Qanunvericilik › Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Bu Qanunda istifadə olunan anlayışlar

Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. Ələt azad iqtisadi zonası – bu Qanuna uyğun olaraq, sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan zona (bundan sonra – Azad Zona);

1.0.2. Azad Zona səlahiyyətli qurumu – bu Qanuna uyğun yaradılan Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurum;

1.0.3. Azad Zona inzibati müəssisələri – developer, mübahisələrin həlli qurumları, Azad Zonada fəaliyyət göstərən hər hansı digər inzibati qurum, habelə Azad Zona səlahiyyətli qurumu tərəfindən təsis olunmuş hüquqi şəxs və ya Azad Zona səlahiyyətli qurumunun tərəfdaş olduğu hər hansı digər hüquqi şəxs;

1.0.4. Azad Zona hüquqi şəxsi – Azad Zona inzibati müəssisələri istisna olmaqla, Azad Zonada Azad Zona qanunvericiliyinə uyğun təsis edilən və fəaliyyət göstərən hər hansı hüquqi şəxs;

1.0.5. Azad Zona ərazisi – Azad Zonanın yaradılması və fəaliyyəti məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi;

1.0.6. Azad Zona qanunvericiliyi – bu Qanun və onun əsasında qəbul edilən daxili qaydalar;

1.0.7. Azad Zona rezidenti – Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallar istisna olmaqla, Azad Zonada sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və orada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxs;

1.0.8. Biznes Xidmətləri Mərkəzi – Azad Zona səlahiyyətli qurumu tərəfindən yaradılan, Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Azad Zona inzibati qurumu;

1.0.9. daxili qaydalar – Azad Zonanın fəaliyyəti ilə bağlı olan münasibətlərin tənzimlənməsi məqsədi ilə Azad Zona səlahiyyətli qurumu tərəfindən qəbul edilən qaydalar;

1.0.10. developer – Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi;

1.0.11. developer ərazisi – Azad Zona səlahiyyətli qurumu tərəfindən developerə ayrılmış Azad Zona ərazisinin bir hissəsi;

1.0.12. ezam olunan heyət – əsas iqtisadiyyatın müvafiq orqanının Azad Zonada müəyyən hüquqları və vəzifələri yerinə yetirmək üçün ezam etdiyi heyət;

1.0.13. əmək qaydaları – Azad Zonada əmək münasibətlərini tənzimləyən daxili qaydalar;

1.0.14. əsas iqtisadiyyat – Azad Zona istisna olmaqla, Azərbaycan Respublikasının digər yurisdiksiyası;

1.0.15. əsas iqtisadiyyat orqanları – Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələri və hüquqi şəxsləri;

1.0.16. əsas iqtisadiyyat qanunvericiliyi – Azərbaycan Respublikasının normativ hüquqi aktları;

1.0.17. əsas kommunal xidmətlər – əsas iqtisadiyyatda su, elektrik, qaz təchizatı, telekommunikasiya xidmətləri və digər əsas kommunal xidmətlər;

1.0.17-1. əsas iqtisadiyyatın vergi ödəyicisi – əsas iqtisadiyyatın qanunvericiliyinə uyğun olaraq yaradılmış və əsas iqtisadiyyatda, eyni zamanda Azad Zonada fəaliyyət göstərən və fəaliyyətinə əsas iqtisadiyyatın qanunvericiliyi tətbiq edilən vergi ödəyicisi;

1.0.18. əsas iqtisadiyyat təchizatçıları – kommunal və digər xidmətlərin göstərilməsinə məsul olan əsas iqtisadiyyatın hüquqi şəxsləri;

1.0.19. İdarə Heyəti – Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinə və idarə edilməsinə məsul olan kollegial orqan;

1.0.20. mübahisələrin həlli qurumları – Azad Zonada mübahisələrə baxılmasını və onların həllini təmin edən qurumlar;

1.0.21. reyestr – hüquqi şəxslərin, maddi və qeyri-maddi əmlakların qeydiyyatı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver