1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət;
1.0.2. elektron ticarətin iştirakçıları - elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər;
1.0.3. satıcı (təchizatçı) - malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçısı;
1.0.4. alıcı (sifarişçi) - malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı;
1.0.5. elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra - vasitəçi) elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs;
1.0.6. kommersiya bildirişi - satıcı (təchizatçı) tərəfindən malların yayılmasına, xidmətlərin göstərilməsinə, işlərin görülməsinə və ya onun imicinin formalaşdırılmasına birbaşa, yaxud dolayı yolla xidmət edən məlumat;
1.0.7. POS-terminal – ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün nəzərdə tutulmuş avadanlıq;
1.0.8. kart təşkilatı – kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərən mərkəz (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, filialı və ya digər bölməsi;
1.0.9. elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı.