-ci il tarixli 1831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 25 avqust 2022-ci il, “Xalq” qəzeti 25 avqust 2022-ci il № 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8 maddə 891)
6. 6 iyun 2024-cü il tarixli 88 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 iyun 2024-cü il, “Xalq” qəzeti, 8 iyun 2024-cü il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 654)
7. 7 sentyabr 2024-cü il tarixli 193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 8 sentyabr 2024-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 998)
8. 15 aprel 2025-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 16 aprel 2025-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 333)