“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 dekabr 2020-ci il
1.1. Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 10.6-cı maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin abilitasiyası qaydasını müəyyən edir.
1.2. Qanunun 1.0.11-ci maddəsinə əsasən abilitasiya dedikdə, əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirmək, habelə əlilliyi olan şəxsdə olmayan bacarıqların öyrədilməsi yolu ilə sərbəst yaşamaq imkanlarının artırılması nəzərdə tutulur.
1.3. Əlilliyi olan şəxslər üçün abilitasiya tədbirləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir.
2.1. Abilitasiya tədbirlərinin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1. abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi;
2.1.2. abilitasiya tədbirləri üzrə nəticələrin proqnozlaşdırılması;
2.1.3. abilitasiya tədbirlərinin müəyyən edilməsi.
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) abilitasiya tədbirlərinin hazırlanması vaxtı və yeri barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əliliyi olan şəxs abilitasiya tədbirlərinin hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır.
2.3. Abilitasiya tədbirlərinin hazırlanması zamanı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır.
2.4. TSEK tərəfindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə abilitasiya tədbirləri 2 (iki) iş günü müddətində hazırlanır. Hazırlanmış abilitasiya tədbirləri 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir.
2.5. TSEK abilitasiya tədbirlərinin müəyyənləşdirilməsi prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər.
2.6. Müəyyən edilmiş abilitasiya tədbirlərinin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, əlilliyi olan uşaqlara münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən abilitasiya tədbirlərinə yenidən baxılır.
2.7. Əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin müraciəti əsasında abilitasiya tədbirlərinə əlavə və ya dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş müddətdən əvvəl baxılır.
2.8.TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə abilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosialhüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir.
2.9. Abilitasiya tədbirlərinin yerinə yetirilməsi müddəti əlilliyi olan şəxsin sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edilir.
2.10. Hazırlanmış abilitasiya tədbirləri Nazirliyin “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində (bundan sonra – şəxsi kabinet) xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, orqanizmin funksiyalarının pozulması faizi, səbəbi, müddəti, abilitasiya tədbirlərinin təsdiq olunması tarixi, müəyyənləşdirilmiş tədbirlər, onların başlanılması və bitməsi tarixləri, habelə icra vəziyyəti barədə məlumatlar əks olunur.
2.11. Əlilliyi olan şəxs və (və ya) onun qanuni nümayəndəsi TSEK tərəfindən müəyyənləşdirilmiş abilitasiya tədbirləri ilə razı olmadığı təqdirdə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
3.1. Abilitasiya tədbirlərinə dair çıxarış elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda isə kağız daşıyıcıda bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilir.
3.2. Abilitasiya tədbirləri üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda isə kağız daşıyıcıda TSEK-ə təqdim edilir.
3.3. Təkrar əlilliyin müəyyən olunmasından sonra abilitasiya tədbirlərinin hazırlanması zamanı əvvəlki abilitasiya tədbirlərinin effektivliyinin və görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilir.
3.4. Müddəti başa çatmış abilitasiya tədbirlərinin yerinə yetirilməsi barədə hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş məzmunda TSEK tərəfindən tərtib edilir və hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq MEİS üzərindən Agentliyə təqdim edilir.
Özünəqulluq bacarığının öyrədilməsi
Sərbəst hərəkətetmə bacarığının öyrədilməsi
İstiqamət seçmə bacarığının öyrədilməsi
Ünsiyyət bacarığının öyrədilməsi
Davranışına nəzarətetmə bacarığının öyrədilməsi
Öyrənmə (qavrama) bacarığının aşılanması
Əmək fəaliyyəti bacarığının öyrədilməsi
Abilitasiya tədbirlərinin məzmunu ilə razıyam
Tibbi-sosial ekspert komissiyasının sədri
Tibbi-sosial ekspert komissiyasının üzvü
Tibbi-sosial ekspert komissiyasının üzvü
Sərbəst hərəkətetmə bacarığı
İstiqamət seçmə bacarığı
Davranışına nəzarətetmə bacarığı
Öyrənmə (qavrama) bacarığı
Əmək fəaliyyəti bacarığı
*İnsanın həyat fəaliyyətinin əsas kateqoriyalarının hər birinin məhdudlaşma dərəcəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun qiymətləndirilir.
Qeyd. Yuxarıda qeyd olunan qabiliyyət və bacarıqların reallaşdırılması aşağıdakı nəticələr nəzərə alınmaqla qiymətləndirilir:
köməkçi texniki vasitələrdən istifadə edərək;
kənar şəxsin qismən köməyi və zəruri hallarda köməkçi texniki vasitələrdən istifadə edərək;
kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması.
Verilmə tarixi “_____”___________ 20____il
Tibbi-sosial ekspert komissiyasının sədri
Tibbi-sosial ekspert komissiyasının üzvü
Tibbi-sosial ekspert komissiyasının üzvü
1. 23 dekabr 2021-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1536)
2. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)