Qanunvericilik › Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında (Prezidentin fərmanı, 01.06.2016) › Tam mətn

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında (Prezidentin fərmanı, 01.06.2016)

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında (Prezidentin fərmanı, 01.06.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratsın və onun idarə olunmasını təmin etsin;

1.2. “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. “ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

2.1. elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

2.2. elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;

2.3. elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

2.4. elektron vizanın üç iş günü müddətində verilməsi;

2.5. elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

2.6. “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və “ASAN ödəniş” informasiya sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

2.7. elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

3. Müəyyən edilsin ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. “ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etsin;

4.2. vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.3. elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

5. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası:

5.1. “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiyasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə “Sərhədkeçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

7.1. “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

7.2. “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması haqqında məlumatın Agentliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin və Azərbaycan Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə məlumatlandırsın.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2016-cı il

1. 9 fevral 2017-ci il tarixli 1228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2017-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 172)

2. 21 iyun 2017-ci il tarixli 1483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyun 2017-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1099)

3. 29 yanvar 2021-ci il tarixli 1273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 43)

4. 29 dekabr 2023-cü il tarixli 2440 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2023-cü il, “Xalq” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1701)

5. 2 avqust 2024-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2024-cü il, “Xalq” qəzeti, 3 avqust 2024-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 937)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver