21.1. Azad Zona səlahiyyətli qurumunun və ya Azad Zona inzibati müəssisəsinin müraciətinə əsasən, əsas iqtisadiyyatın müvafiq orqanı Azad Zonada müəyyən hüquqları və vəzifələri yerinə yetirmək üçün öz işçilərindən ibarət heyəti ezam edir.
21.2. Ezam olunan heyətə aşağıdakılar tətbiq olunur:
21.2.1. əsas iqtisadiyyatın müvafiq orqanı ixtisaslı və təcrübəli kadrlar haqqında məlumatları Azad Zona səlahiyyətli qurumuna təqdim edir. Azad Zona səlahiyyətli qurumu həmin kadrlardan ezam olunan heyəti seçir;
21.2.2. ezam olunan heyət əsas iqtisadiyyatın müvafiq orqanının işçisi olaraq qalmaqla həmin orqandan əmək haqqı alır;
21.2.3. Azad Zona səlahiyyətli qurumu və ya müvafiq Azad Zona inzibati müəssisəsi ezam olunan heyətə əlavə ödənişlər edə və ya başqa həvəsləndirici tədbirlər görə bilər;
21.2.4. ezam olunan heyətin hüquq və vəzifələri, həmçinin onlara dair tələblər daxili qaydalar ilə müəyyən edilir. Ezam olunan heyətin fəaliyyəti Azad Zona səlahiyyətli qurumu və ya müvafiq Azad Zona inzibati müəssisəsi tərəfindən idarə edilir.